“Yaradıcılıq ocağında donuq, ölgün, solğun, sükunət dolu bir mühit yaradıb” “Yaradıcılıq ocağında donuq, ölgün, solğun, sükunət dolu bir mühit yaradıb”

Firuz Mustafa: “İsrafil İsrafilov teatrı amirlik üsulu ilə idarə edir”

“Yaradıcılıq ocağında donuq, ölgün, solğun, sükunət dolu bir mühit yaradıb”



Yazıçı-dramaturq Firuz Mustafanın AzNews.az-a müsahibəsi:

- Son zamanlar xalq artisti Ağakişi Kazımov mətbuatda teatrların vəziyyəti ilə bağlı kəskin çıxışlar etməkdədir. O, teatrlardakı intriqalardan, durğunluqdan, vəzifə uğrunda gedən mübarizələrdən, xüsusən "Azdramada"kı özbaşınalıqdan söhbət açır...

- Ağakişi Kazımov uzun illər teatrda olan adamdır. Onlarla tamaşaya quruluş verib. O, kifayət qədər təcrübəli və enerjili bir adam kimi yeni əsərlər üzərində işləmək istəyir. Bu, əslində təqdir olunmalı haldır. Amma, təəssüf ki, bizdə bəzən göz önündə sənət üçün şam kimi yanan adamlara ehtiram göstərmək əvəzinə, ona badalaq gəlirlər.

- Ağakişi müəllimin müsahibələrində tez-tez Sizin də bir əsərinizin adı çəkilir...

- Bildim söhbət hansı pyesdən gedir. O, mənim "Tufandan sonra" adlı bir pyesimə quruluş vermək istəyir. Mən deyə bilmərəm ki, bu, mənim ən yaxşı əsərimdir. Əsər üzərində bir il sərasər işlədik. Səhv etmirəmsə, altı variant alındı. O vaxtkı direktor Maqbet Bünyadov və baş rejissor Mərahim Fərzəlibəyov də pyesi bəyəndi. Əsər repertuara daxil edildi, nazirlikdə bu barədə müvafiq qərar verildi. Elə həmin dövrdə İsrafil İsrafilov yoldaş teatra müdir təyin edildi və mənim pyesimi repertuardan çıxartdı.

- Səbəb nə idi?

- Biz onunla heç düz-əməlli tanış da deyilik. Əlbəttə, hər bir əsər heç də hamını eyni dərəcədə qane edə bilməz. Bu, təbii haldır. Amma hər halda səni qane etməyən əsər haqqında, onun zəif və ya güclü cəhətləri haqda əsaslı arqumentlərin olmalıdır. Yoxsa, gözünü yumub ağlın kəsəni etmək absurd teatrdan da absurd bir haldır. Bu İsrafil İsrafilov yoldaş bir vaxtlar Abşeronda raykom katibi, sonralarsa muzey müdiri işləyib. Hər iki işinin əlaməti fəaliyyətində hiss olunur. O, teatrı amirlik üsulu ilə idarə etmək istəyir ki, bu raykomlara xas cəhətdir. Yaradıcılıq ocağında donuq, ölgün, solğun, sükunət dolu bir mühit yaradıb, daim hərəkət, dinamika, temp tələb edən teatr kimi canlı sənəti eksponat kimi qavrayır ki, bu da onun "statik" muzeyçiliyindən irəli gəlir. Bir görün o teatrda ortaya qoyulan tamaşalar nə kökdədir? Söhbət arada qoyulan pyeslərin yox, tamaşaların səviyyəsindən gedir. Hanı indi o teatrın rejissorları? Müqavilə ilə nə qədər işləmək olar?

- Direktor İstafil İsrafilov deyir ki, Akademik Milli Dram Teatrında islahatlar aparılır...

- Teatrın yaradıcı heyətini bir əmrlə işdən azad edib, ikinci bir əmrlə onları təzədən işə bərpa etmək görünür "islahatın" yeni, modern formasıdır. Yeri gəlmişkən, bir məsələyə də münasibət bildirmək istəyirəm: bütün dünyada teatr öz bədii rəhbəri, rejissoru ilə tanınır. Yəni rejissor teatrı olur. Amma bizdə "direktor teatrı" daha önəmlidir. Məncə bu məsələlərə aydınlıq gətirmək üçün düşünməyə, fikir mübadiləsi aparmağa dəyər.

- Bəs Ağakişi müəllimin eyham vurduğu korrupsiya ilə bağlı nə deyə bilərsiz?

