Qərbdəki siyasi mühacirlər arasında Cənub desantı Qərbdəki siyasi mühacirlər arasında Cənub desantı

Liberal qiyafəsində klerikallar

Qərbdəki siyasi mühacirlər arasında Cənub desantı

Müasir dünyada tarixi ədaləti bərpa edən və yeni yaranan dövlətlərdə neoimperiya adlı saxta düzənli siyasətlərin formalaşdırılmasına çalışılır. Bu yöndə yaxın və qonuş olan ölkələrin yeni yaranan dövlətə qısqanclıqla yanaşması mövcud problemlərin əsas səbəblərindən biri olaraq görülür. Quzey Azərbaycanın dövlət müstəqilliyini qəbul etmək istəməyən qonşu ölkələrdən biri də adını İran İslam Respublikası qoyumuş bir ölkədir. Ona görə də, ekspansionist siyasət meydanına çevrilmiş Ermənistanla müttəfiq statusunda hərəkət edir. Təməli 1930-cu illərdə qoyulmuş “ariyarahaye-esle”(ariçilik) və “Hind-Avropa” nəzəriyyəsi indi din pərdəsi altında İran-Ermənistan cütlüyünün birgə fəaliyyətlərinin nüvəsini təşkil edir. İranın bir çox elmi-strateji mərkəzləri bu iki nəzəriyyənin təməl prinsiplərinə söykənərək 1991-ci ildən bəri Azərbaycan Respublikasına qarşı birgə ideoloji təxribatla məşğuldurlar.

“Gənc kadrlar” və “yuyulmuş beyinlər”

Keçmiş Sovet İttifaqı zamanı Azərbaycan Respublikası və onun Qafqazdakı önəmi ilə bağlı uzun illər araşdırmalar aparmış erməni alimləri bu nəhəng imperiya dağıldıqdan sonra, öz elmi əsərlərini Tehran hökumətinə səxavətlə təqdim etdilər. Azərbaycan Respublikasına qarşı Ermənistan və Tehran rejiminin yürütdükləri ekspansionist siyasətin mahiyyəti eyni olduğu üçün çoxsaylı təsisatlar yaradıldı. İlk öncə paytaxt Bakıda İranın maraqlarına cavab verə biləcək “məhəllələr” üzərində fəaliyyətlərə başlanıldı. Xüsusilə “köhnə məhəllələr” məsələsində ermənilərin hazırladıqları “etnoloji” proqramlar Tehran rejiminin maraqları ilə üst-üstə düşürdü. “Məhəllə siyasəti”ndə yer alan sosial mənşə uzaq hədəflər üçün münbit məkan demək idi. Bu məhəllələrdə təriqət, rövzəxanlıq, mövhumat, qəzəliyyat, meyxana və s. dirçəlişi “paniranizm” ideyasının tərkib hissəssi sayılırdı. Sadə vətəndaşlar arasında dindarlığı yaymaqla təriqət inanc mərkəzlərinə ziyarətini təşkil etmək, xüsusi ədəbiyyatla təmin etmək, onların övladlarının dini təhsil adı ilə İrana kütləvi şəkildə aparılması uzaq olmayan keçmişin acı gerçəkliklərindən biridir. Beləliklə, molla rejimi Azərbaycan Respublikasının “Cənub”, “Muğan”, “Gəncəbasar”, “Qarabağətrafı” və “Şirvan” bölgələrində din pərdəsi altında şəbəkələr yaratdı. Xüsusilə yeniyetmə və gənclərin beyinlərinin yuyulması istiqamətində həssas, zərif və incə bir şəkildə diqqət yetirilirdi. Çünki təməli 11-ci əsrdə qoyulmuş və tarixdə adı “Ələmut” hərəkatı ilə bilinən minillik beyinyuma təcrübəsinə malik olan fars şovinizminin ənənəsi mövcud idi.

