Sillə



Musiqi var ki, o qədər sadədir, bir o qədərdə də mürəkkəbdir, əsil həyatın özü kimi. Məhkum Babək kişi. 15 il.

Qabiliyyət imtahanında otağa axsaya-axsaya bir oğlan daxil oldu. Bir-iki sorğu-sualdan sonra, onu kəsirdilər, o zaman dilləndi: "Sənət qurban tələb edir, mən də sənətin qurbanıyam. Kəssəniz bu haqsızlıq olacaq. Bəs, sənət yolunda ayaq barmağımı itirmişəm".
İmtahanda müşahidəçi qismində oturmuşdum. Məlum oldu ki, əvvəllər rəqslə məşğul olub. Rəqs dilində desək, palçorşik. Qabiliyyətdən qiymətini alıb testdən də yaxşı bal toplamışdı. Sonralar onu çox müşahidə etmişdim, elə də dilli-dilavər adam deyildi. Dərsə sakitcə gəlib, eləcə də gedirdi. Daim öz üzərində işləyənə oxşayırdı. Bəlkə də müəllimlərin çoxu onun dediyi sözləri unutmuşdu, mənim isə fikrimdən çıxmırdı, görəsən, barmağı hardan kəsilib?!
Artıq ikinci kurs tələbəsi idi. Aktyor sənəti dərsində ayaqyalın məşq etdiyini görüb təəccübləndim. Onun bütün barmaqları yerində idi. Yaxınlaşıb bir sillə vurdum. Diksindi. Nədən vurduğumu soruşdu.
- Aktyor kimi refleksini yoxlayıram. - dedim
- Sillə ilə?
- Yox yalan ilə.
- Nə yalan ?
- Bəs sən barmağını itirmişdin? - Oğlan xeyli susdu.
Durub paltarlarını dəyişməyə başladı. Bir necə il bundan öncə "Dədə Qorqud" festivalında idik, Türkiyədə. Festivaldan bir gün qabaq ansamblın oğlanları ilə bölüşüb, otelin idman zalında futbol oynayırdıq. Rəhbərimiz bundan xəbər tutan kimi bərk əsəbiləşdi, oyunu dayandırmağımızı istədi.
- Çeşkilərə heyfiniz gəlsin, sizə bu dəqiqə daha çox dincəlmək lazımdı. - dedi
Yalvar-yaxarla xahiş etdik ki, bir az da oynayıb, gəlirik. Çox keçmədi ki, topu vurmaq istəyəndə ayaq barmağım yerə keçib, qatlandı. Əvvəl elə bildim sındı, sonra əlimlə yoxlayıb gördüm ki, tərpənir. Uşaqlar başıma yığışdı.
Oynayın - oynayın, hər şey qaydasındadır, deyib oyundan kənara çıxıb, əyləşdim. Ağrısı iynə kimi beynimə vururdu. Nə yaxşı ki, rəhbərimiz aralıda dayanıb türk abilərimiz ilə söhbət edirdi, yoxsa mənə görə bütün ansamblı tənbeh edəcəkdi. Zədələndiyimi bilməsin deyə, səsimi də çıxartmadım, əslində, Fantocci kimi var gücümlə elə qışqırmaq istəyirdim ki...

Səhər bizi çox vacib konsert gözləyirdi. Hər ölkədən rəqs ansamblları gələcəkdilər, yaxşı çıxış etməli idik, xüsusilə rəqiblərimiz gürcülər idi. Həmən gün gəldi, rəqs sapoqunu birtəhər ayağıma keçirtdim. Uşaqlarımızın ağrıdan xəbərləri var idi, sağ olsunlar, o qədər dərman, maz çəkdilər, amma yenə xeyri olmadı.
"Sən çıxma, başqası əvəz eləsin" deyənlər də oldu. Öz yerimi kiməsə vermək istəmirdim, digər palçorşik isə təzə gəlmişdi. Gürcülərin palçorşikindən zəif çıxış edəcəyini bilirdim. Odur ki, razılaşmadım. Özüm vəziyyətdən necə çıxacağımı isə hələ bilmirdim.

Konsert başladı. Açıq hava, böyük izdiham, fişənglər, şarlar, gülüş, sevinc səsləri. Tamaşaçı o qədər çox idi ki, elə bil adamdan ibarət xalça salınmışdı. Hamı şənlənirdi. Bizim çıxışa iki rəqs qalırdı, yoxlamaq üçün sapoqla birgə barmaqlarımı qatlayıb qızışdırmaq istədim ki, elə bil kimsə birdən küt bıçaqla barmağımın üstündən vurdu. Uşaqlar gözlərimin içinə baxırdılar. Rəhbərimiz içəri daxil olub:
- Uşaqlar hazırsız?
Üzümdə gülüş yaradaraq: hə, əlbəttə hazırıq, - dedim.
- Göstərmək lazımdı ki, Qafqazın necə igid oğlanları var! - dedi
Hamı əlini əl üstə qoyub, bir, iki, hey qışqırdı və nağara səsi. Çıxdıq səhnəyə. Yaxşı ki, rəqsin quruluşunda qışqırmalar, nərə çəkmələr var idi. Səhnəyə bir-bir atılıb, dairə halını aldıq. Ayağımın əzələ yerindən elə möhkəm vurdum ki, bəlkə keyiyər heç nə hiss etmərəm. Sopoqun darlığı da bir tərəfdən barmağımı incidirdi.

