“Artıq burada tənqiddən söhbət gedə bilməz, məhkəməyə iddia ərizəsi hazırlanır” “Artıq burada tənqiddən söhbət gedə bilməz, məhkəməyə iddia ərizəsi hazırlanır”

“Bizim üçün Gülər məsələsi bitib, vəssalam...” - MÜSAHİBƏ

“Artıq burada tənqiddən söhbət gedə bilməz, məhkəməyə iddia ərizəsi hazırlanır”



Dövlət Bayrağı Günü ərəfəsində Lent.az-ın suallarını cavablandıran Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov REAL Hərəkatının sədri İlqar Məmmədovun Milli Məclisi və deputatları təhqir etmələrinə hüquqi müstəvidə cavab verilməsini zəruri sayır. Sabiq YAP-çı deputat Gülər Əhmədova barədə isə müsahibimiz yalnız bir cümlə söylədi...

- Yeni Azərbaycan Partiyası (YAP) Dövlət Bayrağı Gününü necə qeyd edir?

- Bizim gənclər Dövlət Bayrağı Meydanında olub, onlara bayrağımızın tarixi və bayrağımızdakı rənglərin hər birinin hansı mənanı ifadə etdiyi barədə məlumat verilib. Sabah da bayrağımız haqqında danışacaq, bir-birimizlə fikir mübadiləsi aparacağıq.

- Milli Məclis, deputatlarımız Dövlət Bayrağı Günü nə etməlidir?

- Hər kəsin özünün proqramı var. Millət vəkilləri indiyə qədər də müsahibələrində, çıxışlarında bununla bağlı fikirlərini söyləyiblər. Milli Məclis də bununla bağlı qərar verib, Bayraq Günü qeyd edilir. Qalan məsələlər isə təbliğatla bağlıdır.

- Millət vəkillərindən söz düşmüşkən, İlqar Məmmədovun Milli Məclislə bağlı fikirlərini necə qarşıladınız?

- Bir qrup deputat adından artıq iddia ərizəsi hazırlanıb, Yasamal Rayon Məhkəməsinə müraciət olunacaq. Hazırda sənədləşmə işi gedir. Tək İlqar Məmmədov deyil, Milli Məclisi, deputatları təhqir edən bir neçə nəfərlə bağlı var və iddia ərizəsində onlarla bağlı məsələ də əksini tapacaq. Bu məsələ hüquq müstəvisində, məhkəmə qaydasında həllini tapmalıdır. Mətbuatda oxuyuram, Avropa Birliyi və Avropa Şurasından müxtəlif misallar gətirilir. Ancaq bu misallar çox təhrif olunmuş şəkildə gətirilir. Təbii ki, dövlət vəzifəsində, seçkili orqanda çalışan insan dözümlülük göstərməlidir. Ancaq Avropa Şurası və Avropa Birliyinin qərarlarında tənqidə dözümlülükdən söhbət gedir, təhqirə dözümlülükdən yox. İlqar Məmmədov birbaşa deyir ki, Milli Məclisi təhqir etmək istəyir və təhqir edir. Artıq burada tənqiddən söhbət gedə bilməz. Bir var ki, Milli Məclisin fəaliyyətini tənqid etsin. Bu halda təbii ki, hər kəsin düşüncə tərzi, düşüncə forması var. Hər kəs də sərt şəkildə tənqidi fikir söyləyə bilər, amma təhqirdən söhbət gedə bilməz. Milli Məclisdə İlqar Məmmədovun valideynlərindən yaşlı insanlar, alimlər, professorlar, akademiklər, müharibə veteranları, Qarabağ döyüşçüləri var. Görün bu insanın əxlaqı və tərbiyəsi hansı səviyyədədir ki, valideynlərindən yaşlı olan insanları təhqir edib. Bu məsələ yalnız hüquq çərçivəsində həllini tapa bilər.

- Məhkəməyə müraciət deputatlar, yoxsa Milli Məclis adından müraciət ediləcək?

- Bir qrup deputat adından müraciət ediləcək.

- Həmin deputatlar yalnız hakim partiyanın deputatlarıdır, yoxsa...

- Bunun YAP-a heç bir aidiyyatı yoxdur. Sırf Milli Məclisin deputatları adından müraciət olacaq. Müraciətə imza atan deputatlar sırasında bitərəf də, digər partiyaların nümayəndələri, komitə sədrləri də var.

- Sabiq deputat Gülər Əhmədovanın YAP sıralarından ixrac edilməsi məsələsinin nə yerdə qaldığını bilmək istərdik.

- O məsələ qurtardı, bitdi.

- Gülər Əhmədova YAP-dan çıxarıldı bitdi. Yoxsa qaldı bitdi?

- Bizim üçün bu məsələ bitib, vəssalam...

AzNews.az