“İntizar” içində dolaşıb qalmış müntəzirlik


Bakının köhnə məhəllələrindən birində anadan olmuş və beyni yuyulmuş uşaqlardan biri də “Həbib Müntəzir” ayaması ilə bilinən Həbib Füzuli oğlu Abdullayevdir. 1985-ci il noyabr ayının 14-də Bakıda, Yasamalın köhnə məhəllələrinin birində dünyaya gələn Həbib əvvəl “Qərb Universiteti”ndə (2000-2001- ci illər) təhsil alsa da, sonradan müəmmalı şəkildə təhsilini yarımçıq qoyaraq, İrana gedir. Burada beş il təhsil aldıqdan sonra Bakıya dönür. Bu dəfə “Həbib Müntəzir” ayaması ilə İranda dəbdə olan “təkrir” üslubunda elsever.biz, pur.gen.az, azerilife.com, mirzexezerinsesi.com, izedebiyat.com, amatorceedebiyat.com və digər internet resurslarında, eləcə də “Alatoran” jurnalında bir sıra yazılarlar çıxış edir.
Onun əsas vəzifəsi “klassik şeir” janrı adı altında fars ədəbiyyatı ənənələrini yenidən təbliğ etmək idi. Bununla yanaşı Qərb dövlətlərinin marağında yer alan modern ədəbi cərəyana qatılmaqla Azərbaycan dövlətçiliyinə qarşı “müxalif” ədəbi cərəyanın tüğyan etdiyi bir dönəmdə İran üzərindən kökləndirilmiş bəzi gənc yazarlar bu prosesə cəlb edilmişdilər. Onlardan biri də məhz Həbib Müntəzir idi. O, öz şeirlərində, bəzi esselərində fikir cəsarətini sərgiləsə də, poetik yöndən istedadsız olduğunu görüncə bu dəfə fərqli bir ampulada çıxış etməsi üçün yönləndirildi.
Bu, yenicə dəbə düşən “blogger” siyasəti idi. Heç bir müxalif siyasi partiyanın üzvü olmadan, “ədəbi düha”sının cılızlığı, naşir və ya jurnalistika baxımından tanınmayan Həbib Müntəzir “müəmmalı” şəkildə Almaniyaya mühacirət edir və burada dərhal “siyasi mühacir” statusunu da ala bilir. Çünki onu öz maraqlarına görə daim müntəzir edə biləcək arxa baxçası var idi. Bu qüdrətin sayəsində heç bir çətinlik çəkmədən istənilən sahəyə onu yönəldən iplərin ucu Tehrandakı ağalarının əlində idi.

Hədəfə tuşlanmış “böhtan” düsturu

Almaniyanın paytaxtı Berlində “mühacir” statusunu alan kimi, Həbib Müntəzir sosial şəbəkələrdə müxalif cildinə girərək tənqidi mövzularla çıxışlar etməyə başladı. Əsas məqsəd heç də Azərbaycan Respublikasındakı problemləri qabartmaq deyildi. Onun başlıca hədəfi “yuyulmuş beyni” ilə idarə olunan məxluq kimi dövlətçiliyə qarşı inam və etibarsızlıq siyasətini ictimai fikrə təlqindən ibarət idi. “Meydan Tv” adlı internet telekanlını, ardınca qısa bir zaman ərzində Azərbaycanın bütün bölgələrində “müxbir postları”nı yaratması gənclərə möcüzə kimi görünürdü. Axı, necə ola bilərdi ki, qısa bir zamanda mühacir stasusu alasan, ayda bir neçə min manat həcmində maddi resurs əldə edəsən və sonra da, tanınmış bir sosial şəbəkənin sahibi olasan. Bütün bunları diqqətlə incələdikdə bəlli olur ki, Həbib Müntəzirin Avropaya desant kimi atılmasının arxa baxçası çox güclüdür. Maddi dəstək üçün səxavət kisəsini açmış “güclü bir əl”in ona dayaq olması isə kimsəni ilgiləndirmirdi. Onun yeni vəzifəsi gəncləri sosial şəbəkələr vasitəsilə mobilizə etmək idi. Halbuki ölkənin ağır çəkili müxalif mətbuatı son dərəcə ağır maddi çətinliklərlə üz-üzə qaldığı bir vaxtda “Meydan Tv” bu boşluqda əməlli- başlı at oynadırdı. Heç bir yerdə işləməyən Həbib Müntəzirin maddi qaynağı isə məchul olaraq qalırdı.
Bu gün dünyanın bir sıra dövlətləri başqa ölkələrlə münasibətlərində əsasən sosial bazalar müstəvisində “güc” tətbiq etmək hədəfi ilə çıxış edirlər. Azərbaycan yeni dövlət olduğu üçün, bəzən belə bir siyasətin qarşısında aciz duruma düşürdü. Çünki saxta “sosiallaşma” taktikası ilə daxili siyasətə yol tapan informasiya müharibəsi texnologiyaları Azərbaycan üçün yeni idi. Etiraf etmək gərəkdir ki, “İran-Azərbaycan” münasibətlərində Tehran rejimi üstünlük əldə etmək üçün daim bu taktikadan yararlanmışdır. Bu informasiya-psixoloji müharibəsi bir yandan ölkə daxilindən, digər yandan isə, xaricdəki sosial şəbəkələrin vasitəsi ilə tətbiq olunubdur. Həbib Müntəzirin meneceri olduğu “Meydan Tv”nin apardığı siyasi və ictimai təxribatların mahiyyəti bundan ibarətdir. Azərbaycandakı bəzi problemləri qabartmaq yolu ilə dövlətçiliyə qarşı inamsızlıq düşüncəsini şüuraltı təsir vasitəsinə çevirmək bu projenin başcıl strateji hədəflərindən biri hesab olunur.

