“Məni Polad Bülbüloğlu cəzalandırdı” “Məni Polad Bülbüloğlu cəzalandırdı”

Əməkdar artist: “Məni öldürmək istəyirlər”

“Məni Polad Bülbüloğlu cəzalandırdı”



Müğənni Kəmalə Rəhimlinin AzNews.az-a müsahibəsi

- Uzun zamandır ki, səhnədə yoxsunuz. Bunun səbəbi nədir?

- Kamələ Rəhimli səhnənin qulu olub. Dövlət məni hara dəvət edibsə, oraya getmişəm. Amma sonu? Görün mən nə vəziyyətdəyəm ki, jurnalisti evimə dəvət edə bilmirəm. Nədir ki, evimin, mənim necə yaşadığımı, şəraitsizliyimi görəcələr. Axı mən kimə pis olmuşam? Aybənizdən (Haşımova-red.) başqa heç kəs mənimlə maraqlanmır. 16 ildir canımla döyüşürəm. Bu illər ərzində Mədəniyyət və Turizm Nazirliyi bir dəfə də olsun mənimlə maraqlanmadı. Mən də sakitləşmək üçün ürəyimi mətbuata boşaltdım. Buna görə məni ağır cəzalandırdılar.

- Sizi kim cəzalandırdı?

- Polad Bülbüloğlu... Dedi ki, Kamələ niyə mətbuata çıxıb. Danışdığıma görə, məni nə az, nə çox düz 10 il geri saldılar. Açıqlamalarım Polad Bülbüloğlunun xoşuna gəlmədi.

- Polad Bülbüloğlundan şikayət etmişdiniz?

- Yox, nə şikayət? İş istəyirdim. Dedim ki, mən də bu xalqın nümayəndəsiyəm, mənə teatrların birində iş verin. Amma Polad Bülbüloğlu danışdığıma görə, məndən incidi. Küçədən keçənə verdiyi fəxri adı da mənə çox gördü. Əbülfəs Qarayev gələndən sonra mən ad aldım. Axı mən niyə haqqımı istəməməliyəm? Mənim bu sənətdə, səhnədə əzab-əziyyətim olub. Niyə əzab-əziyyəti olmayanlara hər cürə şərait yaradırlar, ev, ad, işlə təmin edirlər, amma Kəmalə Rəhimliyə gələndə "yox" deyirlər? Niyə, ay rəhbərlər? Mənim qaynanam, rəhmətlik Rəhilə Həsənova 60 il bu sənətin yolunda, sizin xidmətinizdə dayanıb. Niyə bir dəfə də olsun ona tərəf baxmadınız? Biz sizə nə etmişdik? Toylarımı, gəlir mənbəyimizi atıb Sizin arxanızca getmişik. Ona görə? Sizə görə cibimə ziyan vurmuşam. Çünki o vaxtlar mənim gözümdə toy yox idi. Tamaşaçılara, dövlətin keçirdiyi tədbirlərə aldandım. Səmimi deyirəm, bu gün mən tamaşaçı sevgisinə aldanmış bir müğənniyəm. Bir dəfə olsun özümü fikirləşmədim. Başqaları kimi mən də ad-san əldə etməliydim. Mənə elə zərbələr vuruldu ki... İşiğımı söndürdülər. İndi danışıram, inanın mənə buna görə Mədəniyyət və Turizm Nazirliyi yenidən işığımı söndürəcək.

- Nazirliyin sizinlə ədavəti nədir?