Nağara var gücü ilə ritmləri işləyir, tamaşaçıları ələ alıb, coşdururdu. Sololar başladı, az qədər dayanıb nəfəs almaq olardı. Birinci turkaçlar çıxdı, bütün bədənim əsirdi. Birdən nağaranın üzündən axan qanı gördüm. Fərruxun əlləri partlamışdı, o, qana fikir vermədən ritmləri bir birinin ardıycan vururdu. Əli keyimişdi, isti qanı hiss etmirdi. Növbə mənim idi, başı ilə sevimli jestini edib, tək ritmlərə keçdi. Bu söz olmadan rəqqas ilə musiqiçinin arasında qısa danışıq dili idi. Atıldım səhnəyə, zaman sanki, sürətini acıqcan azaltmışdı. Uşaqlar məni ürəkləndirmək üçün sol ayaqlarını qabağa əyib ritmə uyğun əl çalırdılar. Səhnə bir anlığa ayağımın altında yanar közə çevrilmişdi, anlayırdım ki, az qədər yanlışlığa yol versəm, bütün ansamblı elə bil bu gözün içinə atmış olacam. Heyətin bütün çəkisini sözün əsil mənasında çiyinlərimdə hiss edirdim. Sapoq qarışıq barmağımı qatladım. Bu hərarətdən qızarmış poladın var güclə əyildilməsinə bənzəyirdi. Bu məqamda aləmin söhbətini düşündüm. Deyirəm, görəsən, cəsarətimizi, adət ənənəmizi göstərmək üçün niyə bu qədər əzab veririk özümüzə?! Kim bu trukları fikirləşib? Məhz gücünü göstərmək üçün mütləq vacibdir ki, dözə biləcəyin acıları, ağrıları göstərəsən? Bir baxış yetməzmi buna?! Bəlkə, başqa vaxt kimsə yanımda belə danışsaydı, basıb gözünü çıxardardım...
Ağrı o qədər şiddətli idi ki, elə bilirdim səhnənin altından nizələr, iliyimin içindən keçib diz qapağımdan çıxır. Rəqs edə-edə eyni zamanda var gücümlə qışqırırdım. Bütün tamaşaçılar ayaq üstə əl çalırdılar, yəqin düşünürdülər bu belə də olmalıdır.

Həmən an indi yadıma düşəndə qəribə gülmək tutur. Fərrux da dayanmadan ritm vururdu. Son takta xəncəri nişangaha vurub fırlanaraq, səhnədən çıxdım. Öhdəmə düşən borcu artıqlaması ilə etmişdim. Uşaqlar dörd-üçə səhnəni tamamlayıb rəqsi başa vurdular. Ağrıdan özümdən getməmək üçün özümü güclə saxlayırdım. Səhnə arxasında da qızlarımız dayanmışdı, tez hamama keçib sapoq qarışıq ayağımı suyun altına saldım. Sonrası isə yadıma gəlmir. Altı-yeddi ay çəkdi barmağımın sağalması.

- Bəs festivalın qalibi kim oldu? – soruşdum
- Əlbəttə biz. Əslində, həmən gündən sonra öz içimdə olan çox suallara cavab tapdım. Anladım ki, bir güc olmaq üçün, özünün, olduğun dəstənin, cəmiyyətin məsuliyyətini daşımalısan. Ağrılara-acılara baxmadan, vəhdət halında hamı bunu bacararsa, bax, o zaman qalib gəlmək olur. Odur ki, imtahana yalan ilə deyil, həqiqətin inikası ilə, həmən günün obrazı ilə gəlmişdim və bu da mənə kömək oldu.
Bu həmişə belə olub, bundan sonrada elə olacaq, məhz həqiqət qələbə çalır! Sadəcə geci, tezi var. Kinoda, teatrda, incəsənətin bütün sahələrində, ədəbiyyatda belə tamaşaçı, oynamağı, oynanmağı, düşünməyi, özünü görməyi, həyəcanlanmağı, gülməyi, bütün bu hisslərlə bərabər yeni bir şey öyrənmək, yaşamaq istəyir. O zaman ki, quruluşun kökündə həqiqət var demək sənət də olacaq!
- Bəs bunu imtahanda nə üçün danışmadın? – soruşdum
- Kimə maraqlı idi həmən an mənim acımı bilmək?!
- Bəs indi nə üçün danışdın?
- Əslində nə etdiyimdən daha çox, nə edə biləcəyimizi anladığım üçün. - dedi
- Amma mənə elə gəlir ki, səni daha çox sillə danışdırdı. Zarafat edirəm, xətrinə dəyməsin. - deyib əlini sıxdım.
Beləcə bu rəqqas, rəqsdən uzaq düşsə də, incəsənətə xidmətini bu gün də məharətlə davam etdirir. Bu gün onun çəkdiyi və çəkildiyi işlərə tamaşa edəndə danışdığı əhvalatın ümumi tablosunu aydın görürəm. O, hələ tələbə olsa da, mənə bir daha sübut etdi ki, zənn və güman etdiyimiz bəzi uydurmalar məhz həqiqətdən götürülür. Bir də ki, onu götürməyə başqa yerimizmi var? Rənglər öz rənginə ləkə salmazlar, başqa rəng qatarsan bu olar yalan. Yəni həyatda olduğu kimi sənətdə də bu qabarıq görünür...


P.S: Yaradıcılıq, qurbandan daha çox həqiqət tələb edir.
Sevgilərlə, rəqs etməyi və düzgün ritmi unutmayanlara üçün...
06.09.13