Bamsı Beyrək də “erməniləşdirildi”

Son zamanlar erməni mətbuatında "Kitabi-Dədə Qorqud" dastanının qəhrəmanı olan Bamsı Beyrək və onun erməni kökənli olması haqqında məlumatlar yayılır. Bu azmış kimi Ermənistanda hətta özünü "Bamsı Beyrəyin davamçıları" adlandıranlar da peyda olub.

AzNews.az-ın araşdırmalarına görə, ermənilərin belə bir həvəsə düşməsinin səbəbi rus alimi V.M.Jurmunskinin italyan alim N.Russoya istinadən yazdığı əsərlər olub.
Araşdırmalar göstərir ki, Jurmunskinin əsərlərində təhriflərə yol verilir. Ancaq Russonun əsərlərinə baxdıqda aydın olur ki, Türkiyənin Bayburd şəhərində Bamsı Beyrəyin məzarı var. Bayburd ətrafındakı kəndlərdə Beyrək adının daha çox yayılmasına da təsadüf edilir. Birinci Dünya Müharibəsi zamanı Bayburd qalasının ətrafındakı Almuska kəndində yaşayan bəzi erməni ailələri özlərini Beyrəyin və Bayburd hökmdarı olan erməni knyaginyasının nəslindən hesab etməyə başlayıblar.

"Kitabi-Dədə Qorqud" dastanının 3-cü boyunda qeyd olunur ki, Beyrək Bayburd qalasında 16 il əsir olub. Onun əsirlikdən qurtulmasına isə müsəlman olmayan qalabəyinin qızı kömək edib. 3-cü boyda eyni zamanda Beyrəyin həmin qıza onunla evlənəcəyinə dair söz verməsi və Banuçiçəklə evlilikdən sonra həmin qızla da evlənməsi ilə bağlı məlumatlar var.

Dastanın sözügedən boyunda erməni adı çəkilmir, sadəcə olaraq xristian qızla bağlı müəyyən fikirlər var. Hətta Bamsı Beyrəyin həmin qızdan övladının da dünyaya gəldiyi bildirilir. Məlumatlara görə, Bayburd kəndlərində Beyrəyin nəslinin davamçıları yaşayır, ancaq onlar heç də iddia edildiyi kimi erməni deyillər. Ancaq bundan istifadə edən ermənilər özlərini Bamsı Beyrəyin və xristian qalabəyi qızının nəslindən olduğunu iddia edərək, həmin qızın xristian olmasından yararlanmağa çalışırlar.

Polad
AzNews.az