Əvvəl arvadını, sonra özünü bıçaqladı...

Qətlin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etmələri olub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Mahir Qocayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Qocayev 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il oktyabrın 25-dən 26-na keçən gecə Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Ülviyyə Mahir qızı aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində ölüb.

Qətlin Ü.Allahverdiyevanın keçmiş əri, 1994-cü il təvəllüdlü Qocayev Mahir Famil oğlu tərəfindən törədildiyi məlum olub. Cinayəti törətdikdən sonra kişi intihar məqsədi ilə özünə də bıçaqla xəsarət yetirib, lakin ölməyib. M.Qocayevi Kliniki Tibbi Mərkəzə aparıblar. O, cinayət məsuliyyətinə cəlb edilib.

Qətlin baş verməsinə səbəb keçmiş ər-arvadın uşaq üstündə mübahisə etmələri olub.

Belə ki, məhkəmə cütlük boşanarkən uşağın atasında qalması barədə qərar çıxarıb və anaya onu ziyarət etmək hüququ verib. Ü.Allahverdiyeva övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib. Daha sonra M.Qocayevlə dalaşan qadın evi tərk edib, lakin keçmiş əri küçədə onun dalınca düşüb. M.Qocayev övladının anasına çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb. (trend)

AzNews.az