ABŞ koronavirusa görə Azərbaycana 1,7 milyon dollar ayırdı

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb

ABŞ koronavirusla mübarizə çərçivəsində Azərbayacana 1,7 milyon dollar maliyyə yardımı göstərib.

AzNews.az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytı məlumat yayıb.

Açıqlamada bildirilir ki, 1,7 milyon dollar məbləğindəki yardım Azərbaycanda laboratoriya sistemlərinin hazırlanmasına, yoluxma hallarının araşdırılması və faktlara əsaslanan nəzarəti aktivləşdirməyə, texniki mütəxəssislərin hazırlığına, risk kommunikasiyasını möhkəmləndirməyə kömək edəcək.

Həmçinin qeyd olunur ki, son 20 ildə Birləşmiş Ştatlar təkcə Azərbaycanda səhiyyə sahəsinə 41 milyon dollara yaxın yardım edib və ümumilikdə müxtəlif sahələrə 890 milyon dollardan çox sərmayə qoyub.

Qeyd edək ki, ümumilikdə koronavirusla mübarizə üçün yardım məqsədilə 274 milyon dollar ayrılıb. Bura Afrika, Avropa və Avrasiya, Asiya, Latın Amerikası və Karib dənizi, Orta Şərq və Şimali Afrika, BMT təşkilatları və agentlikləri daxildir.