Rəqsanənin anası ifadə verdi

Bu gün Bakının Nərimanov rayon Məhkəməsində müğənni Rəqsanə İsmayılovanın Faiq və Fərid Azayev qardaşlarına qarşı qaldırdığı iddia üzrə növbəti proses keçirilib.

Lent.az-ın məlumatına görə, müğənninin anası Adilə İsmayılova məhkəmədə ifadə verib. Bir neçə dəfə məhkəməyə çağırılmasına baxmayaraq, ifadə verməkdən boyun qaçıran Adilə İsmayılova bu dəfə məhkəməyə gəlib. Məlumata görə, müğənninin anasını məhkəməyə polis gətirib.

Rəqsanənin vəkili Xalid Bağırov Lent.az-a açıqlamasında bildirib ki, Azayevlər müğənninin ailəsini daim gərginlik içində saxladıqları, bir neçə dəfə təzyiqlər etdikləri üçün onlar məhkəməyə gələ bilmirlərmiş: "Azayevlər dəfələrlə Rəqsanənin ailəsini narahat edib. Hətta bir dəfə müğənninin bacısı oğlunu maşına qoyub qaçırmışdılar. Gecə, səhər onların qapılarını döyüb, narahat edirdilər. Ailəni daim gərginlikdə saxladıqları üçün Adilə xanım məhkəmədə ifadə verməkdən çəkinib. Amma polislərin köməyi ilə o, məhkəmədə ifadə verdi. Polislər burada onların təhlükəsizliyini təmin etmək üçün çağırılıb".

Vəkil bildirib ki, Adilə xanım məhkəmədə Rəqsanə İsmayılovanın ötən dəfə verdiyi ifadəsini təsdiqləyib. Faiq və Fərid Azayevlərin onların ailəsinə müxtəlif yollarla təzyiq etdiyini deyib.

Qeyd edək ki, Rəqsanə İsmayılovanın şikayəti əsasında Azayevlərə qarşı cinayət işi açılıb. Bundan dərhal sonra isə Azayevlər Rəqsanənin özünün məhkəməyə veriblər. Müğənniyə qarşı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Müğənninin keçmiş sevgilisi Faiq Azayev və keçmiş prodüseri Təranə Səmədova da olmaqla 4 nəfər şəxs ittihamla çıxış edib. Rəqsanəyə qarşı ittiham irəli sürən şəxslər müğənninin onlara külli miqdarda borclu olduğunu iddia ediblər. Həmin cinayət işi ilə bağlı istintaq davam etdirilir.

AzNews.az