Türkmənistan Xəzərdə ilk dəfə operativ-taktiki təlimlər keçirdi

Türkmənistan Xəzər dənizində ilk dəfə olaraq döyüş silahlarından istifadə etməklə operativ-taktiki təlimlər keçirib. APA-nın Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, təlimləri prezident Qurbanqulu Berdıməhəmmədov, hökumət üzvləri, Məclisin rəhbərliyi, ölkədə akkreditə olunmuş diplomatik missiyaların hərbi attaşeləri də izləyib.

Təlimlər Hərbi-Dəniz Qüvvələri ilə birlikdə bütün qoşun növləri, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı qüvvələri, Müdafiə və Daxil İşlər nazirliklərinin müxtəlif xidmətləri və operativ dəstələrinin iştirakı ilə aparılıb. Q. Berdıməhəmmədov bildirib ki, ilk dəfə keçirilən "Xazar-2012" operativ-taktiki təlimləri Silahlı Qüvvələrin, ilk növbədə Hərbi-Dəniz Qüvvələrinin hərbi hazırlığını təkmilləşdirilməsi, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunub və Türkmənistanın müdafiə xarakterli olan və ölkənin xarici siyasət kursuna tam cavab verən Hərbi Doktrinasına uyğundur. O bəyan edib ki, Türkmənistanın Xəzəryanı ölkələrlə olan sərhədləri hər zaman dostluq sərhədi olacaq.

AzNews.az