Tehran iqtisadi sanksiyaları bu vasitə ilə arxa plana keçirməyə çalışır Tehran iqtisadi sanksiyaları bu vasitə ilə arxa plana keçirməyə çalışır

“Der Spiegel”: “İran “təbii fəlakət” ssenarisi hazırlayıb”

Tehran iqtisadi sanksiyaları bu vasitə ilə arxa plana keçirməyə çalışır



"İran iqtisadi sanksiyaların qarşısını almaq üçün çirkin oyuna hazırlaşır". Bunu Almaniyada dərc olunan "Der Spiegel" jurnalı yazıb. Jurnalın yazdığına görə, İran Hörmüz boğazını bağlamaq və dənizdən neft çıxarılmasını əngəlləmək üçün "təbii fəlakət" ssenarisini həyata keçirəcək.

Yeni ssenarinin müəllifinin SEPAH-ın komandanı Məhəmməd Əli Cəfəri olduğu vurğulanır. "Palçıqlı su" kod adı ilə hazırlanan əməliyyatda İranın neft tankerinin Hörmüz qayalıqlarından biri ilə toqquşdurulması nəzərdə tutulur.

Məqsəd ətrafı çirkləndirərək dəniz ticarətinin qarşısını almaqdır. Plana həmçinin, İrana düşmən olan ərəb ölkələrini cəzalandırmaq və Qərbi dənizi təmizləmək əməliyyatlarına məcbur etmək də daxildir.

Beləliklə də Tehran iqtisadi sanksiyaları bu vasitə ilə müəyyən müddətə də olsa, arxa plana keçirməyin mümkünlüyünü sınayacaq.
Xəbərdə o da bildirilir ki, dənizi ancaq İranın texniki dəstəyi ilə təmizləmək mümkün olacaq. Bu isə embarqoların qısa müddətdə də olsa, dayandırılmasına səbəb ola bilər. "Hətta bəzi iranlı şirkətlər bundan xeyir də əldə edəcəklər" deyə jurnal yazıb.

"Der Spiegel" xəbərin mənbəyinin göstərməyib. Ancaq qərbin təhlükəsizlik orqanlarının məlumatı araşdırdığını vurğulayıb. Planın həyata keçməsi isə İranın dini lideri Ayətullah Əli Xamneyinin icazəsindən sonra mümkün olacaq.

Qeyd edək ki, dəniz yolu ilə neft ticarətinin 40 faizi Hörmüz boğazı vasitəsilə aparılır. İran isə Amerika və Qərbi dəfələrlə boğazı bağlayacağı ilə hədələyib.

Alpər
AzNews.az