• Hadisə
  • 20 Noyabr 2022 16:00
  •  176 489

Ermənistanın "Ağacanyan planı" və Bakının diqtə etdiyi sülh variantı

Azərbaycanla Ermənistan yekun sülh müqaviləsi ilə bağlı aparılan danışıqların gərgin mərhələsinə qədəm qoyub. Bu səbəbdən, rəsmi İrəvan son mərhələdə Qarabağla bağlı güzəştlər əldə etmək üçün ziddiyyətli bəyanatlar səsləndirir, həmçinin müxtəlif qəbuledilməz "variantlar" önə sürür.

Məsələn, İrəvan gah Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, gah da Qarabağdakı erməni azlığa aid məsələləri öz nəzarəti altında sülh sazişinə daxil etmək istəyir.

Ermənistan aylardır Rusiya vətəndaşlığından imtina edərək Xankəndiyə köçən milyarder Ruben Vardanyanı Qarabağ ermənilərinin Azərbaycanla danışıqlarında vasitəçi kimi sırımağa çalışırdı. Hətta Vardanyana qondarma rejimin "dövlət naziri" vəzifəsi də verilib.
Çox ehtimal ki, Ermənistan bununla Azərbaycanın siyasi rəhbərliyinə mesaj göndərirdi ki, "Araik Arutunyanı cinayətkar hesab edirsiniz, onunla danışmaq istəmirsiniz, o zaman Qarabağda cinayətlər törətməyən Ruben Vardanyanla danışın".

Amma Prezident İlham Əliyev bu absurd variantı noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin (Dirk Schuebel) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə iflasa uğratdı.

Sitat: "Biz Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Bəzi ölkələrdən, yəni kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda proses daha dinamik gedə bilərdi".

Ölkə başçısının bu çıxışı ilə Vardanyan oyundan kənarda qaldı. Ermənistan "Ruben variantı"nın Azərbaycan tərəfindən qəbul olunmadığını görən kimi "B" planına start verib.

Məlumata görə, rəsmi İrəvan general-mayor Kamo Ağacanyanı Xankəndidə "vəzifəyə" təyin etmək istəyir.

Məqsəd isə azərbaycanlı olduğu iddia edilən, amma rəsmi şəkildə təsdiqlənməyən Ağacanyanı "Ruben variantı"na alternativ kimi təqdim etməkdir. Amma 44 günlük müharibə zamanı Ağacanyanın da əlinin azərbaycanlıların qanına batmadığına heç kim təminat verə bilməz. Çünki o, müharibədən əvvəl qondarma rejimin "Milli Təhlükəsizlik Xidməti"nin direktoru təyin edilmişdi. Döyüşlər başa çatan kimi isə "postundan" uzaqlaşdırılmışdı.

Ağacanyanın tərcümeyi-halı onun da hərbi-siyasi, hətta separatçı ambisiyalarının olduğunu gün üzünə çıxarır. Bakı isə hərbi-siyasi, separatçı ambisiyaları olan, xüsusilə azərbaycanlıların qanına əli batmış heç bir erməni milliyyətindən olan şəxslə müzakirə aparmağa razı olmayacaq.

Ümumilikdə Azərbaycan tərəfinin verdiyi bəyanatlar göstərir ki, həm Qarabağdakı separatçıların, həm də Ermənistan rəsmilərinin irəli sürdüyü "variantlar" özfəaliyyətdən başqa bir şey deyil. Çünki Azərbaycanın Ali rəhbərliyi Qarabağla bağlı öz variantını 44 günlük müharibədən qısa müddət sonra bəyan edib.

Azərbaycanın 5 maddədən ibarət sülh müqaviləsi variantında bu məqamlar qeyd olunub:

1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Azərbaycan təklif etdiyi 5 baza prinsipindən kənara çıxmamaq şərti ilə beynəlxalq oyunçuların da variantlarını nəzərdən keçirir. Amma Bakı Qarabağda yaşayan erməni azlıqla danışıqlar mövzunda nə beynəlxalq oyunçularla, nə Qarabağdakı separatçılarla, nədə ki, Ermənistan rəhbərliyi ilə müzakirə aparmaqda maraqlı görünmür.

Bakı özünün sülh variantında məlum gündəliklə və təxribatçı hədəflərlə prosesə daxil edilən Vardanyanlara və Ağacanyanlara yer vermək fikirində deyil. Çünki Azərbaycan Qarabağı daxili məsələsi hesab edir və ölkə daxilindəki hər hansı anlaşılmazlığı öz variantı ilə həll etmək istəyir.

Azərbaycan rəhbərliyi Qarabağda kiminlə nə vaxt, nə danışacağına özü qərar vermək istəyir. Ermənistanın isə bu prosesdə söz haqqı yoxdur!

Elvin Səxavətoğlu/Trend