- Mən dramaturqam, teatrın içinə, "mətbəxinə" o qədər də bələd deyiləm. Amma mətbuatdan oxuyuram ki, bir çox teatrlar tamaşa qoymaq bəhanəsi ilə xaricdən nəinki əsər, rejissor, rəssam, hətta qrimçi dəvət edirlər. Mən bizim teatrların xarici dramaturqların əsərlərinə müraciət etməsini təqdir edirəm. Xaricdən rejissor gətirilməsini də normal qarşılayıram. Amma burası var ki, əvvəlcə öz rejissorlarımıza üz tutmalıyıq, sonra xaricilərə. Bizdə rejissorlarımızın bir çoxu işdən azad edilib, müqavilə ilə işləyir. Digər tərəfdən, biz xaricilərin əsərlərini hazırlayırıq, bəs xaricilər necə, bizim dramaturqların yaradıcılığına müraciət edirmi? Sən gürcünün "Xanuma"sını hazırlayırsan, qoy gürcü də sənin məsələn, "Hacı Qara"nı hazırlasın. Sən xaricdən rejissor dəvət edirsən, qoy sənin rejissorunu da əcnəbilər dəvət etsinlər. Yəni mədəniyyət müstəvisində də qarşılıqlı müqavilə prinsipi olmalıdır. O ki, qaldı, teatrda korrupsiya, mənimsəmə hallarına... Bu, barədə mənim əlimdə konkret fakt olmasa da, Ağakişi müəllimin adını çəkdiyi teatrın rəhbərinin xaricilərlə "iş qurmaq" canfəşanlığı, deyilənlərə inansaq, heç də onun xoş məramından, "teatr yanğısından" xəbər vermir. Gizlətmək lazım deyil. Bizdə əksər sahələrdə olduğu kimi bəzi teatrlarda pul, vəzifə, proteksiya rol oynayır.

- Bəs Sizin özünüzdən necə, pul istəyiblərmi?

- Bu cür hallar olub. Yəni ki, teatr rəhbəri sponsor tapmağımı tövsiyə edib. Doğrusunu deyim ki, mənim imkanım olsa, bütün teatrlara kömək və sponsorluq edərəm. Və bu işi əsərimi tamaşaya qoymalarının müqabilində yox, sənətə olan sevgimə görə edərəm. Amma nə edim ki, indiyəcən belə bir imkanım olmayıb. Elə buna görə də mən həmişə yarızarafat deyirəm ki, əsərlərimə sponsor tapa bilməsəm də, elə pyeslər yazmağa çalışıram ki, onlar, yəni o əsərlər mənim özümə sponsorluq edə bilsin.

- Bəs əsərləriniz necə, Sizə "sponsorluq" edirmi?

- Şükür, bəzən yazdıqlarım dadıma çatır. Aldığım qonorarla az tirajla olsa belə, yeni kitablarımı çap etdirirəm. Yeri gəlmişkən, hələ nəşr olunmayan onlarla kitabım var.

- Otuzdan artıq əsərinizə quruluş verilib. Tənqidçi Əsəd Cahangir demiş, Azərbaycanda əsərlərinin kəmiyyətinə görə Şekspiri keçən yeganə dramaturq Firuz Mustafadır. Bəs yazdıqlarınızın təbliği Sizi qane edirmi?

- Mən yazmağıma peşman deyiləm. Amma mən nə edə bilərəm ki, az qala pulun hər şeyi həll etdiyi bir cəmiyyətdə fundamental əsərlər geniş çapda təbliğ edilməyib? Mən nə edə bilərəm ki, bu oynanılan əsərlərimin az qala heç biri televiziyalar tərəfindən çəkilib geniş tamaşaçı auditoriyasına təqtim edilməyib. Mən nə edə bilərəm ki, bu əsərlərin heç biri indiyəcən disklərə köçürülüb satışa çıxarılmayıb. Mən nə edə bilərəm ki, yazdıqlarımın hamısını kitab kimi nəşr etdirə bilməmişəm...

- Hər halda əsərləriniz müxtəlif teatrlarda oynanmaqdadır.

- Necə deyərlər, buna da şükür. Bizdə hələ vicdanlı adamlar qalmaqdadır. Bilirsiz ki, bizdə tez-tez sifətini, sözünü dəyişən adamlara bəzən qəzəb və hiddətlə, bəzənsə istehza ilə "sən artistsən" deyirlər. Amma əslində aktyorların, yəni artistlərin çoxu sadə, doğru-dürüst adamlar olur. Artistlik sadəcə onların sənəti, peşəsidir. Lakin elə adamlar var ki, peşələri etibarilə aktyorluqdan uzaq olsalar da, əsl artistlik edirlər, onların oynadığı rolu səhnədə heç bir müqtədir sənətkar yarada bilməz. Bunları deməkdə məqsədim var: sənət adamları arasında təmənnasız, ləyaqətli adamlar kifayət qədərdir. Elə həmin adamların qayğisi, diqqəti, sözün yaxşı mənasında təhdidi nəticəsində mənim pyeslərim böyük səhnəyə yol tapıb. Bu cəhətdən, mən həmişə olduğu kimi, yenə də ilk növbədə böyük sənətkarımız mərhum Hüseynağa Atakişiyevin adını ehtiramla çəkməyi özümə borc bilirəm. O, öz məktəbini yaratmış rejissorlardan biri idi.

Bahar Rüstəmli
AzNews.az