Georgi Marqvelaşvili səfirimizlə görüşüb

Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşvili Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Azər Hüseynlə görüşüb.


"Qafqazinfo" xəbər verir ki, mətbuat üçün qapalı keçirilən görüşdən sonra səfir jurnalistlərə məlumat verib ki, Gürcüstanın yeni seçilmiş dövlət başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xoş arzularını çatdırıb. Georgi Marqvelaşvili ölkələrimiz arasında mövcud əməkdaşlıq, dostluq, strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində israrlı olduğunu bildirib. Hər iki tərəf tarixi dostluq ənənələrinin, əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bir daha təsdiqləyib.

Yeni seçilmiş prezident Georgi Marqvelaşvili Azərbaycanın Gürcüstandakı səfiri ilə çox maraqlı görüşün baş tutduğunu qeyd edib və deyib ki, dost Azərbaycandan aldığımız təbriklər bizi çox sevindirir. G.Marqvelaşvili əmin olduğunu bildirib ki, Azərbaycan Respublikasının prezidenti ilə birgə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, yaxşı ənənələrin davam etdirilməsi təmin olunacaq.

AzNews.az