- Siyasi müzakirə
- 3 İyun 16:04
- 2 938
“Tarix Təkrarlanırmı? Rusiya-Ukrayna münaqişəsində Perl-Harbor paralelləri”

“Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində beynəlxalq səviyyədə çağırışlar edilir. Xüsusilə Türkiyə hər iki dövlətlə qonşuluğu, balanslı siyasətini qoruyub saxlaması və Qara dəniz regionunda sabitlikdə maraqlı olması baxımından bu prosesdə fəal rol oynamaqdadır. 2022-ci ilin fevralında müharibə başladıqdan sonra iki ölkə arasında ilk rəsmi təmaslar məhz Ankara vasitəsilə baş tutmuş, nəticədə “Taxıl sazişi” imzalanmışdı. Münaqişənin uzanması fonunda Prezident Ərdoğan sülh sammitinə ev sahibliyi etməyə hazır olduğunu bəyan etmiş və bu təşəbbüs beynəlxalq dairələrdə müsbət qarşılanmışdı. Bu, Türkiyənin vasitəçilik səylərinə olan etimadın göstəricisi sayıla bilər. May ayında İstanbulda baş tutan danışıqların təşkilinə hazırlıq zamanı Tramp da, əgər Putin iştirak etsə, görüşə qatıla biləcəyini açıqlamışdı”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, İstanbulda Ukrayna ilə Rusiya arasında danışıqların növbəti raundu keçirilib. İlk raund da məhz Türkiyədə baş tutmuş və müəyyən irəliləyişlər qeydə alınmışdı. Hazırkı görüşlər regionda sülhün bərqərar olunması yönündə vacib addım kimi dəyərləndirilir. Bununla belə, münaqişənin mürəkkəb xarakteri və tərəflər arasındakı kəskin mövqe fərqləri ciddi narahatlıq doğurur.
Siyasi şərhçi qeyd edib ki, sülh çağırışlarına baxmayaraq, tərəfləri masa arxasında bir araya gətirəcək siyasi və hərbi reallıq hələ formalaşmayıb.
“Danışıqlar nəticəsində əsir mübadiləsi ilə bağlı razılaşma əldə olunması müəyyən dərəcədə irəliləyiş sayılsa da, əsas münaqişə nöqtələri üzrə konsensusa gəlmək mümkün olmayıb. Tərəflər qarşı-qarşıya duran mövqelər nümayiş etdirir. Görüş öncəsi yayımlanan sənədlər də bunu təsdiqləyir. Moskva hazırda nəzarətində olan ərazilərlə kifayətlənmir, Donbasın tam inzibati sərhədlərini, o cümlədən nəzarətində olmayan hissələrini də tələb edir. Ukrayna isə ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır. Kreml Kiyevin neytral statusa keçməsi, hərbiləşmənin ləğvi, siyasi və hərbi baxımdan Rusiya üçün təhdid hesab ediləcək kurslardan imtina edilməsini irəli sürür. Ukrayna öz növbəsində silahlı qüvvələrini istədiyi şəkildə formalaşdırmaq hüququna malik olduğunu bildirir, “denasifikasiya” tezisini qəbul etmir və istədiyi beynəlxalq təşkilatlara, o cümlədən Avropa İttifaqı və sonrakı mərhələdə NATO-ya üzv olmaq niyyətini açıq şəkildə ifadə edir. Bu yanaşmalar arasında ortaq məxrəc yoxdur. Danışıqlarda yalnız əsirlərlə bağlı anlaşmanın əldə olunması Türkiyənin insani mövqeyə üstünlük verdiyini, münaqişə şəraitində belə əməkdaşlığa imkan yaratdığını göstərir. Gündəmdə olan əsas suallardan biri Ukraynanın bu mövqedə nə qədər davam gətirə biləcəyi ilə bağlıdır. Bir tərəfdən Rusiyanın hərbi gücü, mövqelər üzərində nəzarəti genişləndirməsi, digər tərəfdən isə Ukraynaya göstərilən beynəlxalq dəstəyin sabitliyi və ya zəifləməsi bu məsələni müəyyənləşdirəcək amillər sırasındadır”.
Siyasi şərhçi əlavə edib ki, son günlər Ukrayna Rusiyanın arxa cəbhəsində yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib və bunun nəticəsində ciddi maddi ziyan vurulduğunu bəyan edib:
“Rusiya isə hərbi imkanlarını qoruyub saxlayır. Enerji ixracından əldə edilən gəlirlər əvvəlki illərlə müqayisədə azalsa da, hərbi əməliyyatlarda irəliləyiş qeydə alınır. Yeni sanksiya təşəbbüslərinə dair çağırışlara cavab verilməyib. ABŞ-da keçirilən görüşlərdə Ukraynaya razılaşmalar üçün təzyiq göstərildiyi haqda məlumatlar yayılıb. Bu proses fonunda Kiyevin əsas ümid yeri Avropa ölkələri idi. Lakin siyasi mənzərə burada da dəyişməyə başlayır. Məsələn, Polşada keçirilən seçkilərdə NATO-ya üzvlüyü real saymayan Karol Naurotskinin qələbə qazanması Avropa daxilində danışıqları dəstəkləyən qüvvələrin artdığını göstərir. Bu isə Ukraynanın arxasında dayanan koalisiyanın zəifləyə biləcəyi ehtimalını artırır. Mövcud vəziyyət göstərir ki, müharibənin başa çatması üçün tərəflərdən biri üstünlük əldə etməlidir. Bəzi rus analitikləri son hücumları “Rusiyanın Perl-Harboru”na bənzədir. Tarixdə ABŞ bu hücumdan sonra müharibəyə daxil olmuş, nəticədə Yaponiyanın müqavimətini qırmaq üçün nüvə silahından istifadə etmişdi. Rusiya bu silaha hələ əl atmayıb. Tarixi paralellər onu göstərir ki, yalnız tərəflərdən birinin iradəsi tükəndikdə sülhə yaxınlaşmaq mümkün ola bilər. Nəticədə əldə olunan razılaşma isə hər zaman ədalətli sülh anlamına gəlməyə bilər. Hazırkı mənzərə Suriya nümunəsində olduğu kimi, müharibənin uzadılaraq tükətmə strategiyasına xidmət etdiyini də istisna etmir. Əgər bu yanaşma davam edərsə, Rusiyanın Ukraynanın cənub sahillərinə tam nəzarət etməsi və Avropa sərhədlərinə birbaşa çıxışı reallaşarsa, bu, qitə üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az