"Deyib ki, bunu yenidən işləyəcəm və teatra təqdim edəcəm" "Deyib ki, bunu yenidən işləyəcəm və teatra təqdim edəcəm"

“Xosrov və Şirin” baletini repertuardan kim çıxardıb?

"Deyib ki, bunu yenidən işləyəcəm və teatra təqdim edəcəm"



Xalq artisti, bəstəkar Arif Məlikov AzNews.az-a müsahibəsində dünya şöhrətli dirijor Niyazi Tağızadənin "Xosrov və Şirin" baletinin aqibəti ilə bağlı narahatçılıq keçirdiyini bildirib: "Niyazinin "Xosrov və Şirin" operası niyə oynanılmır? Niyə yığışdırılıb? Bunun səbəbi açılmalıdır".

Niyazinin ev muzeyinin direktoru Rza Bayramov AzNews.az-a açıqlamasında "Xosrov və Şirin" baletinin Opera və Balet Teatrının repertuarından Niyazinin özü tərəfindən çıxarıldığını dedi: "Niyazi bu baleti-"Xosrov və Şirin"i 1942-ci ildə yazıb.

"Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Opera səhnəyə elə həmin illərdə qoyulmalı idi. Amma müharibə buna mane olub. Odur ki, opera səhnəyə 1947-ci ildə qoyulub. "Xosrov və Şirin" səhnəyə qoyulsa da Opera və Balet Teatrının səhnəsində az nümayiş olunub.

Hətta bildiyimə görə, bu opera cəmi bir dəfə nümayiş olunub. Nədənsə Niyazi operadan razı qalmayıb, hiss edib ki, zəifdir. Adına, sənətinə yaraşdırmayıb. Deyib ki, operanı yığışdırıb, üstündə işləyib, təkmilləşdirib sonra səhnəyə təhvil vermək istəyir. Sonradan isə bu opera heç qoyulmayıb. Düzdür, bunu gündəmə gətirmək lazımdır. Amma bu operanın Opera və Balet Teatrının repertuarından yığışdırılmasının Akif Məlikovla heç bir əlaqəsi yoxdur. Heç bir opera bütün illərdə repertuarda qala bilməz".

Opera və Balet Teatrının direktoru Akif Məlikov R.Bayramovun dediklərini təsdiqlədi: "Opera və Balet Teatrının repertuarından "Xosrov və Şirin" baletini Niyazi özü çıxarıb. O, operanın zəif olduğunu düşünüb. Deyib ki, bunu yenidən işləyəcəm və teatra təqdim edəcəm. Amma o, bu əsərin üstündə işləsə də sonradan onu Opera və Balet Teatrına təqdim etməyib".

Bahar Rüstəmli
AzNews.az