Azəri Güneldən Seda Sayana tutarlı cavab

"Bunu edərkən Azərbaycanı qarşısına aldığını düşünmürdü. Azərbaycan arxamdadır. Mən Türkiyə-Azərbaycan körpüsünün ortasındayam".

AzNews.az-ın məlumatına görə, bu fikirləri bu gün Türkiyənin "Kanaltürk" telekanalında yayımlanan "İkinci sayfa" verilişində qonaq olan müğənni Azəri Günel tanınmış müğənni Seda Sayana cavab olaraq deyib.

Məlumat üçün bildirək ki, iki il əvvəl Günel Seda Sayanın aparıcılıq etdiyi "Sabahın sədası" verilişində qonaq olub və orada "Sarı gəlin" mahnısını ifa edib. Müğənninin ifasından sonra Seda Sayan Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edib.

Azəri Günel Seda Sayanın onun türk dilində danışmağına kinayəli yanaşmasına da toxunub:

"Valideynlərimdən aldığım tərbiyəyə görə heç vaxt heç kimə qarşı tərbiyəsizlik etmədim. Sözüm odur ki, hər şeyin doğrusu olmalıdır. Bu məsələdən sonra həmin verilişə getmədim. Hətta, o, həmin verilişdə mənə "bozuk türkçəylə" danışan demişdi. Anlayan, bilən bildi ki, söhbət kimdən gedir. Ona qarşı hörmətim sonsuzdur. Amma bu dünya dönüb-dolaşar yenə də onunla qarşılaşarıq. Hamımız bu bazarın içindəyik. 27 yaşım var-hələ gəncəm. Daha qarşımda o qədər görüləsi işlərim var ki... bu Bakıdakı işlərimə də aiddir. Amma mən sonda anladım ki, bu bazarda dostluq yoxdur".

Maraqlı məqamlardan biri isə odur ki, "İkinci sayfa" verilişinin aparıcısı Güneli dəstəkləyərək, bunları deyib:

"Türkcən pozuk deyil. Oralar türk dilinin meydana gəldiyi torpaqlardı. Türk dili oradan bura gəlib".

Fuad Mədətov
AzNews.az