Ukrayna bu gün: Silahlar hələ də susmur - Xronika

Bu gün də Ukrayna Silahlı Qüvvələri ölkənin cənub-şərqində baş qaldıran rusiyameyilli separatçı hərəkatı zərərsizləşdirmək üçün antiterror əməliyyatlarını davam etdirir. AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, mayın 7-də gecə saatlarından başlayaraq, Donetsk vilayətinin separatçılar tərəfindən ələ keçirilən Slavyansk və Mariupol şəhərlərində əməliyyatlarını genişləndirən hökumət qüvvələri adıçəkilən yaşayış məntəqələrinin mərkəzi icra strukturunun Şəhər Şurasının binalarını azad edib.

Mariupol Şəhər Şurasının binasında Ukraynanın dövlət bayrağı sancılsada, hələlik Slavyanskda bu mümkün olmayıb. Çünki Slavyanskda separatçılar mövqelərini itirməməyə çalışırlar. Silahlı separatçıların Slavyanska yeni qüvvə cəlb etməsinin də qarşısı alınıb.
Rusiyameyilli qüvvələrin az olmadığı ölkənin ikinci iri şəhəri olan Xarkovda isə 9 may Qələbə yürüşü təxirə salınıb. Xarkov Vilayət Administrasiyasının rəhbəri İqor Baluta deyib ki, Ukrayna Təhlükəsizlik Xidməti şəhərdə silahlı təxribat qruplarının mövcudluğu haqda dövlət qurumlarını məlumatlandırıb. Baş verə biləcək təxribatdan qaçmaq üçün kütləvi tədbirlərin keçirilməməsi məqsəduyğun hesab edilib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Viktoriya Nuland isə ötən gün verdiyi açıqlamada bildirib ki, Rusiya Ukraynanın cənub-şərqində Krım ssenarisini reallaşdırmaqla, bölgəni işğal etməyə çalışır. Odessada isə 2 gün əvvəl şəhərdə ukraynalılarla rusiyameyilli qüvvələr arasında baş verən kütləvi iğtişaşlar və ölüm hadisələri ilə bağlı şəhər Polis İdarəsinin rəis müavini Dmitriy Fucedji işdən çıxarılaraq, həbs olunub. O, iğtişaşın itkisiz yatızdırılmamasında ittiham olunub.

Bu arada Ukrayna Rusiya ilə Cenevrədə keçiriləcək növbəti danışıqlardakı şərtlərini açıqlayıb. Ukraynanın xarici işlər naziri Andrey Deşiça deyib ki, əgər Rusiya ölkəsinin cənub-şərq vilayətlərində baş qaldıran rus separatçılığını dəstəkləməkdən imtina edərsə və prezident seçkilərini tanımağa söz verərsə, bu zaman Ukrayna danışıqlarda iştirak etməklə bağlı qərar verəcək.

Məhəmməd
AzNews.az