Milli Məclis “Valyuta tənzimi haqqında” qanuna dəyişiklikləri qəbul etdi

Milli Məclis bu gün keçirilən plenar iclasında "Valyuta tənzimi haqqında" qanuna dəyişiklikləri qəbul edib.


Dəyişikliklərə müvafiq olaraq rezident və qeyri-rezidentlər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığım tam məbləğdə dövlət büdcəsinə ödənilir.

Daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarmışdı.

Milli Məclisin sədri Prezidentin qaytardığı "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanunu Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyinə göndərib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq, Prezidentin "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanunun məqsədəuyğun olmaması barədə təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.

Yeni dəyişikliklərə əsasən, əməliyyatların həcminin 20 faizi miqdarında icbari yığım rezident və qeyri-rezident olan fiziki və hüquqi şəxslər tərəfindən (banklar və sığorta şirkətləri istisna olmaqla) birbaşa investisiyalar, qiymətli kağızların, daşınmaz əmlakın və torpaq sahələrinin, eləcə də daşınmaz əmlak hesab olunan əmlaka görə haqqın əldə edilməsi üçün çıxarılan xarici valyutaya aid edilir.

Bundan başqa, dəyişikliklərə əsasən, rezident olan hüquqi şəxslər tərəfindən Azərbaycan şirkətlərinin xarici nümayəndəliklərinə, filiallarına və törəmə strukturlarına köçürmələr qismində çıxarılan xarici valyutaya ildə 50 min dolları üstələyən məbləğin 20 faizi miqdarında icbari yığım qoyulacaq.

Trend.az