Ayaz Mütəllibov: “AXC sözünün mənası - hakimiyyət uğrunda cəbhə yaratmaq deməkdir” Ayaz Mütəllibov: “AXC sözünün mənası - hakimiyyət uğrunda cəbhə yaratmaq deməkdir”

“Mən heç kimə, heç nə verməmişəm”- MÜSAHİBƏ

Ayaz Mütəllibov: “AXC sözünün mənası - hakimiyyət uğrunda cəbhə yaratmaq deməkdir”



Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun AzNews.az-a müsahibəsi

- Azərbaycan Sizin üçün nə deməkdir – Vətən, doğulduğunuz məkan, yoxsa ən ali kürsüdə oturduğunuz ölkə?

- Etiraf edim ki, sualınız məndə təəccüb doğurdu. Belə ki, sual böyük dövlət idarəçiliyi keçmiş, Vətən haqqında olan təsəvvürlərini məkan və kürsü anlayışları haqqında olan təsəvvürlərdən fərqləndirməyi bacaran bir şəxsə yönəldilib. Bununla belə, mən sualınıza belə cavab verirəm: ən başlıcası, Azərbaycan mənim üçün Vətəndir. Burada mən doğulub boya-başa çatmışam, onun naminə qüvvə və bacarığımı əsirgəmədən sədaqətlə xidmət göstərmişəm və burada ən yüksək posta – prezident postuna yüksəlmışəm.

- Mətbuatdakı yazınızdan SSRİ-nin dağılmasından təəssüfləndiyiniz hiss olunur...

- SSRİ-də baş verən "yenidənqurma" dövründən bəhs edərkən mən əsas olaraq bu fikri çatdırmaq istəmişəm ki, böyük bir ölkədə gedən proseslərə olduqca diqqətli yanaşmamız lazımdır. Biz çalışmalıyıq ki, bizim üçün acı nəticələrə səbəb ola biləcək addımlardan uzaq olaq. Mən həmişə insanlara adi bir fikri çatdırmaq istəmişəm: Sovet Azərbaycanının və sonradan müstəqil Azərbaycan Respublikasının rəhbəri olduğum dövrlərdə həmişə çalışmışam ki, çökməkdə olan nəhəng bir dövlətin dağıntıları altında qalaraq parçalanmayaq. SSRİ-nin müasir tarixindən də göründüyü kimi, bütün mübarizələr böyük bir ərazinin bütövlüyünün qorunması və böyük dövlət statusunun saxlanması üçün aparılıb. Bu ölkə hər dəfə üzərinə düşmüş bütün çətinliklərin, hətta fəlakətlərin öhdəsindən gəlib. Almanların artıq Moskvanın lap yaxınlığına gəlib çatmalarına baxmayaraq, bu dövlətin faşist Almaniyası üzərində olan tarixi qələbəsini yada salmaq, zənnimcə, kifayət edər. Ona görə də siyasi və iqtisadi islahatların həyata keçirilməsi müharibə illərində yaşanılan çətinliklərlə müqayisədə o qədər də təhlükəli deyildi, baxmayaraq ki, o dövrdə belə fikirlər səslənirdi. Həmin dövrdə bu məsələ bizim üçün əsas deyildi. Bizim üçün ən ciddi və başlıca məsələ Dağlıq Qarabağda torpaqlarımızın itirilməsi təhlükəsi idi. Məhz bu faktoru mən həmişə diqqətimdə saxlamışam.

- "Azərbaycan Cənubi Qafqazda sovet qoruğu" ifadəsini işlətmisiniz, bu nə deməkdir?

- Bu o deməkdir ki, o vaxtkı mərkəz neft-qaz ölkəsi sayılan Azərbaycanın ittifaq dövlətinin tərkibində qalması üçün respublikanın "demokratikləşməsi" prosesinin sovet konstitusiyasından irəli gələn qayda-qanunun bərpa edilməsinə doğru yönəldilməsinə etinasız yanaşdı. Burada diqqət çəkən məqam odur ki, belə bir şəraitdə məhz həmin mərkəz Ermənistanda və Gürcüstanda kommunistlərə müxalif olan ictimai-siyasi qüvvələrin hakimiyyətə gəlmələrinə olduqca sakit yanaşdı. Artıq onda ittifaq respublikalarında baş vermiş demokratik proseslərin mahiyyətinə münasibətdə ikili standartların mövcudluğu açıq-aydın göz önündə idi. 90-cı illərin əvvəlində SSRİ-nin hansı bir vəziyyətdə olmasından asılı olmayaraq, Moskva heç kimə Azərbaycanı güzəştə getmək istəmirdi.

- Bir tərəfdən Xalq Cəbhəsini milli qüvvə hesab etmirsiniz, digər tərəfdən də hakimiyyəti milli qüvvələrə verərək, ittifaqın saxlanmasının zəruriliyindən danışırsınız. Bunu necə izah edərdiniz?

