"Bütün həyəcanımı studiyanın kənarında qoyub, efirə başladım" "Bütün həyəcanımı studiyanın kənarında qoyub, efirə başladım"
  • Hadisə
  • 15 Yanvar 2019 16:19
  •  56 060

“Aparıcı olmasaydım, aktrisa olardım...” - Jalə Həsənli ilə “30 Altı”da

"Bütün həyəcanımı studiyanın kənarında qoyub, efirə başladım"

AzNews.az-ın “30 Altı” layihəsinin bu həftəki müsahibi “Azad Azərbaycan” televiziyasının tanınan simalarından biri, aparıcı Jalə Həsənlidir.

Özü haqqında: “Mən Jalə Həsənli, 20 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olmuşam. Bakı Slavyan Universitetinin Pedaqoji (Rus dili və Ədəbiyyatı) fakultəsinin bakalavr pilləsini bitirmişəm. Daha sonra həmin universitetdə ixtisasartırma kursu keçərək, Azərbaycan dili və Ədəbiyyatı ixtisasına da yiyələnmişəm. Ailəliyəm, 4 yaşında 1 oğlumuz var. İşlərimin çoxluğu baxımından hələ ki, təhsilimi magistr pilləsi ilə davam etdirə bilmirəm. Amma məqsədli insanam. Qarşıma qoyduğum bütün məqsədlərimə Allahın da izni ilə, nail olmuşam. Əminəm ki, təhsilim sahəsində də uğur əldə edəcəyəm”

- Həyat yoldaşınızla birgə işləyirsiniz. Bunun hansısa mənfi və ya müsbət yanları varmı? İki jurnalistin başı “bir qazanda qaynayırmı”?

- Ümumiyyətlə, bizim ailədə “2 qoçun başı 1 qazanda qaynamaz” prinsipi yoxdur. Ortaq fikirlər, ortaq məsləhətlər var. Bəzən tərəddüdlü məqamlar olur ki, birgə düşünüb, məntiqli həlli yolunu tapmağa çalışırıq. İşdə də belə olur. Onun həm təhsili, həm dünyagörüşü, həm iş təcrübəsi imkan verir ki, mən alacağım qərarları daim onunla məsləhətləşim. Qaldı ki, bir yerdə işləməyin müsbət və mənfi tərəflərinə… Artıq uzun illərdir ki, bərabər çalışırıq. Bu günə kimi mənfi tərəfi olmayıb. Əksinə, düşünürəm, mən çox xoşbəxtəm ki, mənim həyat yoldaşım elə mənimlə birgə işləyir. İşdə müsbət və ya mənfi hadisə yaşandığı bir məqamda da ilk üz tutduğum, məsləhət aldığım insan yenə o olur. Bəzən ayrı-ayrı sahələrdə işləyən insanlar arasında anlaşılmazlıq, qısqanclıq kimi hallar yaşanır. Bizdə dostlar, tanışlar ortaq olduğuna görə bu kimi problemlər yaşanmır. İndi güvənə biləcəyin çox az adam var. İşdə də güvəndiyin insan sənin ailəndirsə, bundan daha gözəl nə ola bilər ki?

- Ev işlərinə vaxtınız olur, yoxsa iş qadınısınız?

- Qadın həm ailəsini, həm işini çox sevirsə, o, mütləq hər şeyi qaydasına salmağı bacaracaq. Mən efirə çıxıb, tamaşaçılara xoş əhval- ruhiyyə bəxş etməyi bacardığım kimi, evə gəlib, pəncərə silməyi də, mətbəxə keçib, yemək bişirməyi də bacarıram.

- Paylaşımlarınızdan hiss olunur ki, övladınızla daha çox vaxt keçirirsiniz. Bəs boş vaxtlarınızı başqa necə dəyərləndirirsiniz?

- Öz üzərimdə çalışan insanam. Daim nələrisə araşdırıb, yeni nələrisə öyrənirəm. Ona görə də işdən sonrakı vaxtlarda kitab oxumağa və ya internetdən maraqlı məlumatlar əldə etməyə çalışıram. Çox vaxt isə “origami” sənəti ilə məşğul oluram. Məsələn, hansısa heyvan fiqurunun internetdə necə hazırladığına baxıram və oğlum üçün onları hazırlayıram. Daha sonra isə onları rəngləməyə başlayırıq. Bərabər kiçik matorika oyunları oynamağı çox sevirik. Ən sevimli məşğuliyyətlərimizdən biri də karaokedə ifa etməkdir. “Крокодил Гена - День рождения” mahnısını bizim mahnımız hesab etmək olar .

- Aparıcı kimi fəaliyyətə nə vaxtdan başlamısınız? Sizcə, işinizin öhdəsindən layiqincə gəlirsiniz?

