Kamança və muğam ifaçıları bir-birinə “dəydi”

Xalq artisti, tanınmış kamança ifaçısı Şəfiqə Eyvazova açıqlamasında xalq mahnısı ifa edərkən onun arasında muğam oxumağın düzgün olmadığını dedi: "Xalq mahnısının arasında muğam oxuyurlar. Muğam ancaq təsnif arasında oxunar. İki sətir xalq mahnısı ardınca da yarım saat muğam. Bu necə olar? Sonra kamança, tar da elə. Xanəndə ağzını açıb iki kəlmə muğam deyən kimi tar ifaçısı başlayır".

Əməkdar müəllim, muğam ifaçısı Qəzənfər Abbasov AzNews.az-a açıqlamasında Şəfiqə Eyvazova ilə razılaşmadığını bildirdi: "Şəfiqə xanım nəyə əsaslanıb, deyə bilmərəm. Amma bircə onu deyə bilərəm ki, yalnız bəstəkar mahnıları arasında muğam oxumaq düzgün deyil. Muğam ancaq xalq mahnıları arasında oxuna bilər.

Bunu mən müəllim kimi deyirəm.

O ki, qaldı xanəndələrin tar, kaman ifaçılarının kölgəsində qalmasına, burada bir həqiqət var. Muğam ifaçıları tar və kamanın arasında qalır. Əslində isə klassik üslubda tar, kaman xanəndəni müşayiət etməlidir. Amma səhnədə tar götürür, kaman qoyur, kaman götürür, tar başlayır.

Səhnədəki xanəndə isə onlardan asılı vəziyyətdə qalır. Yaxşı olar ki, tarla kaman ifaçıları xanəndəni müşayiət etməklə məşğul olsunlar. Əgər onların könlündən səhnə keçirsə, hesabat konserti versinlər. Daha xanəndənin imkanını əlindən almasınlar".

Bahar Rüstəmli
AzNews.az