Proses şahid ifadələri ilə davam etdirilib Proses şahid ifadələri ilə davam etdirilib

25 nəfərin ölümü ilə nəticələnən məhkəmə işi

Proses şahid ifadələri ilə davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Emil Çubanov ifadə verib.

O, bildirib ki, yanğın baş verən zaman Mərkəzdə müalicə olunub: "Narkotik maddə istifadəsindən əziyyət çəkirdim. Təxminən, 4 gün olardı ki, Mərkəzə müalicə üçün getmişdim. Həmin gün palatada uzanmışdım. Bu zaman kimsə qışqıraraq yanğın olduğunu söylədi. Sonra çətinliklə çölə çıxdım".

E.Çubanov ifadəsinin davamında hadisə vaxtı başqa şəxsləri gördüyünü dəqiq xatırlamadığını söyləyib.

O, təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayət və tələbinin olmadığını vurğulayıb.

Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.

Azər
AzNews.az