Səməd Seyidov vəzifədən çıxarılmasını təkzib etdi: “Yalandır”

"Mənim Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunmağımla bağlı məlumat tamamilə yalandır".


Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur: "Səhhətimdə yaranan problemlərə görə AŞPA-nın qış sessiyasına gedə bilmədim. Orada məni nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib".

S.Seyidov bildirib ki, nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmasıyla bağlı mətbuatda yazılanlar onu çox təəccübləndirib: "Məni çox məşhurlaşdırdılar. Çünki Avropadan, Rusiyadan, eləcə də başqa ölkələrdən mənə arası kəsilməyən zənglər gəlirdi. Konkret cavabım ondan ibarətdir ki, bu məlumatlar tamamilə yalnışdır. Nümayəndə heyətinin tərkibi təsdiq olunaraq parlament tərəfindən AŞPA-ya göndərilib. Hazırda nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm. Düzdür, AŞPA-nın yanvar sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır. Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktubda nələrisə yazmamğım, Ermənistanın məktublardan istifadə etməsi və digər məlumatların hamısı həqiqətə uyğun deyil.

Təəssüf ki, bəzən biz qeyri-obyektiv məsələləri həqiqət kimi verməyə çalışırlar. Əslində bu, tamamilə başqa məsələdir. Rəsmi olaraq da təkrar edirəm ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumun yanvar sessiyasında öz fəaliyyətində çox yüksək səviyyədə təşkil edib".

Nümayəndə heyətinin rəhbəri deyib ki, işlərini bundan sonra da layiqincə davam etdirəcəklər: "Həqiqətə uyğun olmayan xəbərlərin yayılması Azərbaycanın imicinə xaricdə zərbə vura biləcək məsələdir. Ona görə də jurnalistlərdən xahiş edirəm ki, hansısa məlumatı verməmişdən qabaq nümayəndə heyətinin rəhbərinin münasibətini öyrənsinlər".

Qeyd edək ki, bu barədə məlumatı haqqın.az saytı yaymışdı.

Report.az