Əməkdar həkim məhkəmə qarşısında - 22 yaşlı gəncin ölümündə təqsirləndirilir

Həkimlər ittihamla razılaşmırlar

Mingəçevir şəhər Məhkəməsində 22 yaşlı gəncin ölümünə səbəb olan iki həkimin məhkəmə prosesi başlayır.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən Mehdiyev Bəxtiyar Məhəmməd oğlu və Mehdiyev Qiyas Müseyib oğlunun məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 7-də hakim Məhburə Kərimovanın sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Məmmədova Nüşabə Zeynabdi qızı tanınıb.

Qeyd edək ki, bu ilin mart ayında 1996-cı il təvəllüdlü Mamedov Orxan Salman oğlu Mingəçevirdə yerləşən “Qədiroğlu” restoranında yeyib-içən zaman şəxsi münasibətlər zəminində mübahisə edib və bud nahiyəsindən bıçaqlanıb. Şah damarından xəsarət alan gənc oğlan təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Ancaq əməliyyatdan sonra Orxan Mamedovun vəziyyəti ağırlaşıb. Daha sonra o, Gəncə Beynəlxalq Xəstəxanasına aparılıb və 10 gün sonra orada dünyasını dəyişib. O.Mamedovun ölümündən sonra onun anası Məmmədova Nüşabə Zeynabdi qızı oğlunu cərrahiyə əməliyyatı edən hər iki həkimdən Mingəçevir şəhər prokurorluğuna şikayət edib və oğlunun ölümündə onları günahkar bilib. Bundan sonra hər iki həkimə qarşı cinayət məcəlləsinin 314.2-ci (səhlənkarlıq zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb və onlar barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hər iki həkim bu ilin avqust ayında yaşla əlaqədar təqaüdə göndərilib. Belə ki, Mehdiyev Bəxtiyar Məhəmməd oğlunun 66, Mehdiyev Qiyas Müseyib oğlunun isə 79 yaşı var. Həmçinin Mehdiyev Qiyas Müseyib oğlu 2008-ci ildə Mingəçevir şəhərinin 60 illik yubileyi münasibətilə şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Azərbaycanın Respublikasının Əməkdar həkimi fəxri adına layiq görülüb.

AzNews.az-ın suallarına cavab verən hər iki həkim verilən ittihamla razılaşmadıqlarını bildiriblər. Onların sözlərinə görə, məhkəmə-tibbi ekspertizası düzgün rəy verməyib. O.Mamedovun ölümündə onların heç bir günahı yoxdur. Çünki O.Mamedov 10 gün sonra Gəncədə yerləşən xəstəxanada dünyasını dəyişib.

Azər
AzNews.az