- Bunu onlar deməlidir. Yalan deyə bilmərəm. Nazirlik mənimlə bir dəfə də olsun maraqlanmayıb. Nə qədər ki, onlara lazım idim maraqlanırdılar. Deməli, indi lazım deyiləm. Nazirlik indi məni arxivə qoyub. Kamələ Rəhimlini arxivləşdiriblər. Qolum qırılıb, qanadı qırılmış quşam, nə deyə bilərəm. Ağzımızı açmağa peşiman edirlər. Deyirlər ki, gənclərə yer verməliyik, amma bu o demək deyil ki, bizi də unutmalıdırlar. Bəs o, gənclərə sənət haradan, kimlərdən keçib? Bizdən. Bizi diri-diri öldürmək kimə lazımdır? Axı mən də evimdə gənc saxlayıram. Onun məndən savayı kimi var? Gərək, mən başqaları kimi səhnəni deyil, özümü düşünərdim. Vaxtında ailə qurardım, övladım olardı, indi də mənə baxardı. Başım səhnəyə elə qarışdı ki, baxdım vaxt ötüb. Uşaq üzümə baxır, ananın əli heç yerə çatmır. Ruhdan düşür. İki il bundan əvvəl Əbülfəs Qarayevin yanına getdim. Dedim ki, cənab Qarayev, ölürəm, mənə kömək et. Səhhətim pisdir. Dedi ki, "Kamalə xanım narahat olma, çalışaram". Sevindim ki, nazirimdir, yəqin bir şey edəcək. Amma üstündən iki il keçib.

- Nazir vədinə əməl etmədi. Yəni bir kurs müalicənin də xərcini ödəmədi?

- Yox, ortada heç nə yoxdur. 16 ildir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm, müalicə almalıyam. Görün mən nə vəziyyətdəyəm ki, müalicə üçün nazirin yanına getmişəm. Apteklərdən utanıram. Deyirlər, sənə nə olub? Qalıram belə, bütün orqanlarım sıradan çıxıb. İldə ən azı iki dəfə müalicə almalıyam. Qaynanam Rəhilə Həsənovanın haqqı olanı heç olmasa mənə verin. Siz Rəhilə kimi bir sənətkarın - Üzeyir yadigarının qiymətini bilmədiniz. Yazğıa ev vermədilər. Onunla səhnəyə gələnlərə iki-üç dəfə ev verdilər. Niyə? Rəhilə bunlara nə etmişdi? O, sazı sinəsinə basdı və sonacanda orada saxladı. İndikilər də ondan ibrət götürdü. Ağlamayana heç nə vermirlər. Adam var qüruru götürmür. Biz gəlin qaynana qürurumuzu əymədik. Sən demə bu sənət boşmuş. Yan-yörələrim mənə bu sənətə getmə dedilər. Döğrudan da sənət ağır bir yoldur. Amma baxır kimin üçün. Səhnə abırsız və həyasız adamlar üçün yaxşıdır, bəlkə də yüngül sənətdir. Mən o yüngüllüyü bacara bilmədim.

- Bir müddət öncə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində işləyirdiniz. Oradan niyə çıxmısınız?

- Oradan məni məcburi çıxardılar. Gördüm ki, belə getməyəcək, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Dedim ki, işləmək istəyirəm. Səhnəni çox sevirəm, peşəkaram. Səhnəni ələ almaq başqa şeydr. Tamaşaçılarla ünsiyyətdə olmaq mənə ruh verir. İşsizəm. Amma Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirlikdən mənə nə desələr yaxşıdır?

Qıpqırmızı üzümə dedilər ki: "xəstəsən, sən dövlət işində işləyə bilməzsən". Adama da belə söz deyərlər? İndi kim xəstə deyil ki. Cavanların çoxusu xəstədir.

- Sirr deyilsə, bunu Sizə kim dedi?

- Nazirliyin rəsmi işçisi Fərəh Əliyeva. Xəstəyə "sən xəstəsən" deyil, ruh vermək lazımdır. Evdə otururam məni qara basır, qubarlanıram. El arasında olan insan evdə oturub çürüməlidir? Elə pis oldum ki, ölmək bundan yaxşıdır. Mən bunu ondan gözləmirdim. Ən azı ikimiz də qadınıq. Gördüm ki, bunlar məni rəsmən öldürmək istəyir, Kamil Vəzirova zəng vurdum. Dedim, ay Kamil gör neynəyirsən, bu dörd divar məni öldürəcək. Kamil müəllim də dedi ki, gəl Mahnı Teatrına, görüm neynirəm. Bu divarlar arasından xilas olmaq üçün sizin vasitənizlə Prezidentə müraciət edirəm: Hörmətli prezident mənə dəstək ol, işsizəm! Bilmirəm bu müraciət ona çatacaq, ya yox.

Bahar Rüstəmli
AzNews.az