- Mən heç vaxt AXC-ni özünü milli qüvvə hesab etməyə hüququ çatan bir təşkilat kimi qəbul etməmişəm. Əks təqdirdə mən gərək özümü və AXC-də təmsil olunmayan cəmiyyətin əksər hissəsini milli qüvvələrdən kənarda hesab edərdim. Özünü cəmiyyətə yeganə siyasi təşkilat kimi təqdim etmək və xalqın adından danışmaq hüququnu mənimsəmək hakimiyyət uğrunda mübarizədə AXC-yə sərfəli idi. Hakimiyyəti "milli qüvvələrə" verməyim haqqında mülahizələrinizə cavab olaraq bildirirəm ki, mən heç kimə heç nə verməmişəm. AXC mənim prezident olduğum dövrün mürəkkəbliyindən, xüsusilə Dağlıq Qarabağ və onun ətrafında yaranmış ağır vəziyyətdən istifadə edərək, dövlət çevrilişi yolu ilə hakimiyyəti əlimdən alaraq mənimsəyib. AXC sözünün mənası elə hakimiyyət uğrunda cəbhə yaratmaq deməkdir. Baxmayaraq ki, həmin dövrdə artıq Qarabağ cəbhəsi var idi. "Milli qüvvələr"in məhz elə bu hərəkətlərini onların 80-ci illərin sonu və 90-cı illərin əvvəlindəki "aktiv"inə yazmaq olar.

İttifaqın saxlanmasının zəruriliyindən danışmağım haqqında sizin mülahizələrinizə cavab olaraq bildirmək istəyirəm ki, sözlərimə bir qədər diqqətlə yanaşmaq lazımdır. Mən SSRİ-nin 70 il ərzində fəaliyyətdə olduğu formada saxlanmasının zəruriliyi haqqında fikir bildirməmişəm. Sadəcə qeyd etmişəm ki, həmin dövrdə iqtisadi əlaqələrin kəsilməsi respublikalar üçün sərfəli deyildi. 1992-ci il və ondan sonrakı illərdə bu əlaqələrin kəsilməsi əhalinin yarıdan çoxunun, bəlkə də əksəriyyətinin işsiz qalmasına səbəb olmuşdu. Bunun nəticəsidir ki, müstəqilliyimizin 20 ili ərzində iki milyondan çox vətəndaşımız özlərinin və qohumlarının yaşayışını təmin etmək məqsədilə hələ də Rusiyada işləmək məcburiyyətindədirlər.
İttifaqın saxlanmasının məqsədəuyğun hesab etməyimizlə əlaqədar keçirdiyimiz ümumittifaq referendumuna gəldikdə bildirmək istəyirəm ki, bu Qarabağ münaqişəsi zonasında qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üçün hərbi əməliyyatların keçirilməsi haqqında M.Qorbaçovun müvafiq göstərişinə nail olmağımız istiqamətində etdiyim siyasi bir gediş idi. 1991-ci il martın 17-də referendum keçirməyə qərar verərkən biz bilirdik ki, Ermənistan və Gürcüstan referendumda iştirakdan imtina etmişlər. Sadəcə olaraq, biz bu vəziyyətdən istifadə etdik.

- Lefortovo həbsxanasının Azərbaycan variantı alınmadı? Belə çıxır ki, Qərb, Amerika bu planı pozdu...

- Bunun nə Qərbə, nə də Amerikaya dəxli var. Azərbaycana qarşı belə bir planın mövcud olub-olmaması haqqında məlumatlı deyiləm. Qorbaçovun yanında keçirilmiş iclasda mənim bu məsələni qaldırmaqda məqsədim, 1990-cı il 20 Yanvar hadisələri zamanı həbs edilmiş şəxslərin Azərbaycana verilməsi haqqında qərarın qəbulunun sürətlənməsinə təsir etmək idi.

- Əgər Rusiya Dağlıq Qarabağ problemini yaratmışdısa, o zaman onun tərkibində qalmağa üstünlük verən hakimiyyətlə birləşmək olarmı?

