Əhali Azərbaycan Maliyyə Nazirliyinin buraxmaq istədiyi dollar istiqrazlarının uduşlu olmasını istəyir. Əhali Azərbaycan Maliyyə Nazirliyinin buraxmaq istədiyi dollar istiqrazlarının uduşlu olmasını istəyir.

Azərbaycanlılar üçün yeni dollar uduşları

Əhali Azərbaycan Maliyyə Nazirliyinin buraxmaq istədiyi dollar istiqrazlarının uduşlu olmasını istəyir.


AzNews.az xəbər verir ki, ANS PRESS əməkdaşlarının rəyini öyrəndiyi əksər Bakı sakinləri bu fikrə tərəfdar çıxıblar. "Biz sovet adamıyıq, sovet dövründə istiqrazlar əksəriyyəti uduşlu idi. 50 rublluq istiqrazla 50 min rubl da udmaq mümkün olurdu. Yəni mən durub hansısa 1,5 dollarlıq faizə görə 50 dolları istiqraza dəyişmərəm", - deyə Fazil adlı Səbail sakini bildirib.

Sonuncu dəfə 1982-ci ildə dövriyyəyə buraxılmış sovet istiqrazlarının heç bir faiz gəliri olmasa da əhali arasında həddindən populyar idilər.

Səbail sakininin dediklərində gerçəklik var. Sonuncu dəfə 1982-ci ildə dövriyyəyə buraxılmış bu istiqrazların heç bir faiz gəliri olmasa da əhali arasında həddindən artıq populyar idi. Çünki ildə bir neçə dəfə uduş keçirilirdi və istiqrazların nominalından min dəfə çox pul udmaq imkanı vardı. Həmin illərdə uduş nömrələri rəsmi qəzetlərdə dərc olunurdu və əhali çox maraqla həmin qəzetləri izləyirdi.

Sovet illərində istiqrazları populyarlaşdırmaq üçün ciddi təbliğat maşını işləyirdi. İlk sovet istiqrazları 1922-ci ildə tətbiq edilməyə başlayıb və 1930-cu illərdə artıq hər bir orta sovet vətəndaşı maaşının 2-3 misli qədəri dövlət istiqrazlarına yatırılmışdı. İstiqrazlardan əldə edilən vəsaitlər mühüm müəssisələrin inşaatına yönəldilirdi.

Maliyyə Nazirliyinin dövriyyəyə buraxdığı Azərbaycan istiqrazları isə sadəcə faiz gəlirləri vəd edir. 2016-cı il üzrə dövlət ortamüddətli istiqrazlarının Maliyyə Nazirliyinin saytına yerləşdirilmiş emissiya prospektində bildirilir ki, bu, müəyyən edilmiş tarixdə faiz və əsas məbləği ödənilən borc, sənədsiz adlı, investisiya qiymətli kağızı olacaq. İstiqrazın dövriyyə müddəti 1 ildən 5 ilədək dəyişəcək.

İstiqrazların emissiyası haqqında qərar Azərbaycan nazirinin 2016-cı il 25 yanvar tarixli əmri ilə qəbul olunub. Bir istiqrazın nominal dəyəri 100 dollar təşkil edir. 2016-cı ilin 01 fevral tarixindən 31 dekabr tarixinədək cəmi 2 milyon ədəd istiqrazın emissiyası nəzərdə tutulur, yəni istiqrazların emissiyasının ümumi məbləği 200 milyon dollar təşkil edəcək.

Maliyyə naziri Samir Şərifov 2016-cı ilin əvvəllərində keçirdiyi mətbuat konfransında kütləvi satış üçün nəzərdə tutulan dollar istiqrazlarının illik gəlirliliyinin 3% ətrafında dəyişəcəyini bildirib. O, istiqrazların manata təzyiqləri azaltmaq üçün buraxıldığını da gizlətməyib: "Mən hamını dəvət edirəm ki, yastığın altında saxladıqları pulları bu istiqrazlarda yerləşdirsinlər".

Emissiya prospektindən görünür ki, Azərbaycan qərb təcrübəsinə əsaslanıb. Qərbdə əhalinin daha aşağı faizli istiqrazlara böyük marağı olduğu halda, ilkin araşdırmalar göstərir ki, Azərbaycanda bu istiqraz variantına maraq aşağıdır.



İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov bunu qərbdəki bankların daha aşağı depozit dərəcələri təqdim etməsi ilə izah edir: "Orda istiqrazların gəlirliliyi adətən bankların depozitlərə təqdim etdiyi dərəcələrdən iki dəfə yüksək olur. Buna görə də əhali istiqraz almağa daha çox maraq göstərir. Bizdə isə bankların dollar depozitlərinə təqdim etdikləri faiz dərəcələri də, istiqrazlar üçün nəzərdə tutulan gəlirlilik də 3 faizdir. Göründüyü kimi, istiqrazları populyarlaşdırmaq üçün onların gəlirlilik dərəcəsini artırmaq lazımdır".

"Hər halda, biz sovet adamıyıq. Qərbdə uduşlu istiqrazlar elə də geniş yayılmayıb, amma postsovet məkanında bu, qəbul edilmiş praktikadır".

Vüqar Bayramovun fikrincə, əhalinin bu qiymətli kağızlara marağını artırmaq üçün uduşları bərpa etmək lazımdır: "Hər halda, biz sovet adamıyıq. Qərbdə uduşlu istiqrazlar elə də geniş yayılmayıb, amma postsovet məkanında bu, qəbul edilmiş praktikadır. Uduşla yanaşı, istiqrazlar üçün divident mexanizmi də müəyyən etmək olar. Bu, faiz gəlirlərindən qaçan insanların da marağını artıra bilər".

Əslində, dollar istiqrazlarının buraxılması manata təzyiqi azaltmaqla yanaşı, dövlətə məqsədli investisiya siyasəti yürütməyə də imkan verə bilər. İstiqrazlar vasitəsi ilə əhalidən yığılmış vəsait qeyri-neft sektorunda konkret investisiya siyasəti yürütməyə imkan yarada bilər. Vəsaitlər əhaliyə yeni qazanc imkanları yaratmaqla yanaşı minlərlə yeni iş yerinin açılmasına dəstək verə bilər.