Paşinyanın gülünc “nöqtə” sayıqlaması hakimiyyətdə qalmaq üçün vaxt qazanmaqdan başqa bir şey deyil! Paşinyanın gülünc “nöqtə” sayıqlaması hakimiyyətdə qalmaq üçün vaxt qazanmaqdan başqa bir şey deyil!
  • Hadisə
  • 8 Oktyabr 2019 15:23
  •  5 506

"Azadinform": Ermənistan üçün “Valday şoku” və Paşinyanın “itmiş başı”

Paşinyanın gülünc “nöqtə” sayıqlaması hakimiyyətdə qalmaq üçün vaxt qazanmaqdan başqa bir şey deyil!

Heç kimə sirr deyil ki, Prezident İlham Əliyevin “Valday” klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Azərbaycanda və beynəlxalq arenada ciddi müzakirələrə gətirib çıxardı.

Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu prezident “Valday” klubunda bir daha səsləndirdi və bu bəyanatla Azərbaycanın ilkin, ənənəvi mövqeyindən imtina etmədiyini, onu sonadək qətiyyətlə qoruyacağını bütün dünyanın diqqətinə çatdırıb.

“Mən Ermənistan Baş nazirinin, təəccüb doğuran "Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı - dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ - Azərbaycandır və nida işarəsi”.

Hə, nöqtə qoymaq Paşinyanın işi və ümumiyyətlə başı üçün deyil. Çünki nöqtəni o ancaq Azərbaycanın diqtəsi altında qoya bilər. Bunun da şərti var: özü və indi Qarabağ torpağının üstündə gəzən digər ermənilər Azərbaycan bayrağının altından keçəndən sonra. Buna da çox qalmayıb. Qarabağın nidası ötən həftə Soçidə vuruldu. Qaldı Şuşada möhürünü vurmaq. Və o gün də uzaqda deyil.

Siyasətlə maraqlanan hamıya məlumdur ki, “Valday” dünyanın çox mühüm beyin mərkəzidir. Bu tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, İordaniya kralı, Qazaxıstan prezidenti, Fillipinin dövlət başçısı, dünyanın nəhəng siyasi elitasının nümayəndələri, ekspertlər, nüfuzlu jurnalistlər iştirak edirdilər. Politoloq Elman Nəsirovun dediyi kimi, amma Ermənistanın baş naziri isə populist, cəfəng və heç bir əsası olmayan absurd bəyanatlarını çox zaman daxili auditoriyaya ünvanlamaq məqsədilə çox kiçik bir çevrədə ifadə edir və bu bəyanatları daha çox öz adamları əhatəsində səsləndirir, bunlar əsasən daxili auditoriyanı sakitləşdirmək üçün səslənən fikirlərdir: “Amma onun absurd fikirləri heç bir halda yüksək tribunalardan qəbul edilmir”.

Deputat onu da əlavə edib ki, Paşinyanın beynəlxalq hüquqa zidd mövqeyi “Valday” Beynəlxalq Diskussiya Klubunda da Rusiya rəhbərliyi səviyyəsində təkzib edildi: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov söylədi ki, Paşinyanın “Dağlıq Qarabağ Ermənistanıdır” mövqeyi vaxtilə Albaniya rəhbərinin “Kosova Albaniyanındır” mövqeyi ilə həmahəng səslənir və qəbuledilməzdir. Bir daha bütün yanaşmalar onu göstərir ki, Azərbaycanın dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq rezonans doğurur, Ermənistanın baş naziri isə özünün getdikcə laxlamaqda olan hakimiyyətini qoruyub saxlamaq üçün daxili auditoriyaya ünvanlanmş cılız bəyanatlar səsləndirir”.

Akademik İsa Həbubbəylinin fikrincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunda həmin fikrin yalan olduğunu bəyan etməklə Ermənistan rəhbərliyinin ənənəvi yalançı mövqeyini bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa edib: “Nikol Paşinyanın sərsəm "Qarabağ Ermənistandır” mülahizəsinin sonunda işlətdiyi nöqtə işarəsi siyasi cəhətdən də özünün düşündüyünün əksinə olaraq onun xeyrinə deyildir. Çünki nöqtə qrammatik cəhətdən keçmiş, arxada qalmış, nəql edilmiş bir fikrin sonunda işlədilən işarədir. Bu mənada nöqtə işarəsi nəinki Qarabağın Ermənistana aid olmasının dünənki xülya olduğunu göstərir, hətta Paşinyanın yalanının da təzə əhvalat olmayıb, özünəqədərki Ermənistan rəhbərləri tərəfindən istifadə edilmiş uydurma bir vasitə olduğunu nəzərə çarpdırır”.

Akademikin qənaətinə görə, görünən bundan ibarətdir ki, Ermənistan xalqının gözünü yalan vədlərlə qamaşdırmağa çalışan Nikol Paşinyan erməni xalqı üçün başabəla oyunçular olmuş Sarkisyan və Koçaryanın istinad etdiyi durğun nöqtədə ilişib qalıb: “Bu, nöqtə işarəsinin ifadə etdiyi işğalçı hərbi-siyasi mətləb Ermənistanı böhranın dərin burulğanına salmış nöqtədir”.

Paşinyan başa düşməlidir ki, beynəlxalq təşkilatların dəyişilməz rəyi budur: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın gülünc “nöqtə” sayıqlaması isə hakimiyyətdə qalmaq üçün vaxt qazanmaqdan başqa bir şey deyil!

S.Məmmədli

AZADİNFORM