Putinin Suriya müəmması – Niyə qəfil qərar verildi?

“Atlas” araşdırmalar mərkəzi Rusiya prezidenti Vladimir Putinin qoşunlarını Suriyadan çıxarması ilə bağlı analitik yazı hazırlayıb.


AzNews.az həmin yazını təqdim edir:

Putini PKK və "Hezbollah"la nə birləşdirir?

Rusiya prezidenti Vladimir Putinin Rusiya qoşunlarının Suriyadan çıxarılmasına dair verdiyi gözlənilməz qərar Azərbaycanın siyasi dairələrində də ən çox müzakirə olunan mövzudur. Putin ilk açıqlamasında "biz məqsədimizə çatdıq" desə də, faktlar bunun əksini göstərir.

Birincisi, Putin Suriyada İŞİD terrorçu təşkilatının fəaliyyətinə son qoya bilmədi. Halbuki, Rusiyanın Suriyaya müdaxiləsinin başlıca səbəbi məhz bu amillə bağlı idi. Rusiya müdafiə nazirinin sözlərinə görə Rusiya hava qüvvələrinin bombardmanları nəticəsində 2 min terrorçu öldürüldü. Ancaq bu rəqəmi yoxlamaq çətindir.

İkincisi, Rusiyanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin mövqeyini gücləndirmədi, əksinə Əsəd ölkəsinin torpaq bütövlüyünü itirmiş vəziyyətdədir və artıq söhbət bu ölkənin bir neçə hissəyə bölünməsindən gedir.

Üçüncüsü, Putinin Suriyaya hərbi müdaxiləsindən Rusiya üçün ən böyük itki strateji tərəfdaşı Türkiyə ilə münasibətləri gərginləşdirməsi oldu. İki ölkə arasında ticarət mübadiləsi 30 milyard dollar idi və yaxın 5 ildə bu rəqəm 100 milyard dollara çatmalı idi. Hazırda Rusiya bu əməkdaşlıqdan məhrum oldu. Digər tərəfdən Türkiyə özünü Rusiyadan qaz asılığını azaltmaq istəyir. Demək, yaxın gələcəkdə Rusiya Türkiyəyə daha az qaz satacaq və gəliri azalacaq.

Dördüncüsü, Rusiya təyyarələrinin Suriya ərazisini bombardmanları zamanı İŞİD üzvləri ilə yanaşı xeyli mülki insan da qətlə yetirildi. Beynəlxalq aləm Rusiyanın "bu fəaliyyətini" heç zaman unutmayacaq.

"Putin Rusiya hərbi qüvvələrini Suriyadan niyə çıxartdı" sualına müxtəlif cavablar var. Putinin Rusiya hərbi qüvvələrini Suriyadan çıxarması səbəblərindən biri də Kreml sahibinin İsraillə münasibətləri gərginləşdirmək istəməməsi ola bilərdi. Çünki, Rusiya ordusu Suriyada vuruşarkən Kremlin maraqları Suriyadakı İran inqilab keşikçilərinin və "Hezbollah"ın maraqları ilə üst-üstə düşürdü, çünki hər üçü Əsədi dəstəkləyir və onun rəqiblərini neytrallaşdırmaqla məşğul idi. İran inqilab keşikçiləri və "Hezbollah" isə İsrailin düşmənləridir. Digər tərəfdən İsrail kəşfiyyatının Putinə ötürdüyü materiallarda Rusiya silahlarının "Hezbollah"ın əlinə keçməsinə dair faktlar var idi.

Bəlkə də, Rusiya ordusu "Hezbollah"a birbaşa silah verməyib, ancaq Əsəd Rusiyadan aldığı silahları "Hezbollah"la bölüşürdü. Bir müddət də belə davam etsəydi, Rusiya-İsrail münasibətləri pozulacaqdı. Bu isə Türkiyədən sonra Rusiyanın Əsəd verdiyi dəstəyə görə ikinci böyük itkisi olacaqdı. İsrail Qərb dövlətləri kimi Krımın işğalına görə Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, Tel-Əviv Kremlə isti münasibətlərdə maraqlıdır. Putin də bunda maraqlıdır. Ona görə də Rusiya qoşunlarının Suriyadan çıxarılması Kremli Tel-Əvivlə münasibətləri soyuqlaşmadan qurtardı.

