Tanınmış azərbaycanlı fəal azadlıqdan məhrum edildi

İranda tanınmış azərbaycanlı fəal barəsində məhkəmənin hökmü açıqlanıb.

APA-nın HRAZ-a istinadən məlumatına görə, Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsi Ramin Rzayini 91 gün azadlıqdan məhrum edib. Bu isə azərbaycanlı fəalın qərardan apellyasiya şikayəti vermək hüququ olmadığını və həmin cəza müddətinin hamısını həbsxanada keçirməli olacağı deməkdir.

Qeyd edək ki, Ramin Rzayi avqustun 3-də Soyuqbulaq İnqilab Məhkəməsində Y.Dəşti və Ə.Hidayəti ilə birgə mühakimə edilib. Tikab (Tikantəpə) şəhərindən olan azərbaycanlı fəalları məhkəmədə vəkil Fatimə Səttari müdafiə edib. Ə.Hidayəti və R.Rzayi hakimiyyət əleyhinə təbliğat aparmaqda, Y.Dəşti isə hakimiyyət əleyhinə təbliğat aparmaq və ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərən müxalif qruplarla əməkdaşlıqda günahlandırılıb. Məhkəmə prosesi yerli vaxtla səhər saat 10:00-da başlayıb və üç saat davam edib. Məhkəmə prosesinə hakim Əhməd Cavadikiya sədrlik edib. Hakim separatçı Güney Azərbaycan Milli Hərəkatı və pantürkizmi təbliğ etmək, millətçiliyi özündə ehtiva edən SMS-lər göndərmək və İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) sənədləri əsasında belə bir hökm çıxarıb. Qərara əsasən, Əli Hidayəti 5 ay, Yədullah (Elman) Dəşti isə 6 ay azadlıqdan məhrum edilib.

Hər üç fəal Azərbaycan dili, mədəniyyəti və musiqisinin yayılması uğrunda apardıqları dinc fəaliyyətlərinə görə bundan əvvəl bir neçə dəfə tutulublar. Belə ki, R.Rzayi 2011-ci il sentyabrın 7-də həbs edilərək ETTELAAT-ın Urmiya şəhərindəki təcridxanasına göndərilib. Y.Dəşti və Ə.Hidayəti isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin "Traktor" futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-cəzirə" klubu arasında keçirilmiş qarşılaşma zamanı həbsə alınaraq ETTELAAT-ın Miyandab (Qoşaçay) şəhərindəki təcridxanasına göndəriliblər.

AzNews.az