“Deputatlar test üsulunun ləğvinə qarşı olacaq” – Elm və təhsil komitəsinin üzvü

“Test üsulunun ləğvi ilə bağlı məsələ Milli Məclisdə müzakirəyə çıxarılsa Elm və Təhsil Komitəsi qərarın əlehinə olacaq”.


Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, deputat Ağacan Abıyev deyib. O, test üsulunun ləğv ediləcəyini inanmadığını deyib: "Bu üsul özünü illərdir ki, doğruldub. Mən inanmıram ki, test üsulunu ləğv etsinlər. Dövlət buna razı olmaz. Kimin nəyə qadir olduğu yoxlanılmalıdır".

O, test üsulunun ləğvi məsələsi gündəmə gətirilərsə, bununla bağlı qanunun qəbul edilməli olduğunu diqqətə çatdırıb: "Düzü, Mikayıl Cabbarovun bu məsələylə bağlı çıxışından xəbərsizəm. Lakin belə bir şey olsa qanun olmalıdır. Qanun da Milli Məclisdə qəbul edilməlidir. Bu məsələ ilə bağlı Elm və Təhsil Komitəsinə heç bir təklif, layihə göndərilməyib. Lakin düşünürəm ki, test üsulunun ləğvi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılsa, təmsil etdiyim komitə buna qarşı olacaq".

Millət vəkili burada 100 minlərlə məzunun taleyinin ortada olduğunu vurğulayıb: "Əslində biliyin özülü məktəblərdə qoyulur. 80 faiz şagirdin ali təhsil almağa haqqı da var, bacarığı da. 20 faizi seçmək üçün hər hansı imtahan olmalıdır. Pisi yaxşıdan necə ayıraq? Mən ləğv edilməsinə inanmıram, görünür bu, kiminsə ideyasıdır. Söhbət bir nəfərdən deyil, 100 min nəfərdən gedir. Ona görə də çətin ki, test üsulu ləğv edilsin".

Xatırladaq ki, Təhsil Naziri M.Cabbarov ANS televiziyasında "Hesabat" verilişində qonaq olub. Nazir çıxışında 2-3 ildən sonra test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmununun dəyişiləcəyini deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az