Trend: Azərbaycanı zirvəyə ucaldan Lider

Artıq bir aydan çoxdur ki, Azərbaycan Vətən müharibəsi aparır

Bu gün dünyanın nəzərləri Azərbaycana yönəlib. Azərbaycan son əsrlərin möhtəşəm zəfərini qazanır. Yazdığımız şanlı tarix, qazandığımız möhtəşəm qələbələr, bərpa etdiyimiz tarixi ədalət dillər əzbəridir. Azərbaycan xalqının başı ucadır. Bu, Ali Baş Komandanın, qəhrəman ordumuzun ucalığıdır! Biz təkcə torpaqlarımızı azad etmirik, həm də bölgəyə sülh, yeni reallıqlar gətiririk. Regionda əsrlər boyu oturuşmuş geosiyasi mövqelər dəyişir, güc nisbəti yenidən formalaşır. Bu tarixi missiyanı İlham Əliyev həyata keçirir. Bütün qələbələrimizin müəllifi odur!

Artıq bir aydan çoxdur ki, Azərbaycan Vətən müharibəsi aparır. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda uğurlu döyüşlər gedir. Azərbaycan əsgəri hər gün bir qədər də irəliləyir, qələbələri ilə xalqımızın qüdrətini bütün dünyaya göstərir. Bu qələbələr hər bir azərbaycanlının, ümumilikdə türk dünyasının fəxr, qürur mənbəyidir. Bu gün Azərbaycan cəmiyyətindəki möhkəm milli birliyin, görünməmiş vətəndaş həmrəyliyinin timsalında biz həm də sarsılmaz türk birliyinin yüksək nümunəsini müşahidə edirik.

Bu gün cəbhədəki real vəziyyət Azərbaycan ordusunun üstünlüyünü göstərir. Azərbaycan işğal altında olan digər rayonların azad edilməsinin növbəti mərhələsindədir. Azərbaycan xalqı tarixinin ən möhtəşəm, ən qüdrətli və ən qürurlu dövrünü yaşayır. Milyonlarla azərbaycanlı son yüzlikliklərdə rast gəlinməyən möhtəşəm qələbələrin sevincini dadır. Xalqımız heç vaxt olmadığı kimi həmrəydir, birdir, yüksək döyüş əzmindədir. Tarix boyu üzləşdiyimiz ədalətsizliklərə, işğala son qoyulur, insanların qəlbindəki nisgil, vətən həsrəti aradan qalxır. Azərbaycanın əraziləri ilə birgə qüruru, mənəviyyatı da bütövləşir.

Cəmi bir ay ərazində işğalçılara misli-bərabəri görünməyən dərs verilməsinə baxmayaraq, Ermənistan rəhbərliyi bundan nəticə çıxarmır. Paşinyan hakimiyyəti işağlçı və terrorçu niyyətindən əl çəkmir. Düşmən təslim olmaq əvəzinə beynəlxalq aləmdən imdad istəyir, havadarlarından kömək umur. Amma işğalçı rejim artıq meydanda tək qalıb. Müharibənin miqyasının genişləndirilməsi, digər ölkələrin döyüş əməliyyatlarına cəlb edilməsi cəhdləri baş tutmur. Xüsusilə də, son günlərdə erməni baş nazirin Rusiya Prezidentinə dəfələrlə zəng etməsi, dalbadal məktublar göndərərək hərbi yardım istəməsi növbəti dəfə nəticəsiz qalıb. Aydın məsələdir ki, Ermənistanın hərbi siyasi rəhbərliyinin məsuliyyətsiz və işğalçı mövqeyi heç bir halda dəstəklənə bilməz. İndi Ermənistan üçün ən düzgün yol məğlubiyyəti qəbul edib torpaqlarımızdan çıxmaq barədə öhdəlik götürməkdir. Paşinyan isə hələ ki, bunu etmir, özü ilə bərabər erməni xalqını da məhvə aparır.

Bu gün beynəlxalq aləm, o cümlədən qonşu ölkələr Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Torpaqlarını işğaldan azad etmək Azərbaycanın suveren hüququdur, öz daxili işidir. Digər tərəfdən isə, ortada Prezident İlham Əliyevin qətiyyəti, sərt və birmənalı mövqeyi var. Azərbaycan Prezidenti bütün dövlərdə olduğu kimi bu gün də ölkəmizin milli maraqlarını şərəflə qoruyur.

Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşməndən qarış-qarış, hissi-hissə təmizləyir. Bir neçə il ərzində işğal edilən ərazilərimizin təxminən yarısı cəmi bir aya azad edilib. Bu, ordumuzun gücünün və qüdrətinin göstəricisidir. Lakin, döyüşlərin indiki mərhələsi artıq çətin relyefli dağlıq ərazilərdə aparılır. Nəzərə almaq lazımdır ki, düşmən 30 ilə yaxındır bu ərazilərdə möhkəmlənib. Bütün bu amillər müəyyən ləngimələr yarada bilər. Prezident İlham Əliyevin məqsədi təkcə torpaqlarımızı azad etmək deyil, həm də döyüş meydanlarındakı əsgər və zabitlərimizi qorumaqdır. Unutmayaq ki, hər qarış torpağımız əsgərlərimizin qanı hesabına azad olunur. Ona görə də, döyüşlər düşünülmüş manevrlərlə aparılır. Hansısa ərazilərin tez və böyük itkilər hesabına deyil, təmkinlə, taktiki gedişlərlə, mərhələli şəkildə və az itki ilə azad etmək yolu seçilir. Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə xalqa verdiyi hər bir vədi yerinə yetirib. Əgər, Ali Baş komandan torpaqlarımızın tam azad olunacağına söz veribsə, deməli, tezliklə vədinə əməl edəcək, buna heç kimin zərrə qədər də şübhəsi olmamalıdır.

Azərbaycan Prezidenti işğalçıları torpaqlarımızdan qovmaqla təkcə ölkəmizin deyil, ümumilikdə regionun təhlükəsizliyini təmin edir. Bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirilir. İlham Əliyev Qarabağda tarixi haqq-ədaləti bərpa edir, işğala, terrora son qoyur. Xalqımız, ümumilikdə bütün Qafqaz uzun illərdir yaşadığı təhlükə və təhdidlərdən xilas olur. Bu tarixi missiyanı uğurla həyata keçirməklə Azərbaycan dövləti dünyada öz yerini və rolunu daha da möhkəmləndirir. Azərbaycan lideri onsuz da son on yeddi illik qətiyyətli fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi, dərin hörmət və ehtirama layiq dövlət başçısı kimi tanınıb, qəbul edilib. Lakin, İlham Əliyevin yaratdığı yeni reallıqlar, bölgədə tamamilə yeni dövrün başlanması onu dünya liderləri sırasında daha ön plana çıxarır.

Ermənistan isə günü bu gün də biabırçı məğlubiyyətindən nəticə çıxarmır, növbəti hərbi cinayətlərə əl atır. Mülki insanların sıx yaşadığı ərazilərin qadağan olunmuş silahlarla bombalanması, müharibə qaydalarının kobudcasına pozulması işğalçının mahiyyətini dünyaya göstərir. Amma heç bir qüvvə Azərbaycan xalqının birliyini sarsıda bilməz, düşmənin heç bir təxribatı ordumuzun döyüş əzminı qıra bilməz. Əksinə, terorçu rejimin vəhşilikləri Azərbaycan cəmiyyətində hiddəti daha da artırır, insanları daha sıx birləşdirir. Azərbaycan vətəndaşları düşmən terroru qarşısında sarsılmır, insan təlafatları olsa da xalqımız birliyini qoruyub saxlayır. Bu gün hər bir vətəndaşımız vətən, torpaq uğrunda bütün varlığı ilə səfərbərdir. Milli həmrəylik, Ali Baş Komandan ətrafında olan monolit birlik, Qarabağın azadlığı uğrunda mübarizə hər gün daha da güclənir.

Azərbaycanın necə bir mənfur düşmənlə mübarizə apardığı, hansı ağlasığmaz vəhşiliklərlə üz-üzə qaldığı göz önündədir. Biz misli-bərabəri görünməyən cinayətlər törədən terorçu və faşist mahiyyətli rejimlə döyüşürük. Paşinyan və onun Dağlıq Qarabağdakı quldurları uşaq qatilləridir. Onlar dinc insanları qətlə yetirməkdən zövq alır, onlar azərbaycanlıların qanına susayıb. Biz isə düşməndən fərqli olaraq sözümüzü yalnız döyüş meydanında deyirik.

Dağlıq Qarabağda yaşayan ermənilərin gələcək təhlükəsizliyinə gəldikdə isə, Azərbaycan həmişə buna yüksək zəmanət verib. Ümumiyyətlə, bizim düşmənimiz Qarabağdakı işğalçı və separatçı rejim, döyüş meydanlarında vuruşan ermənilərdir. Azərbaycan dövləti sadə, dinc erməni xalqını heç vaxt özünə düşmən bilməyib. Qarabağın erməni əhalisi də Azərbaycan vətəndaşlarıdır və Prezident İlham Əliyev onların həyatına, rifahına və firəvan gələcəyinə təminat verir.

Qarabağda daimi sülhün və təhlükəsizliyin təmin ediləcəyi gün uzaqda deyil. 30 ildən sonra bu torpaqlara yeni həyat veriləcək, tamamilə fərqli dövr başlayacaq. Qarabağ nəinki Azərbaycanın, Qafqazın ən gözəl guşəsinə, ən müasir və inkişaf etmiş mərkəzinə çevriləcək.

Sahil Kərimli,
Trend BİA-nın Baş redaktor müavini