KTMT generalları - İrəvanda toplaşır

Sabah İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvü olan ölkələrin hərbi komitəsinin növbəti səkkizinci iclası olacaq.


Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

İnformasiyaya əsasən, iclasda iştirak etmək üçün bu gün İrəvana təşkilata üzv ölkələrin - Belarus, Qazaxıstan, Rusiya, Tacikistan silahlı qüvvələrinin baş qərargah rəisləri, həmçinin KTMT-nin katibi gəlib. KTMT-nın iclasında bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Keçən il dekabrın sonlarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Rusiyadan Emənistana keçib. Bu barədə təşkilatın keçirilən iclasında qərar qəbul edib. Ermənistan prezidentinin mətbuat xidmətindən verilən xəbərə görə, Vladimir Putin Serj Sarkisyanı təşkilatda rəhbərliyi münasibəti ilə təbrik edib. Qapalı formatda keçirilən görüşdə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan prezidentləri və təşkilatın birinci katibləri iştirak edib.

Bir müddət əvvəl KTMT-nin baş katibi Nikolay Bordyuja İrəvanda bildirib ki, əgər erməni hərbçiləri Azərbaycanla müharibəyə başlayacağı təqdirdə güc gələ bilməsələr, onlar özləri Ermənistana kömək edəcəklər. Ermənistan həmçinin Azərbaycanın KTMT üzvləri ilə hərbi əməkdaşlığından narazıdır. Ermənistan mətbuatında dərc edilən yazıda KTMT üzvlərinin imzaladıqları sazişə əməl etməmələrindən narahatlıq ifadə edilir.

"Ermənistan, Rusiya, Qazaxıstan, Belarus, Tacikistan və Qırğızıstan KTMT-nin üzvləridir. Həmin müqavilənin birinci bəndində isə deyilir: iştirakçı dövlətlər hər hansı hərbi ittifaqa qoşulmayacaq və ya dövlətlərin qruplaşmalarında, həmçinin digər iştirakçı dövlətə qarşı olan əməliyyatlarda iştirak etməyəcək", - yazılan məqalədə bildirilib ki, Belarusun Azərbaycanla hərbi əməkdaşlığı təkcə silah tədarükü ilə məhdudlaşmır.

Bununla belə, məqalədə Azərbaycanın daha çox Rusiya ilə hərbi əməkdaşlığından narazılıq ifadə olunur və Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatından bir cümlə xatırlanır: "...erməni əsgəri başa düşür ki, onu rus silahından öldürmək istəyirlər... bu, həll edilməli olan problemdir".

Hərbi siyasi birlik olan KTMT 1992-ci ildə yaradılıb. Təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir. Eyni zamanda, təşkilat mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsində Ermənistana dəstək bəyanatları da səsləndirir.

1992-ci il mayın 15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə imzalananan müqaviləyə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imza atıb. 1993-cü ildə isə Azərbaycan, Belarusiya və Gürcüstan da qoşuldu. Bununla belə, Azərbaycan 1999-cu ildə müqavilənin vaxtını uzatmaqdan imtina edərək təşkilatı tərk edib.


ans press