Rusiyanın sanksiyalarına Türkiyədən - Polad cavab

Türkiyə Rusiyanın tətbiq etdiyi sanksiyalara sərt cavab verə bilər.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi Ankara rus metallurqları üçün anti-dempinq rüsumlarını 13,66 faizə qədər olmasını təsdiqləməyə hazırlaşır. Bu isə, Türkiyə tərəfindən ötən ilin avqustunda tərtib olunan hesablamalardan xeyli çoxdur.

Türkiyə İqtisadiyyat Nazirliyi yanvarın 22-də ölkəyə polad idxalı üzrə anti-dempinq istintaqının nəticələrini dərc edib. Nazirliyin məlumatına əsasən, rus metallurqlar 13,66 faizlik dempinq marjası əldə ediblər.

Bu hesabata əsasən, fevralda ixracatçılar üçün anti-dempinq rüsumunun miqdarı barədə qərar qəbul olunacaq. Rusiyadan əlavə, dempinq marjası Çin, Yaponiya və Slovakiyadan olan metallurqlar üçün də müəyyən olunub.

Qeyd edək ki, RF-in Türkiyəyə polad idxalı 19,2 faiz təşkil edir. Rusiya metallurqlarının idxaldakı payı digər idxalçılara nisbətən dəfələrlə çoxdur: məsələn, Türkiyəyə Çin-dən 4,3 faiz, Slovakiyada isə 5,5 faiz polad idxal olunur. Türkiyə İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, 2015-ci ildə Rusiya Türkiyəyə 413 milyon dollar dəyərində 825 min ton polad ixrac edib.

Xatırladaq ki, iki ölkə arasındakı münasibətlər ötən il, noyabrın 24-də Rusiya qırıcı təyyarəsinin Türkiyə hava sərhədini pozması nəticəsində Türkiyə tərəfindən vurulmasından sonra pozulub. Bundan sonra Rusiya Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Aydan AXUNDOVA