- Tribuna
- 20:15
- 1 105
Şuşa Şəhər Günü!
Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış, milli kimliyimizin, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün rəmzinə çevrilmiş 8 Noyabr Şuşa Şəhər Gününü və Şuşanın azad olunmasının beşinci ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik.
2020-ci ilin məhz bu günündə 44 günlük Vətən müharibəsinin həlledici anında Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhəri qəhrəman Ordumuzun misilsiz igidliyi, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi ilə işğaldan azad edildi. Bu Qələbə təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi baxımdan da böyük dönüş nöqtəsi oldu.
Qarabağ Zəfərinə gedən yol hələ ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Məhz onun müəyyən etdiyi siyasi kurs, dövlətçiliyin möhkəm əsaslar üzərində qurulması, ordunun formalaşması və milli birliyin təmin olunması gələcək Zəfərin ideoloji və siyasi təməlini yaratdı. Ulu Öndərin qoyduğu bu möhkəm təməlin üzərində cənab Prezident İlham Əliyev dünyanın siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövlətini qurdu.
Şuşanın azad olunması Azərbaycanın illərlə davam edən haqlı mövqeyinin, güclü dövlət iradəsinin və möhkəm siyasi liderliyin nəticəsidir. Bu gün biz fəxrlə deyə bilərik ki, Zəfər bizimdir! Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və millətimizin səbirli, iradəli duruşu ilə mümkün oldu.
Son 5 il ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Şuşa artıq həm tarixi kimliyi ilə, həm də müasir siması ilə yenidən doğulur. Cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə şəhərimiz “Türk Dünyasının mədəniyyət paytaxtı”, “İslam mədəniyyətinin paytaxtı” elan olundu, Beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildi. Bu gün Şuşa təkcə Azərbaycanın deyil, regionun dirçələn mədəniyyət mərkəzidir.
Zəfərdən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycanın regionda formalaşdırdığı güc balansı və sülh təşəbbüsləri sübut edir ki, biz yalnız müharibədə deyil, quruculuqda da qalibik. Dövlətimizin bu siyasi iradəsi, xalqımızın yenilməz ruhu qarşısında heç bir qüvvə dayana bilməz.
Milli Məclisin deputatı və parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini kimi dəfələrlə işğaldan azad olunmuş ərazilərdə olmuşam. Yerində görürəm ki, bu torpaqlarda həyat necə yenidən dirçəlir, necə sürətlə quruculuq gedir. Şuşanın simasında biz bir şəhərin deyil, bütöv bir xalqın iradəsinin ayağa qalxdığını görürük.
8 Noyabr münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm! Şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə can sağlığı arzulayıram.
Qarabağ Azərbaycandır!
Şuşa Azərbaycandır!
Zəfər bizimlədir!
Fatma YILDIRIM,
Milli Məclisin deputatı