Putinin Rusiya qoşunlarını Suriyadan çıxaqmaqla bağlı qəfil qərarı Bəşər Əsədlə yanaşı İran hakimiyyətini də pis vəziyyətə qoydu. Tehran Əsədə sözdə dəstək verirdi, islam inqilab keşikçilərinin bir qrup zabiti istisna olmaqla İranın Suriyada böyük hərbi qüvvəsi qalmayıb. Aydın məsələdir, İran əsgər və zabitlərinin Suriyada ölməsini istəmir. Tehran da Əsəd kimi Suriyadakı problemləri Rusiyanın ordusu hesabına həll etməyə calışırdı. Əsəd hətta Rusiya ordusuna arxayın olaraq, "biz sona qədər gedəcəyik" deyirdi ki, bu açıqlama Moskvada narazılıq doğurmuşdu. Nəhayət Putin artıq dayanmağa qərar verdi və həm Dəməşq, həm də Tehrana belə bir mesaj yolladı: "Rusiyanın Sizin əvəzinizə Suriyanın ərazi bütövlüyünü təmin etməsi və hakimiyyətinizi qorumaq fikir yoxdur. Rusiya Əsəd görə əbədiyyətə qədər böyük dövlətlərlə düşmən olmayacaq. Ona görə də problemlərinizi özünüz həll edin".

Əsədə bundan sonra çətin olacaq. Tehran isə Əsədi qorumaq üçün Rusiya qədər hərbi fəallıq nümayiş etdirməyəcək. Rusiya ordusunun əsas hissəsinin Suriyadan çəkilməsi Qərbin, ərəb dünyasının, Türkiyənin və Suriya müxalifətinin Əsədi devirmək planlarını sürətləndirəcək. Moskva da anlayır ki, Suriyada 5 illik müharibədən və yüxminlərlə insanın qətlindən sonra Əsəd nə hakimiyyətini, nə də Suriyanın ərazi bütövlüyünü qoruya biləcək.

Rusiyanın ordusunu Suruyadan geri çəkmək qərarı Ankarada terror partlayışı ilə eyni gündə baş verdi. Türkiyənin siyasi dairələri partlayışda Rusiyanın adını çəkməsələr də Moskvanın fəaliyyəti ilə bağlı ciddi suallar var. Rusiya ordusu Suriyaya daxil olduqdan sonra Moskvanın bölgədəki silahlı kürdlərlə təmasları artdı. Rusiya təyyarəsinin Türkiyə tərəfdən vurulmasından sonra isə Moskvanın terrorçu PKK təşkilatı ilə əlaqələri haqqında xəbərlərin sayı artmağa başladı. Rusiya DAİŞ-lə mübarizə adı altında Suriyadakı silahlı kürdlərə silah verir. Bir müddət sonra həmin silahların bir hissəsi PKK-nın nəzarətinə keçir. Kremlin nəzarət etdiyi televiziyalarda silahlı kürdlər qəhrəman kimi, Türkiyə dövlətinə qarşı savaşan terrorçular isə inqilabçılar kimi göstərilir. Terrorçu yalnız bombanı partlatmaq üçün düyməyə basan şəxs deyil, həm də onun rəhbərlərinə təlimat və silah verən, rəqibinin ünvanını göstərən və partlayışı xəbərlərdən izləyib sevinən tərəfdir.

Rusiya hakimiyyəti Çeçenistanda müharibə zamanı Türkiyənin çeçenlərə dəstək verməməsini tələb etmişdi. Ankara bu tələbi yerinə yetirdi. İndi növbə Moskvanındır. Ankara Moskvadan tələb edə bilər ki, Rusiya Xarici İşlər Nazirliyi PKK-nı terrorçu təşkilat siyahısına daxil etsin. Məsələn, Kreml və Rusiya mediası Türkiyəni DAİŞ-lə əlaqədə ittiham edir. Halbuki, Türkiyə DAİŞ-i terrorçu təşkilat kimi tanıyır. Əgər Ankaranın istəyinin əksinə olaraq Moskva PKK-nı terrorçu təşkilat kimi tanımaqdan imtina edərsə, "Ankaradakı terror partlayışlarının arxasında hansı dövlət dayanıb" sualı açıq qalacaq.