- Tamaşaçılar məni ilk dəfə 2012-ci ildə “ATV Səhər” verlişinin efirində müxbir kimi gördülər. Daha sonra isə “Şarm” verlişində aparıcı-müxbir oldum. Dəblə, gözəlliyin sirləri ilə bağlı ən son yenilikləri təqdim edirdim. Bundan başqa, əksəriyyətin, xüsusilə də toy ərəfəsində olan cütlüklərin marağını çəkən “Bəy-gəlin” rubrikasını təqdim etdim. Özəlliyi ondan ibarət idi ki, Şarm kollektivi olaraq biz bəy-gəlinin saçının, vizajının hazırlanmasını, geyimlərini, çəkilişin özünü belə bəy-gəlinə hədiyyə edirdik. Bu günə kimi tamaşaçıların əksəriyyəti məni “Şarm Jalə” kimi xatırlayırdı. Daha sonra bir sıra layihələrdə redaktor kimi çalışdım. Və nəhayət, 2018-ci ilin 7 martından etibarən “ATV Səhər” verlişində ilk canlı efirimə başladım. Televiziya sahəsində çalışanlar tam məsuliyyəti ilə dərk edirlər ki, aparıcı kimi ilk dəfə canlı efirə çıxmaq çox çətin və ağırdır. Amma eyni zamanda çox şərəflidir, məsuliyyətlidir. İlk dəfə orda çıxış edəndə düşündüm ki, Jalə, ya bu sənin uğurunun başlanğıcı olan ilk efirin olacaq, ya da ki başlamadan bitən sonuncu efirin. Ona görə də bütün həyəcanımı studiyanın kənarında qoydum və efirə başladım. Qaldı ki, öhdəsindən gəlib, gəlməməyimə… Bunu mənim qiymətləndirməyim düzgün olmaz. Qoy, illərdir bu sahədə çalışmış, həyatını televiziyaya həsr etmiş peşəkarlarımız və hər səhər evinə qonaq olduğum minlərlə tamaşaçımız buna qiymət versin.

- Jurnalist olmasaydınız, hansı sahə ilə məşğul ola bilərdiniz? Marağınızı çəkən və bacaracağınızı düşündüyünüz sahə hansıdır?

-
Baxmayaraq ki, öz ixtisasım müəllimlikdir. Mən hər zaman ADMİU-də təhsil almağı arzulamışdım. Düşünürdüm ki, mən çox yaxşı dram aktrisası ola bilərəm. Müharibə illərindən bəhs edən və ya hansısa tarixi bir filmdə vətəninə bağlı olan bir xanım obrazını canlandıra bilərdim. Qısacası, bu sahədə olmasaydım, böyük məmnuniyyətlə, aktrisa olardım.

- Bir çox tanınan geyim mağazasına modellik edirsiniz. Həm ailə, həm işiniz... bütün bunlara vaxt çatdırmaqda çətinilik çəkmirsiniz?

- Deyirlər, insanın istəyib də, öhdəsindən gələ bilməyəcəyi heç nə yoxdur. Bir işə sevgin varsa, ən yorğun anın da belə ondan zövq almağı bacarırsan. Məndə də belədir. Yanında səni başa düşən, sənə mənəvi dəstək olan bir ailən varsa, həyatda əldə edə bilməyəcəyin, çatdıra bilməyəcəyin heç nə yoxdur.

- İşlədiyiniz televiziyada bir çox filmlər çəkilir. Heç təklif aldığınız film olub?

- Bəli, təkliflər olub. Bir serialda rol da almışdım. Rejissorun dediyinə görə, pis alınmamışdı.

- Azərbaycan efirində peşəkar jurnalist kimi görürsünüz və hansı xüsusiyyətlərinə görə?

- Düşünürəm ki, Azərbaycan efir məkanında nitqinin səlistliyinə, rəvanlığına, efir etikasına ciddi əməl edən kifayət qədər jurnalist var. Amma ad çəkməklə ayrı-seçkilik etmək istəməzdim.

- 7 illik jurnalist təcrübəsi olan biri kimi, jurnalist təhsili alan tələbələrə, bu sahəyə yeni başlayanlara nə demək istərdiniz?

- Məşğul olduğumuz sahə, çox maraqlı sahədir. Daim öz üzərimizdə çalışmağımızı tələb edir. Bunun üçün həmişə araşdırırıq, yeni məlumatlar əldə etməyə çalışırıq. Bir sözlə, uğur qazanmaq istəyirsinizsə, dayanmaq olmaz! Necə deyərlər, həyat velosiped sürməyə bənzəyir. Tarazlığı qorumaq və irəli getmək üçün hər zaman mütləq hərəkətdə olmalısan.

Səidə Nurməmmədli
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description