"Seçkilərdə bir müxbirə uduzmuşdular" "Seçkilərdə bir müxbirə uduzmuşdular"

"Əhməd Oruc inəkotarandır, Əli Əliyev isə..." - BAXCP-dən kəskin ittihamlar

"Seçkilərdə bir müxbirə uduzmuşdular"

Xəbər verdiymiz kimi, bir neçə gün öncə keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov və Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Azərbaycanda aparılan islahatların daha da dərinləşməsi üçün müxalifətin verə biləcəyi töhfələrlə bağlı BAXCP-nin mənzil qərargahında görüş keçiriblər.

Ötən gün isə “Yeni Müsavat” qəzetinin canlı yayımında Xalq Partiyasının sədri Pənah Hüseynlə debata çıxan VİP sədri Əli Əliyev bu görüş haqqında tənqidi fikirlər səsləndirib.

AzNews.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlının bu haqda fikirlərini öyrənib.

- “Yeni Müsavat” qəzetinin canlı yayımında Xalq Partiyasının sədri Pənah Hüseynlə debata çıxan VİP sədri Əli Əliyev bu görüş haqqında tənqidi fikirlər səsləndirib. Bu haqda fikrinizi bilmək istərdik.

- “Əvvala, məlumat üçün bildirim ki, həmin debata aparıcının və Pənah Hüseynin təklifi ilə telefon zəngi vasitəsilə mən də qatılmışam. Canlı debatı da izləmişəm. Hesab edirəm ki, Əli Əliyevin bu cür yanaşması çox absurd, əsassız, heç bir siyasi etikaya sığmayan yanaşma idi. Ölkənin baş naziri olmuş, siyasi partiya sədri olmuş Pənah Hüseynə bu cür irad bildirmək, partiyaların görüşünü bu formada tənqid etmək bir siyasətçiyə yaraşmayan fikirlər bildirmək qeyri-etikdir. Telefon danışığı zamanı ictimaiyyətə məlumat verdim ki, həmin görüşdə Qüdrət Həsənquliyevin müavini kimi mən də iştirak etmişəm. Həmçinin, partiyanın rəhbərliyindən baş katib Yaşar Kələntərli, müavin Elçin Mirzəbəyli, Ali Məclis sədri Vaqif Abışov da iştirak edib. Burada bir neçə partiya sədrlərinin görüşü olub. Biz ölkənin ictimai-siyasi həyatı ilə bağlı müzakirələr etmişik. Hər kəs öz siyasi mövqeyini ortaya qoyub, təkliflər irəli sürüb. Təbii ki, söhbət sırf qanuna, konstitusiyaya uyğun təkliflərdən gedir. Bizim də müəyyən təkliflərimiz olub. Qeyd edim ki, seçkilərdə prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki platforması olub. Biz hər zaman parlamentdə Azərbaycanın müxalifət kəsimini təmsil etmişik. 70-dən artıq rayon şöbəmiz, minlərlə üzvümüz var. Bütövlükdə biz bir müxalifət düşərgəsiyik. Amma bu cür müzakirələr haqda, ölkədə tanınan siyasi təşkilatlar haqda Əli Əliyevin və ya digər kiminsə bu cür yanaşması kökündən yalnışdır. Bu fikirləri səsləndirən qaragüruhçu şəxslər öz kimliklərinə diqqət etməlidirlər. Jurnalistlər ciddi araşdırma aparsalar, onların kimliyi hər kəsə bəlli olar. Burada söhbət ictimai nüfuzdan gedir.

- Siz “Facebook” sosial şəbəkəsində bildirmisiniz ki, Əli Əliyev hakimiyyətə yaranmaq üçün parlament seçkilərində öz dairəsini dəyişib və İsa Qəmbərə alternativ olub.

- Bəli, o adamlar vaxtilə parlamentdə iqtidarın dəstəyilə düşmək üçün hansı oyunlardan çıxmadılar ki. Bundan elə də uzun müddət keçməyib. 2010-cu il parlament seçkilərinə diqqət etsinlər ki, o adamlar özləri hansı yollara əl atmışdırlar. İsa Qəmbər 2010-cu il parlament seçkilərində Yasamaldan namizəd idi. Seçki dairəsini dəyişib dərhal İsa Qəmbərə alternativ olan Əli Əliyev o dövrdə İsa Qəmbərə nə cür hücumlar etdi, bunu hər kəs gördü. Ömründə bir dəfə də ağıllı təklifi olmayan bir adamın indi partiylara bu cür ironiya ilə, gülüşlə yanaşması heç bir etik qaydalara uyğun deyil. Dünən efirdən də dedim ki, Əli bəy, siz xatırlayırsınızsa, Parlament seçkilərində İlham Əliyevin müxbirinə məğlub olmusunuz. Bütün oyunlarınıza baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin müxbiri həm İsa Qəmbərə, həm də Əli Əliyevə qalib gəldi. Yekun olaraq parlamentdə müxbir mandat qazandı. İlham Əliyevin müxbirinə məğlub olan bir siyasətçinin, partiya sədrinin bu cür ifadələr işlətməsi siyasi etikaya uyğun deyil.

- Azadlıq Partiyasının sədri Əhməd Orucu inəkotaran adlandırmısınız. Nəyə görə?

- Bu adam bir dəfə də olsun, siyasi failiyyəti ilə gündəmdə olmayıb. O, daha çox inəkləri ilə ölkə gündəmində ad çıxarıb. İndi Əhməd Orucun hansısa böyük bir təşkilatların müzakirəsinə bu cür tənqidi yanaşması kökündən yalnışdır. Hamı bilir ki, kimlərsə siyasi sürüşkənliyinə görə hansı qapılardan qovulubdur. Biz uzun illərdir bu siyasi proseslərin içindəyik. Mənə cavabında Əli Əliyev deyir ki, Niyaməddin Orduxanlı da parlamentə seçilə bilməyib. Bəli, mənim faktiki 40 yaşım var. 3 dəfə parlament seçkilərində iştirak etmişəm və məğlub olmuşam. Amma bu məğlubiyyəti bir faciəyə çevirməmişəm, kiməsə böhtan atmamışam, siyasi əqidəmi dəyişməmişəm. 20 il ərzində seçkilərdə məğlub olsam da, partiyamı dəyişməmişəm. Yenə də BAXCP-dəyəm və yenə də Qüdrət Həsənquliyevin müaviniyəm. Siyasətdə məğlub olmaq ayıb deyil. Amma öz potensialını, öz gücünü hesablayıb çıxış etmək siyasətçiyə uyğundur. Gündə bir partiya, gündə bir mövqe dəyişib, ittiham irəli sürəndə bu cür arqumentlərlə qarşılaşmalı olurlar. Biz istənilən partiya ilə ölkənin ictimai-siyasi həyatı haqqında müzakirələr etməyə açığıq. Bunları narahat edən ən əsas məsələ odur ki, birdən iqtidarla hər hansı bir dialoq olar, Əli Əliyev və Əhməd Oruc kənarda qalar. Bu qorxuya görə də belə ittihamlar irəli sürürlər.

Xəyalə

AzNews.az