• Rusiya
  • 4 Yanvar 2019 10:30
  •  528

Rusiyada tutulan “amerikalı casus” Britaniya vətəndaşı çıxdı

Rusiyaya qarşı casusluqda ittiham olunaraq həbs olunmuş ABŞ vətəndaşı Pol Uilanın həm də Birləşmiş Krallığın (Britaniya) vətəndaşı olduğu müəyyən edilib.

Bu haqda “Times” qəzeti məlumat yayıb.

Qəzetdə dərc olunan məqaləyə əsasən, Pol Uilanın Moskvada saxlanılmasından sonra ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşları britaniyalı həmkarları ilə əlaqə yaradaraq, onları bu haqda məlumatlandırıb.

Böyük Britaniya XİN nümayəndəsi bildirib ki, yardımın göstərilməsi ilə bağlı müraciətin daxil olmasından sonra Rusiyada saxlanılan “britaniyalı” ilə konsulluq əməkdaşlarının görüşünə şəraitin yaradılması üçün sorğu göndəriblər.

Qeyd edək ki, dekabrın sonunda Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiyada casusluq fəaliyyətində olduğu deyilən ABŞ vətəndaşı Pol Uilana qarşı cinayət işi açıb. ABŞ dövlət departamentinin rəsmisi, Moskvanın Uilanın saxlanılması barədə onları məlumatlandırdığını təsdiqləyib.

Rəsmi nümayəndə təfsilatlara varmasa da, Pol Uilanın korporativ təhlükəsizlik sahəsində çalışan keçmiş hərbi dəniz piyadası olduğunu və onun Moskvaya toyda iştirak etmək məqsədilə səfər etdiyini bildirib.(oxu.az)

© AzNews.az