Rəqəmsal ödənişlər üzrə ekosistemin genişləndirilməsi müzakirə olunub

AMB məlumat yayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) və "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyi arasında ölkədə rəqəmsal ödənişlər üzrə ekosistemin genişləndirilməsi mövzusunda növbəti görüş keçirilib.

AzNews.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, ölkə prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində bank olmayan ödəniş xidməti təchizatçıları olan ödəniş təşkilatlarının və elektron pul təşkilatlarının ödəniş xidmətləri bazarının aktiv iştirakçısına çevrilməsi və innovativ ödəniş həllərinin tətbiq edilməsi daima diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, qurumla "Azərbaycan Fintex Assosiasiyası" və digər fintex nümayəndələri ilə video-konfrans formatında növbəti görüş keçirilib. Görüşdə yerli və xarici ödəniş xidmətləri bazarlarında müasir inkişaf meylləri, nağdsız ödənişlərin stimullaşdırılması və maliyyə savadlılığının artırılması ilə bağlı tədbirlər, həmçinin rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsində mühüm rol oynayacaq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi müzakirə edilib

Müzakirələrdə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsinin ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə həyata keçirilən layihələrə ödəniş təşkilatları, elektron pul təşkilatları və bu kimi digər fintex təşkilatlarının aktiv cəlb edilməsi üçün qanunvericilik əsaslarını yaradacığı vurğulanıb. Belə ki, qanun layihəsi və ondan irəli gələn hüquqi aktlar qəbul olunduqdan sonra bu təşkilatların göstərdiyi xidmətlər üzərində effektiv tənzimləmə və nəzarət çərçivəsi tətbiq ediləcək. Eyni zamanda, rəqəmsal ödəniş texnologiyaları sahəsində tənzimləyici test rejiminin və məsafəli bank xidmətlərinin həyata keçirilməsində innovativ həllərin tətbiqinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçiriləcək.

Ölkəmizdə fəaliyyət göstərən bank olmayan ödəniş xidməti təchizatçılarını ümumi maraqlar əsasında birləşdirən, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılmış “Azərbaycan Fintex Assosiasiyası” ilə birgə ölkədə rəqəmsal ödəniş ekosistemininin genişləndirilməsi, Fintexlərin həmin ekosistemdə rolunun daha da gücləndirilməsi, həmçinin maliyyə texnologiyalarının inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək.