Pakistan Əfqanıstan sərhədində hava zərbələri endirib: 28 terrorçu öldürülüb

Pakistanla Əfqanıstan arasında gərginlik iki ölkənin sərhəd xəttində silahlı hücumların artması fonunda yenidən yüksəlib.

Pakistanın Hayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinə qarşı hücumlardan sonra İslamabad Əfqanıstan sərhədindəki bəzi məntəqələrə hava zərbələri endirdiyini açıqlayıb.

Terrorçu hədəflərə hava zərbələri

Pakistan İnformasiya Nazirliyinin yaydığı açıqlamada Əfqanıstan sərhəd bölgəsindəki “terrorçu hədəflərə” hava zərbələri endirildiyi bildirilib.

“Ölçülü” kimi xarakterizə edilən zərbələrin Hayber Paxtunxvada son terror hücumlarına görə məsuliyyət daşıyan qrupların gizləndiyi məntəqələri hədəf aldığı qeyd olunub.

28 terrorçu öldürülüb

Açıqlamada “İntiharçıların təlim mərkəzi də daxil olmaqla üç hədəf dəqiq zərbələrlə məhv edilib və çox sayda intiharçı ilə birlikdə 28 terrorçu öldürülüb”, - deyə bildirilib.

Həmçinin qeyd olunub ki, etibarlı kəşfiyyat məlumatları əsasında Əfqanıstan sərhədində Pakistan Talibanı kimi tanınan “Təhrik-i-Taliban Pakistan” (TTP) və onunla əlaqəli qruplara məxsus terror düşərgələri və sığınacaqlar dəqiq əməliyyatlarla hədəfə alınıb.

Mülki yaşayış məntəqələri də zərər görüb

Əfqanıstan rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində mülki yaşayış məntəqələrinə də ziyan dəyib.

Kunar əyalətinin Nurgal bölgəsində bir ev tamamilə dağılıb. Hücum nəticəsində eyni ailənin üç üzvü ölüb, dörd nəfər yaralanıb.

Paktika əyalətinin Barmal bölgəsində isə bir mağaza və istifadə olunmayan evin dağıldığı bildirilib.

Nə baş vermişdi?

Pakistanın Hayber Paxtunxva əyalətinin Kohat bölgəsində cümə günü polis bölməsinin ərazisindəki məscidin yaxınlığında hücum baş vermişdi.

Cümə namazı zamanı törədilən bombalı hücum nəticəsində 16-sı polis olmaqla 31 nəfər həyatını itirmişdi.

Əyalətin Həngu bölgəsində isə dünən silahlılarla baş verən toqquşmada Pakistan ordusunun beş hərbçisi öldürülüb.

Mövsüm,

AzNews.az