İlham Əliyev mənə mükafat verəndə çox həyəcanlı idim - gənc iş adamı

Bizim şirniyyatlar artıq 8 ölkədə təmsil olunur.

“Xeyirli olsun” layihəsinin bu dəfəki müsahibi "Buta Art Sweets" şirniyyat brendinin yaradıcısı Sara Rəcəblidir.

- Zəhmət olmasa, özünüz haqqında məlumat verin.

- Mən Rəcəbli Sara, 22 yaşım var. Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və Otelçilik ixtisasını bitirmişəm. Universitetə daxil olanda özümə söz vermişdim ki, çox aktiv tələbəlik illəri keçirəcəm, könüllülük fəaliyyətimi gücləndirəcəm. Həmin illərdə Azərbaycanı müxlətif proqramlarla 12 ölkədə təmsil etmişəm.

- Buta Art Sweets şirkəti haqqında məlumat verə bilərsiniz?

- Buta Art Sweets 2017-ci ildən fəaliyyət göstərir. Burada müxtəlif fiziki məhdudiyyətli xanımlar şirniyyatlar hazırlayır, biz isə həmin şirniyyatların satışını təmin edirik. Daha çox müxtəlif şirkətlərlə əməkdaşlıq edirik, çünki fərdi şəxslərin beynində müxtəlif streotiplər var. Onlar düşünür ki, bunu əlil şəxs hazırlayırsa, deməli o heç vaxt yaxşı ola bilməz. Bizim şirniyyatlar artıq 8 ölkədə təmsil olunur. Böyük tədbirlərdə iştirak etmişik. BBC və Avropa İttifaqının kanalı bizim xanımlarımızla müsahibələr ediblər. Biz Azərbaycanın ilk sosial biznes brendi olaraq Yunus&Youth Sosial Sahibkarlıq Proqramına qəbul olmuşuq. Eyni zamanda ən böyük uğurlarımızdan biri də BMT səviyyəsində Azərbaycanın ilk sosial biznes brendi kimi təmsil olunmağımızdır.

- Bu şirkəti yaratmaq necə ağlınıza gəldi?

- Universitetin ilk kurslarından sosial sahibkarlığa böyük marağım var idi, müxtəlif treyninqlərə və layihələrə qatılırdım. 2017-ci ildə universiteti bitirəndə təqaüdümdən yığdığım 160 manat pulum var idi. O pulla sosial dəyəri olan layihə yaratmaq və davamlı olaraq onu inkişaf etdirmək istədim. Uşaqlıqdan şirniyyatı çox sevirdim. İstədim ki, ona bir sosial dəyər qatım. Eyni zamanda həssas əhali qrupunun problemlərinin bir qismini həll edən bir iş olsun. Bunları birləşdirərək bu idea mənim ağlıma gəldi. Düzdür, bunu birdən-birə tapmadım, çox düşündüm, çox insan mənə kömək oldu və bu idea gələn kimi planlarımı yazmağa başladım.

- Şirniyyatları xüsusi ehtiyacı olan xanımlar hazırlayır. Onları hardan tapırsınız?

- Birinci sosial şəbəkələrdə elan verməyə başladım, amma uğursuz alındı. Daha sonra QHT-lərə və əlil qadınlar cəmiyyətinə müraciət etdim ki, orda fiziki məhdudiyyətli xanımları tapa bilim. Orada şirniyyat bişirməklə məşğul olan xanımlara zəng etdim, qiymətləri öyrəndim. Onlar evdə şirniyyat hazırlayırdı, bizim komanda isə həmin şirniyyatların satışını təmin edirdi.

- Hal-hazırda neçə nəfərlə birgə işləyirsiniz?

- Artıq bir il yarımdır fəaliyyətdəyik və hal hazırda komandamızda 17 xanım var.

- Bu işi görmək istədiyinizi deyəndə ailəniz və ətrafdakiların reaksiyası necə oldu?

-Əslində mən bu ideanı valideynlərimə deyəndə onlar buna qarşı idilər. Çünki valideynlər övladları universiteti bitirdikdən sonra hardasa işə düzəlib, işləməyini istəyirlər. Onlar üçün övladlarının öz fərdi layihəsinə başlamağı risklidir. Atam mənim fikrimə çox qarşı idi, deyirdi ki, mənim məşğul olduğum sahə çox yararsızdır. Demək olar ki, hər üsuldan istifadə edirdilər ki, mənim motivasiyamı salsınlar. Amma mən heç vaxt motivasiyadan düşmürdüm.

- İlk sifarişinizi xatırlayırsınız?

- İlk sifarişim fərdi şəxsdən gəlmişdi. Düzü, mən heç bunu gözləmirdim, çünki ilk sifarişimi yaxın dostumdan almışdım. O xaricdə təhsil alırdı və orda olanda mənim layihəm haqqında eşitmişdi. Azərbaycana gələndə isə ona şirniyyatlardan gətirməyi istəmişdi. Mən də təbii ki, ona həmin şirniyyatlardan apardım. Şirniyyatın dadını çox bəyənmişdi və məndən yenə paxlava istəmişdi. Mən bu dəfə də ona paxlavanı hədiyyə etmək istədim, amma o razı olmadı və məndən onu pul ilə aldı. Mən həmin günə qədər inanmırdım ki, kimsə bizim şirniyyatlardan ala bilər və buna görə də şok olmuşdum.

- Prezidentdən mükafat alıbsınız. Bu, necə hissdir? Həm prezidenti bu qədər yaxından görmək, hətta ondan mükafat almaq.

- Mən Sumqayıt şəhərində yaşayıram, amma iş yerim Bakıdadır. Həmin günü evə gəlmişdim, çox yorğun idim. 31 yanvar gecə saat 12-də mənə zəng gəldi ki, 1 fevral 07:30-da Bakı Konqres Mərkəzində olun, prezident özü gələcək və sizə gənclər mükafatı verəcək. Təbii ki, çox təəccübləndim, mənim üçün çox böyük və xoş sürpriz idi. Heç gözləmirdim bunu. Mənim adımın o siyahıya necə düşdüyünü özüm də bilmirəm. Prezidentin yanına gələndə, mənə mükafatı verəndə çox həyəcanlı idim. İlham Əliyevdən təbrik sözlərini eşitmək mənim üçün çox sevindirici və məsuliyyətli bir haldır. Çox adam məndən soruşur ki, mükafatı alandan sonra fəaliyyətini dayandıracaqsanmı? Amma mən bunun əksini edəcəm, daha da fəaliyyətimi artıracam və işləyəcəm.

- Öz biznesini qurmaq istəyən gənclərə nələr demək istəyərsiniz?

- Gənclərə məsləhətim budur ki, əgər bir ideaya inanırlarsa və çox həvəsləri varsa, heç vaxt təslim olmasınlar. Mütləq hər hansısa işə başlamadan əvvəl özlərinə “Niyə?” sualını verib cavab tapmağa çalışsınlar. Pul çox vacib amillərdən olsa da bu haqda çox düşünməsinlər, çünki belə olanda bizim çox sevdiyimiz sahə bizə xoşbəxtlik verməyəcək. Ən əsası isə “Niyə?” sualına cavab verə bilirsinizsə, siz heç nəyə təslim olmayacaqsınız, 1000 dəfə yıxılsanız belə 1001 dəfə ayağa qalxmağı bacaracaqsınız. Sosial sahibkarlıqda da digər sahibkarlıq sahələrindəki kimi problemlər var, amma biz öz işimizi seviriksə, mütləq onun öhdəsindən gəlirik.

Nigar CƏFƏR

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description