Türkiyə Avropadan yardım istəyir

Türkiyə miqrasiya böhranı ilə mübarizə məqsədilə maliyyə yardımının təxminən iki dəfəyə qədər artırılması üçün Avropa Birliyinə müraciət edib.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, müraciətdə Türkiyə hökuməti yardımın 3 milyard avrodan 5 milyarda qədər qaldırılmasını istəyib. Bu maliyyə vəsaiti miqrantların ölkə ərazisində saxlanılması xərclərini təmin etməyə yönəldiləcək.

Bu barədə xarici mətbuata Avropa Birliyinin diplomatik dairəsindən olan mənbədən məlumat daxil olub.

"Ankara indi 5 mlrd.avro istəyir, amma biz yalnız söz verilən 3 mlrd. avronu ayırmağa hazırıq" deyə mənbədən bildirilib.

Türkiyəyə miqrasiya böhranı ilə əlaqədar maliyyə yardımı ayrılması məsələsini 2015-ci ilin oktyabr ayında Almaniya kansleri Angela Merkel qaldırıb. Həmin vəsait ölkəyə ona görə ayrılmalı idi ki, hökumət miqrantları öz ölkə ərazisində saxlasın və Avropaya qaçqın axınına yol verilməsin. Merkel Avropa Birliyi liderlərinin Türkiyənin bu quruma qoşulma prosesini intensivləşdirmək üçün razılığa gəldiklərini də qeyd etmişdi.

Həmin vaxt Almaniya kansleri həmçinin vurğulamışdı ki, Türkiyə 2 mln-dan artıq suriyalı qaçqının yerləşdirilməsi üçün 7 mld avro xərcləyib, halbuki Avropa Birliyi ölkələri ona yalnız 1 mld avro məbləğində yardım edib.

2015-ci il minlərlə insanın ölkəsindəki sosial-iqtisadi şərait üzündən və müharibə təhlükəsindən qorunmaq üçün Türkiyəyə, eləcə də Avropanın digər ölkələrinə üz tutması ilə yadda qaldı. Təkcə Türkiyə 2 milyondan çox suriyalı qaçqına qapısını açdı.

Ümumilikdə suriyalılardan ibarət təxminən 650 min nəfər Türkiyə və Yunanıstan vasitəsilə Avropaya axın etdi. Ötən il ərzində həmçinin Eritreya, Nigeriya və Somali kimi Afrika ölkələrindən də təxminən 150 min insan Aralıq dənizini keçib Avropaya miqrasiya etdi.

2015-ci ildə Maltada keçirilən sammitdə Avropa İttifaqı liderləri miqrant böhranının həllinə dəstək məqsədilə 2 milyard dollarlıq yardım paketinin ayrılmasına dair sənəd imzalamışdı.

Miqrasiya böhranının əlində aciz qalan Avropa ölkələri tək Türkiyənin 2 milyondan çox qaçqına sığınacaq verməsini nəzərə alaraq, bu ölkəyə söz verdiyi maliyyə yardımının göstərilməsinə tələsmir. Türkiyə hökumətinin maliyyə yardımının artırılması ilə bağlı müraciəti müsbət qarşılanmasa da, hər halda bununla söz verilən 3 mld avronun ayrılması məsələsi tezləşə bilər.