- Siyasi müzakirə
- 7 Noyabr 21:58
- 2 059
“İbrahim Sazişlərinə qoşulmaq iqtisadi dividendlər və siyasi risklər yarada bilər” – Həşim Səhrablı
“Tramp administrasiyası İbrahim Sazişləri çərçivəsində, ümumilikdə, Azərbaycan və Ermənistanı da bu razılaşmalara daxil etməklə, Yaxın Şərqdə və Cənubi Qafqazda öz təsir imkanlarını artırmağı hədəfləyib. Çünki İbrahim Sazişləri elə bir formatdır ki, bu sazişə qoşulan hər bir ölkə artıq bir mənalı şəkildə ABŞ-ın və İsrailin müttəfiqinə çevrilir. Bu isə təbii olaraq, ABŞ-ın Atlantik okeanının o tayından Yaxın Şərqə və Cənubi Qafqaza qədər olan ərazilərdə yerli güclər üzərində təsir imkanlarını genişləndirərək, həmin dövlətləri öz tərəfdaş dairəsinə daxil etməsi deməkdir. Nəticədə bu, ABŞ üçün regional siyasətinin güclənməsi, maraqlarının qorunması və daha da genişləndirilməsi baxımından yeni imkanlar açır. Azərbaycanın bu prosesə – yəni İbrahim Sazişlərinə qoşulmasının üstünlükləri və risklərinə gəlincə, risklər baxımından ilk növbədə Rusiya və İran faktorları, daha sonra isə Çin amili nəzərə alınmalıdır. Rusiya və İran həm Cənubi Qafqazın şimal və cənub qonşuları kimi, həm də beynəlxalq siyasətdə mühüm çəkiyə malik dövlətlər olaraq bu razılaşmalara mənfi reaksiya verəcəklər. Əgər Azərbaycan və Ermənistan bu sazişlərə qoşularsa, böyük ehtimalla Rusiya və İran birləşərək bu ölkələrə qarşı müxtəlif təzyiq mexanizmlərini işə sala bilərlər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, "Times of Israel”in məlumatına görə, Tramp administrasiyası bu gecə daha bir ölkənin İbrahim Razılaşmalarına qoşulacağını açıqlayacaq. ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxışı zamanı gələcəkdə Azərbaycanın və Ermənistanın da bu prosesə cəlb oluna biləcəyini bildirib. Onun sözlərinə görə, Livan, Suriya və Liviya kimi ölkələrdə də normallaşma üçün müəyyən potensial mövcuddur.
Siyasi şərhçi bildirib ki, bu təzyiqlər yalnız siyasi deyil, həm də iqtisadi və hərbi müstəvilərdə özünü göstərə bilər.
"Bu dövlətlər mövcud təsir rıçaqlarından istifadə etməklə, Azərbaycanın və Ermənistanın İbrahim Sazişlərinə qoşulmasına cavab olaraq, onları “cəzalandırmaq” və ya çəkindirmək məqsədli addımlar ata bilərlər. Çin amili isə bu məsələdə üçüncü əsas risk kimi dəyərləndirilir. Hazırda Çin Cənubi Qafqaz siyasətində nisbətən yeni oyunçu olsa da, onun sürətli iqtisadi və texnoloji inkişafı, eləcə də Azərbaycanın Çinlə imzaladığı strateji tərəfdaşlıq razılaşmaları fonunda, İbrahim Sazişlərinə qoşulmaq bu münasibətlərə mənfi təsir göstərə bilər. Çin bu addımı öz xarici maraqları üçün təhlükə kimi qiymətləndirərsə, iqtisadi əməkdaşlığın həcmini azalda, texnoloji mübadiləni məhdudlaşdıra bilər. Bu da Azərbaycanın Çinlə yeni iqtisadi dividendlər, texnoloji təcrübə və ucuz istehsal məhsullarına çıxış imkanlarını zəiflədə bilər. Risklər arasında Türkiyə amili də xüsusi yer tutur. Çünki İbrahim Sazişlərinin əsas məğzi İsrailin təhlükəsizliyinin təmin edilməsinə dayanır. Əgər İsrail bu sazişlərdən öz maraqları naminə daha çox imtiyaz qazanmaq üçün istifadə edərsə, bu, Türkiyə üçün narahatlıq doğura bilər. Azərbaycan bu sazişlərə qoşularsa, bu addım Ankarada müəyyən narazılıq və hətta “şok effekti” yarada bilər. Ermənistanın bu sazişlərə qoşulması Türkiyə üçün birbaşa problem yaratmasa da, Azərbaycanın qoşulması birmənalı qarşılanmaya bilər. Bununla belə, Türkiyə bu məsələyə yalnız bir halda anlayış göstərə bilər — əgər Azərbaycan İbrahim Sazişlərinə qoşulduqdan sonra da xarici siyasətində Türkiyə ilə strateji müttəfiqliyi birinci prioritet kimi qorumağa davam edərsə. Lakin ümumilikdə, Türkiyə tərəfinin bu cür qoşulmaya isti yanaşmayacağı ehtimal olunur. Üstünlüklərə gəlincə, bunlar əsasən ABŞ və Qərb dövlətləri ilə əlaqələrin güclənməsi fonunda özünü göstərə bilər. Hər nə qədər ABŞ-ın qlobal təsiri son illərdə müəyyən qədər zəifləsə də, o, hələ də dünyanın aparıcı güc mərkəzidir. İbrahim Sazişlərinə qoşulmaq Azərbaycan üçün bu güc mərkəzi ilə strateji tərəfdaşlıq münasibətlərini dərinləşdirmək imkanı yaradar. Bu, həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində müəyyən faydalar verə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, ABŞ xarici siyasətində pragmatik və dəyişkən mövqeyə malikdir. Əgər Azərbaycanla əməkdaşlıq Vaşinqtonun maraqlarına uyğundursa, ABŞ Bakını müttəfiq kimi qəbul edəcək. Amma bu maraqlar dəyişərsə, ABŞ istənilən anda bu müttəfiqlik münasibətlərini ikinci plana ata və əvvəlki öhdəlikləri görməzdən gələ bilər. Bütün bu amilləri nəzərə alaraq, hesab edirəm ki, Azərbaycan hazırkı mərhələdə balanslaşdırılmış xarici siyasət kursunu qoruyub saxlamağa davam etməlidir. İbrahim Sazişləri müəyyən iqtisadi dividendlər vəd etsə də, bu, həm Rusiya və İranla münasibətlərdə gərginlik, həm də Çin və Türkiyə ilə əlaqələrdə mənfi təsirlər yarada bilər. Nəticə etibarilə, Azərbaycanın bu prosesdə ehtiyatlı davranması, regional və qlobal güclər arasında tarazlığı qoruması və milli maraqları prioritetdə saxlaması vacibdir. Tramp administrasiyasının təşəbbüsləri fonunda belə, Azərbaycan üçün əsas məsələ sülh, təhlükəsizlik və balanslı inkişaf siyasətini qorumaq olmalıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az