Azərbaycanlı partiya sədri Dövlət Baxçalının addımını dəstəklədi

"Türkiyənin qazandığı qələbə bizim də qələbəmizdir"

Bu gün Türkiyənin Böyük Millət Məclisində Milliyətçi Hərəkat Partiyasının qrup iclası keçirilib.

İclasda partiya sədri Dövlət Baxçalı çıxış edib. Onun çıxışı zamanı əsas məsələlərdən biri Suriyada gedən proseslər, Rusiya ilə Türkiyə arasında İdliblə bağlı aparılan danışıqlar olub.

Mövzu ilə bağlı Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyevlə əlaqə saxladıq.

B. Quliyev AzNews.az-a açıqlamasında dedi ki, Dövlət Baxçalı bundan qısa müddət əvvəlki çıxışında İran, Rusiya tərəfli qüvvələr, Bəşər Əsəd tərəfdarlarının apardığı xəyanətlər, qışın bu vaxtında İdlibdən camaatın yerlərindən didərgin salınması ilə bağlı Rusiyanın tərəfdaş kimi Soçi anlaşmasının üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyini bildirmişdi:

“D. Baxçalı Rusiyanı düzgün addımlar atmamasına və humanitar məsələlərdə problem yaratmasına görə qınamışdı. O bildirmişdi ki, bu məsələlərdə Rusiya dövlət və tərəf müqabili kimi güvəniləsi deyil. Bu gün D. Baxçalı TBMM-də yenidən çıxış etdi. Bildirdi ki, Rusiya tərəfi istər 1993-cü ildə, istər 1945-ci ildə Azərbaycanda və ümumiyyətlə bölgədə Türkə qarşı Rus imperiyasının bütün mövqeyini ortaya qoyub. Eyni zamanda 1990-cı illərdən bəri azərbaycanlıların Qarabağla bağlı problemlərindən danışdı”.

CXP sədri məsələ ilə bağlı MHP-nin sədr müavini Dəniz Depboyla əlaqə saxladığını qeyd edib:

“Dəniz xanımla telefon danışığında ona öz adımdan təşəkkürümü bildirdim. Qeyd etdim ki, CXP olaraq biz MHP-nin sədri Dövlət Baxçalının atdığı bu addımı dəstəkləyirik. Çünki bu kimi proseslərdə türkçü, millətçi qüvvələr bir platformadan çıxış etməlidir. Düşmənimizin bu bölgədə eyni olması bunu bir daha təsdiqlədi. Faktiki olaraq Azərbaycan müstəqil olduqdan sonra oğuz türkünün başına gələn bəlalarla bağlı bölgədə Rusiyanın qarşısına çıxan yox idi. Bölgəni neçə müddət idi ki, parçalayıblar. Bölgə sahibsiz qalmışdı. İstər Mosul, istər Kərkük, istər Hələb, istər Qarabağda Rusiyanın atdığı addımların qarşısına çıxan yox idi. Bu gün Türkiyə onlara qarşı çıxır, bölgənin tarixini dəyişir. Türkiyənin qazandığı qələbə bizim də qələbəmizdir. Bu bölgədə Türk sözünü deməlidir. Necə ki, 1918-ci ildə Nuru Paşa bura gələndən sonra dəyişikliklər olmuşdu. Bu dövrlər yeni bir başlanğıcdır. Türk dünyasının toparlanması dövrü başlayır. Baş verənlər birgə təbliğat aparılması, Türkdilli dövlətlərin bir arada olmasının, bundan sonra siyasəti birgə aparmasının vacibliyini yenidən diqqət mərkəzinə gətirdi. O cümlədən, D. Baxçalıya salamlarımızı çatdırıb, Azərbaycan xalqının onu dəstəklədiyini bir daha vurğuladıq”.

Pərvanə