- Əvvəla iki müxtəlif dövlət quruluşunu - SSRİ ilə Rusiya Federasiyasını qarışıq salmaq olmaz. Dağlıq Qarabağda münaqişə 1988-ci ilin fevralında SSRİ vaxtında başlamışdı. Bu münaqişə təsadüfi yox, Pribaltika və Zaqafqaziya respublikalarında separatist əhval-ruhiyyənin güclənməsinə gətirib çıxaran milliyyətçilik tendensiyalarına qarşı profilaktik tədbir kimi meydana gəlmişdi. Mən söylədiklərimi təsdiq etmək üçün bu haqda artıq danışmışam, lakin yenə də təkrar edirəm. İttifaq mərkəzi Cənubi Qafqaz respublikalarında yaranmış millətlərarası münaqişədən millətləri ittifaq respublikalarına qarşı qoymaq üçün istifadə edirdi. Bu müddəa ittifaq müqaviləsinin 1991-ci ildə Kremldə müzakirəyə çıxarılan bir layihəsində təsdiqini tapmışdı. Layihədə ittifaq respublikalarının və onların ərazilərində yerləşən muxtar qurumların yeniləşmiş İttifaqın eyni vaxtda təsisçiləri olmaları, yəni ittifaq respublikalarının dezinteqrasiyası, onların Amerika ştatlarına bənzər transformasiyası nəzərdə tutulmuşdu. Bu qərar mərkəz tərəfindən ittifaq respublikalarının SSRİ-nin dağılmasına gətirib çıxaran separatçılıq hərəkətlərinə əks tədbir kimi qəbul edilmişdi. Əlbəttə ki, ittifaq respublikalarının rəhbərləri bununla razılaşa bilməzdilər. Nəticədə, yeniləşmiş İttifaq müqaviləsi layihəsində əksini tapan müvafiq paraqraf sənəddən çıxarılmışdı.

Mən qətiyyətlə əminəm ki, ərazilərimizin qorunması üçün istənilən imkandan istifadə edilməlidir. Belə ki, siyasət xüsusi istedad tələb edir. Bizim bəzi primitiv siyasətçilərimiz romantik ideyalarının hətta torpaqlarımızın itirilməsinə gətirib çıxara biləcəyinə baxmayaraq, hələ də bu təfəkkürdə qalmaqlarını üstün tuturlar. Təəccüb doğurur ki, müxalifət romantikləri sovet dövründə torpaqların müdafiəsi uğrunda "Çaykənd" əməliyyatı kimi tanınan təkzibedilməz bir fakt haqqında belə susurlar.
Həmin hadisədən çox keçmədən SSRİ-nin dağılmasını sürətləndirən FVDK (QKÇP) baş verdi. Azərbaycan Ali Soveti ilk olaraq müstəqillik haqqında qərar qəbul etdi. Bu, dövrün tələbi və tarixi bir məqam idi.

- Nazarbayevin sözü olmasın, sizi hara aparırdılar, apardıqları kimi qaytardılar, yoxsa özünüz qayıtdınız? Bəlkə heç qayıtmamısınız, elə orda da qalmısınız?

- Etiraf edim, sizin bu sualı nə səbəbdən verdiyinizi başa düşə bilmirəm. Çünki suala bu yaxınlarda "Bizim Yol" qəzetinə verdiyim müsahibədə ətraflı cavab vermişəm. Bu məgər şifahi incəsənət nümunəsidi? Novo-Oqaryovoya səfərimiz bizim üçün həqiqətən bir sirr idi. Nazarbayevin sözlərini, SSRİ tarixində repressiyalar və güllələnmələr dövrləri olmasına baxmayaraq, əlbəttə ki, zarafat kimi qəbul etmişdik.

- Qorbaçovun belə bir məşhur cümləsi var: "Ölkənin dağılmasına imkan versək, hamımızı asarlar" – kim asacaqdı ki?

- Həmin dövrdə İttifaq mərkəzində Qorbaçovdan narazı insanlar çox idi. Onlar hesab edirdilər ki, Qorbaçov və İttifaq respublikalarının rəhbərləri birlikdə SSRİ-nin dağılması üçün əllərindən gələni ediblər. 1991-ci ilin avqustunda FVDK-nin yaradılması onu göstərdi ki, SSRİ-nin dağılmadığı təqdirdə onu bu hala salmaqda günahkar sayılanların SSRİ Konstitusiyasına uyğun məsuliyyətə cəlb edilməsinə artıq heç bir şübhə qalmır.

- 1992-ci ildən keçən 20 il müddətində özünüzə tənqidi yanaşa bilmisinizmi?


- Mən həmişə, elə indinin özündə də hərəkətlərimə tənqidi yanaşıram. Qeyd etdiyiniz illər ərzində mən bir çox məsələlər barədə ətraflı düşünmüşəm. Əfsuslar olsun ki, normal insana xas olan keyfiyyət – insanlara inam hissləri vaxtilə məni fəda etdi. Axı bütün insanlara qarşı inam hisslərini itirmək ağlabatan şey deyil. Ancaq vaxtilə bizim düşdüyümüz vəziyyətdə həm inanmaq, həm də yoxlamaq lazım idi. Əfsuslar olsun ki, Dağlıq Qarabağda yaşanan kritik vəziyyət mənim daxili işlərlə məşğul olmağıma imkan vermirdi. Xüsusilə o da nəzərə alınmalıdır ki, həmin şəraitdə o vaxtkı müxalifət mənə ciddi cəhdlə maneçilik törədirdi.

Gültəkin Qəhrəmanlı
AzNews.az