Aşıq Azərə dəstək üçün xeyriyyə konserti keçirildi - Fotolar

Ağır xəstəlikdən əziyyət çəkən aşıq Azərə kömək məqsədilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xeyriyyə konserti təşkil edilib.

Təşkilatçılığını millət vəkili Qənirə Paşayevanın etdiyi konsertin aparıcısı Əkbər Qoşalı olub. Tədbirdə aşığın sənət dostları, aşıqlar, musiqiçilər, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Xatırladaq ki, mərhum Aşıq Xanların oğlu, 33 yaşlı aşıq Azər 3 ildir, "Hepatit" xəstəliyindən əziyyət çəkir. Onun hər iki ayağında fil xəstəliyi – kəskin şiş var. Bədənində sürətli piylənmə gedən aşıq Azərin artıq qaraciyərində də problemlər yaranıb. Onun xəstəliyinin müalicəsi İsraildə mümkündür və müalicəsi 60 min dollara başa gəlir.

Konserti açıq elan edən aparıcı ilk olaraq, sözü millət vəkili Qənirə Paşayevaya verib. İmkanlı şəxsləri aşığa maddi dəstək olmağa çağıran millət vəkili sənətçinin tezliklə sağalacağına inandığını bildirib: "Aşıq Azər dəyərli qardaşımızdır. O, bir neçə xəstəliyə birdən yaxalansa da, onlarla mübarizədə fəal olmayıb. "Hepatit A və B", ayaqda fil xəstəliyi, qaraciyərin problemləri bir-birinə qarışdığı üçün onun səhhətinə mənfi təsirini göstərir. Onun səhhəti ilə bağlı səhiyyə naziri Oqtay Şıxəliyevlə danışmışdıq, Azər xəstəxanada yatmışdı. Yenə də danışıqlar nəticəsində o, xəstəxanaya yerləşdirilib. İlkin mərhələdə "Hepatit"lə mübarizə istiqamətində müalicəsi gedir. "Hepatit"lə müalicə dərindən getməsə, qaraciyər problemləri aradan qaldırılmasa, digər müalicə və əməliyyatların keçirilməsi mümkünsüzdür. Qaraciyər öz funksiyalarını düzgün istiqamətdə həyata keçirməlidir. O, "Hepatit" xəstəliyindən xilas olandan sonra digər xəstəliklərin müalicəsinə başlanılacaq. Ayağındakı xəstəlik Rusiyada yanlış müalicə olunub. O, mütəmadi olaraq müalicə almalıdır. Bu proses onun sənətçi olaraq fəaliyyətinə də, ailəsinin sosial-maddi durumuna da mənfi təsir göstərir. Bu ailəyə dəstək göstərilməsi ilə bağlı Tovuzun el oğullarına müraciət etmişdik ki, bizə bu yolda dəstək olsunlar və sənətçi qardaşımız mütəmadi müalicəsini ala bilsin. Daha çox insan Azərə yardım etməlidir. Sənət adamlarının aşığa dəstək olmaq üçün konsert verməsi isə bir mədəniyyət, dəyərdir. Azərə dövlət tərəfindən dəstək olunur. İnanırıq ki, imkanı çatan şəxslər, qurumlar, şirkətlər dəyərli sənətçimizə maddi cəhətdən kömək edəcək".

Q.Paşayevanın çıxışından sonra söz nəğməli qonaqlara verilib. İlk olaraq, səhnəyə çıxan əməkdar artist İlqar Muradov "Bu dünyanı nağıl bilək" mahnısını ifa edib.

Əməkdar artist Aşıq Azər haqda fikirlərini də bölüşüb: "Xeyriyyə konsertini təşkil edən millət vəkili Qənirə Paşayeva başda olmaqla, hər kəsə təşəkkür edirəm. Məni də buraya dəvət etdikləri üçün minnətdaram. Azər mənim yaxın dostumdur, gözəl musiqiçidir. Allah ona tezliklə şəfa versin, dualarımız onunladır".

Xalq artisti Gülyanaq Məmmədova xeyirxah şəxsləri aşığa maddi dəstək olmağa çağırıb: "Aşıq Azər bizim dəyərli qardaşımızdır. Dostsevər, sənətsevər insana dəstək olmaq lazımdır. Konsertdə iştirak etməyi özümə borc bildim. Biz oxuyaq ki, bizi sevənlər gəlib, Azərə dəstək olsunlar. Arzu edirəm ki, ona lazım olan məbləğ tezliklə toplansın və Azər müalicə olunub, ayağa qalxsın. Bizim mədəniyyətimizin ona ehtiyacı var".

Aşıq Telli Borçalı bildirib ki, aşığın qısa zamanda sağalıb, ayağa qalxacağına inanır: "Azərin vəziyyətinin ağır olduğunu eşidəndə çox pis oldum. Xeyriyyə konsertində canla-başla iştirak edirəm. Qoyun, bu saz havaları onun ağrılarını azaltsın. İnanıram ki, tezliklə sağalacaq".

Konsert sənət adamlarının bir-birindən gözəl musiqi nömrələri ilə davam edib.

Qeyd edək ki, Aşıq Azər "Bank Respublika"da hesab nömrəsi açdırıb.

Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik:

Bank Respublika kod - 380194401151751001
Şəxsiyyətin seriya nömrəsi - 14040620

Onu da bildiririk ki, bu hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdən ödəniş etmək mümkündür.









Musavat.com