Mühacirətdə yeni vəzifə

Avropadakı “Azərbaycandilli mətbuat”ın bütün çalarlarına diqqətlə yanaşdıqda bəlli olur ki, “Meydan Tv”nin qarşısında duran digər vəzifə qürbətdə yaşayan soydaşlarımız arasında mümkün qədər süni şəkildə intriqaları böhran həddinə çatdırmaqdan ibarətdir. Kimsəyə sirr deyil ki, Qərb ölkələrində yaşayan soydaşlarımızın əksəriyyətini Güney Azərbaycandan çıxmış insanlar təşkil edir. Onlar artıq Avropada 40-50 illik ənənələrə malikdirlər. Bundan əlavə, güneyli soydaşlarımız bir yandan Quzey Azərbaycanın dövlət müstəqilliyinə dəstək verir və digər yandan isə, Güney Azərbaycan milli davasını irəli sürürlər. Güneyli soydaşlarımız Tehran rejiminin Güney Azərbaycanda insan haqları, ekoloji fəlakətlər, ağır sosial-iqtisadi və ana dilində təhsil almaq kimi problemləri daim gündəliyə gətirirlər. Demək olar ki, Şimali Azərbaycan əsillli mühacirlərimiz də çox zaman onlara dəstək verirlər. Bu, bir milli bütövlük və milli iradə deməkdir. Bunu nəzərə alan Tehran rejimi dərhal Həbib Müntəzir kimilərinin “düyməsi”ni basaraq, güneyli-quzeyli soydaşlarımız arasında süni təfriqələrə yol açır. “Meydan Tv”nin əsil siması və mahiyyəti bu məqamlarda üzə çıxır. Bununla yanaşı onu da qeyd edək ki, “Meydan Tv”nin yayınlarında Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və Tehran rejiminin birgə səyi nəticəsində irəli sürülən “etnik separatizm”lə bağlı, xüsusilə qondarma “TMR” ideyasının (Talış Muğan Respublikası) geniş şəkildə təbliğ edilməsi Həbib Müntəzirin hansı strateji hədəflərdə yer aldığını isbat edən mühüm faktorlardan biridir.

Tanınmış erməni sənətçiləri ilə bağlı ricətdolusu məddahlığın təbliğ edilməsi də Həbib Müntəzirinin qarşısına qoyulan mühüm vəzifələrdən biri sayılır.

Azərbaycan Respublikası bilindiyi kimi dünyəvi dövlətdir və dünya birliyi də ölkəmizi məhz bu qanunlar çərçivəsində tanıyır. Ancaq İran tərəfindən körüklənən və hizbullahçı bir rejim tərəfdarlarına çevrilmiş bəzi çevrələrin Azərbaycanı süni şəkildə İrandakı kimi “klerikal” rejimə çevirmək təşəbbüslərinin qarşısı alınanda ilk etiraz səsini yenə də “Meydan Tv” ucaldır. Xüsusilə “Nardaran hadisələri” zamanı biz bunun canlı şahidi olduq. “Meydan Tv”nin efirindən püskürdülən bu növ faktların sayı minlərlədir.

Həbib Müntəzirin qəzəl, bəhri-təvil, təhrir janrlarında ədəbiyyata gəlməsinin sirri hələ 1992-ci ildə Tehranda dərc olunan “Risalət” jurnalında çılpaqlığı ilə qeyd olunmuşdur. Bu jurnalda “Azərbaycan Respublikasında İranın hədəfləri” adlı silsilə araşdırma yazıları yazan Əlisgər Şeirdust vaxtilə belə yazırdı: “Şimali İranda (Şimali Azərbaycan) bizlər mümkün qədər qəzəliyyat üslubunda əsər yazanları öz tərəfimizə çəkməliyik. Onlar bu üslubda yazmaqla İranın təsir dairəsinin güclənməsinə dəstək olacaqlar. Qəzəliyyat janrı fars dilinin və şüurunun ictimai fikirdə güclənməsinin səbəblərindən biri olaraq görülməlidir. Bunun üçün rəsmi Tehran daha çox çalışmalı, hətta qəzəl janrında yazanlara maddi, ictimai və digər dəstəkləri verməlidir”.

Barış Sulduz, Almaniya, Berlin şəhəri

P.S. Qürbətdə uzun illər yaşayan bir şəxs kimi soydaşlarımız arasında təfqirə salan Həbib Müntəzir kimilərinin mahiyyətini üzə çıxarmaqda məqsədimiz budur ki, onların əsil simasını hər kəs görməsi çox vacib məsələdir. Harada yaşamasından asılı olmayaraq, soydaşlarımız arasında birlik və bütünlük hər bir aszərbaycanlının milli borcu olmalıdır. Xüsusilə də mühacirətdə yaşayanlarımız bu həqiqəti dərk etməlidirlər. Bütün dünya erməniləri fərqli fikirdə olsalar da, Ermənistan məsələsində daim birgə hərəkət edirlər. Alman, irland, ingilis, fransız, ispan, portuqal, italyan, polyak xalqları da bu ənənəni daim yaşatmaq üçün mübarizə aparırlar. Vətənə qürbətdən baxdıqda onu bir bütün olaraq görmək və dəyər vermək gərəkdir.

03.11.2018

© AzNews.az