Trend.az: Ter-Petrosyan yaxşı bilir ki, Ermənistanı süqut gözləyir - Elçin Mirzəbəyli

“Yeni müharibə Azərbaycan Ordusunun qələbəsi nəticəsində kapitulyasiyaya məcbur edilmiş Ermənistanın bir dövlət kimi məhv olması deməkdir"

Levon Ter-Petrosyan Robert Koçaryanın və Serj Sarkisyanın hakimiyyətə necə yiyələndiklərini, hansı ultramillətçi ideyalarla cəmiyyəti zəhərlədiklərini yaxşı bilir və başa düşür ki, Hnçak və Daşnaksutyunun başqa xalqlara nifrət üzərində qurulmuş xəstə ideyaları ilə Ermənistanı süqut gözləyir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mrzəbəyli bildirib ki, Ermənistanın sabiq prezidenti tamamilə doğru qeyd edir ki, Robert Koçaryanın revanşçı bəyanatları, Azərbaycanın hansısa ərazilərini yenidən nəzarətə almaq kimi xülyaları yalnız yeni müharibə nəticəsində baş verə bilər:

“Yeni müharibə isə Azərbaycan Ordusunun qələbəsi nəticəsində kapitulyasiyaya məcbur edilmiş Ermənistanın bir dövlət kimi məhv olması deməkdir. Mövcud iqtisadi imkanlar daxilində Ermənistanın Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş hərbi potensialını yenidən bərpa etmək üçün ən azı 30 il vaxt lazımdır. Azərbaycan isə öz ordusunu qalib gəldiyi, durduğu yerdən inkişaf etdirəcək və Ermənistan 30 ildən sonra darmadağın edilmiş potensialını bərpa edənə kimi, Azərbaycan bu ölkədən 60 il öndə olacaq. Şübhəsiz ki, Azərbaycanın həyata keçirdiyi yeni layihələri və iqtisadi gücünün daha sürətlə artma perspektivini nəzərə alsaq, Ermənistanın daha acınacaqlı şərtlər daxilində növbəti dəfə kapitulyasiyaya imza atması üçün bir neçə gün yetərli olacaq.

Petrosyanın da dediyi kimi, bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz bir parçası kimi tanıyır və tanımaqda davam edir. Bu reallıq isə heç zaman dəyişməyəcək. Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Şuşa şəhərində imzalanan müttəfiqlik bəyannaməsi də regiondakı proseslərin inkişaf dinamikasını bütün detalları ilə ortaya çıxarır. Ermənistanın ilk prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur ediləcəyi barədə söylədikləri də reallığı əks etdirir. Çünki Ermənistanın seçimi yoxdur, ya qonşu dövlətlərə, ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkərək, onlarla normal qonşuluq münasibətləri qurmaq üçün diz çöküb yalvaracaq, ya da səfalətin, aclığın, qarşıdurma və ziddiyyətlərin məngənəsində məhv olacaq.

Ermənistanda keçirilən seçki kampaniyasının gündəliyi də bu ölkənin siyasi təşkilatlarının anlaqsız vəziyyətdə olduqlarını sübuta yetirir. Əgər mövcud böhrandan siyasi çıxış yolu tapılmazsa, revanşçı davranışlara son qoyulmazsa, seçkidən sonra Ermənistanda vətəndaş qarşıdurması qaçılmaz olacaq”.