Krım türkləri Rusiyanı narahat edir: Mustafa Krımoğluna təzyiqlər başladı


Krım türklərinin (tatar) son proseslərdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmələri Rusiyanın ümidlərini puç edib və onlara qarşı münasibətin dəyişməsinə səbəb olub.

AzNews.az-ın məlumatına görə, artıq Rusiya mediasında və rusdilli sosial şəbəkələrdə Krım türklərinin bu mövqeyi sərt şəkildə tənqid olunur.

Yarımadanın separatçı rusdilli rəhbərliyi tərəfindən keçirilən "referendum"a qatılmamaları və bu aksiyanı boykot etmələri isə vəziyyəti bir qədər də gərginləşdirib.

Krım türklərinin lideri Mustafa Cəmil Krımoğlu da Putin hökumətinə yaxın media qrumlarının qəzəbinə tuş gəlib. Buna səbəb yarımadada "referendum"un keçirildiyi gün – martın 16-da Krımoğlunun Türkiyəyə səfər etməsi olub. Onun bu addımı Rusiya ictimaiyyətinə dolayısı ilə satqınlıq kimi təqdim edilib.

Martın 16-da isə Mustafa Krımoğlu gözlənilmədən Türkiyəyə səfər edib. O, İzmirdə bu ölkənin Baş naziri RəcəbTayyip Ərdoğanla görüşüb və vəziyyəti müzakirə edib.

Ərdoğan Türkiyənin tək tərəfli olaraq Krıma müdaxilə etməsinin mümkün olmadığını deyərək, Türkiyənin qərb dünyası ilə birlikdə Ukraynanın ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğunu söyləyib.

Xatırladaq ki, Krımın Ukraynadan ayrılması ilə bağlı proseslər başlanan zaman Tatarıstan Respublikasının keçmiş prezidenti Mintimer Şaymiyevin vasitəçiliyi ilə M. Krımoğlunun Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. Söhbət zamanı Krım türklərindən dəstək istənilib.

Bundan başqa Krımoğlu ilə təmasa keçən Avropa liderləri və NATO rəhbərliyi də tatarların bu məsələdə bitərəf olmamalarını xahiş ediblər.
Qeyd edək ki, Mustafa Krımoğlu 1991-ci ildən başlayaraq, 20 il ərzində Krım Tatar Məclisinə rəhbərlik edib. Hazırda Ukrayna Ali Radasının deputatıdır.

Məhəmməd
AzNews.az