- Siyasi müzakirə
- 7 Noyabr 22:02
- 2 639
“Azərbaycan TRIPP layihəsində əsas tərəfdaş kimi önə çıxır” – Aytən Qurbanova
“TRIPP, yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” layihəsi Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni və strateji əhəmiyyətli nəqliyyat dəhlizi kimi təqdim olunur. Bu layihənin əsas məqsədi Xəzər dənizi üzərindən artan ticarət axınını stimullaşdırmaq, region ölkələrinin tranzit potensialını genişləndirmək və iqtisadi inteqrasiyanı gücləndirməkdir. Layihə yalnız infrastruktur və logistika baxımından deyil, həm də siyasi sabitlik və qarşılıqlı əməkdaşlıq nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Donald Trampın bəyan etdiyi kimi, bu marşrutun reallaşması Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşma nəticəsində mümkün olub. Məhz bu razılaşma regionda illərlə davam edən gərginlikdən sonra yeni əməkdaşlıq mərhələsinin başlanğıcını qoyur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp C5+1 görüşü zamanı TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsini elan edib. O bildirib ki, Xəzər dənizi üzərindən keçən bu yeni nəqliyyat dəhlizi Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafına və artan ticarətin stimullaşdırılmasına xidmət edəcək. Trampın sözlərinə görə, marşrutun reallaşması Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşma nəticəsində mümkün olub. “Bu razılaşma yeni “Tramp marşrutu”nun yaradılmasını da əhatə edir və bu, regionda sülh və rifah üçün mühüm addımdır”, – Tramp vurğulayıb.
Siyasi şərhçinin fikrincə, TRIPP təkcə iqtisadi layihə deyil, eyni zamanda sülhün, qarşılıqlı etimadın və regional sabitliyin rəmzi kimi dəyərləndirilir.
"Layihənin uğurlu icrası təkcə region ölkələri üçün deyil, həm də qlobal ticarət və enerji təhlükəsizliyi üçün mühüm nəticələr vəd edir. Bu dəhliz vasitəsilə Asiya ilə Avropa arasında yeni logistika xətti formalaşacaq, nəqliyyat xərcləri azalacaq, malların dövriyyəsi sürətlənəcək və investisiya cəlbediciliyi artacaq. Nəticə etibarilə, TRIPP layihəsi həm iqtisadi əməkdaşlıq, həm də geosiyasi balans baxımından regionda yeni reallıqların yaranmasına səbəb olur. Azərbaycan isə bu prosesdə mühüm tranzit mərkəzi və strateji tərəfdaş kimi çıxış edərək, öz üstün mövqeyini qoruyur. Ölkə həm nəqliyyat şəbəkələrinin inkişafı, həm də regional sabitliyin möhkəmləndirilməsi istiqamətində fəal rol oynayır. Bu baxımdan, TRIPP layihəsi Azərbaycanın regional liderliyini daha da gücləndirən və Cənubi Qafqazı beynəlxalq iqtisadi sistemə daha sıx inteqrasiya edən bir təşəbbüs kimi dəyərləndirilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az