“Le Figaro”: “Ollandın soyqırımla bağlı mövqeyindən razıyam”



Ermənistan prezidenti Serj Sarkisyanın Fransanın "Le Figaro" qəzetinə müsahibəsi

-Ermənistan-Fransa münasibətlərini necə qiymətləndirərdiniz?

- Mən Fransa-Ermənistan dostluğunu "bənzərsiz" adlandırardım. Fransa o ölkədir ki, könüllü olaraq erməni soyqırımı zamanı qaçan insanlara sığınacaq verdi. Və bu amil iki ölkə münasibətlərində xüsusi rol oynayır. 2012-ci il hər iki ölkə üçün rəmzi ildir. Bu il biz diplomatik münasibətlərin 20 illiyini qeyd edirik. Bu 20 il müxtəlif hadisələrlə yadda qalıb. Bizim mədəni və ticarət əlaqələrimiz inkişaf edib. Fransa Ermənistana investisiya yatıran 2 ikinci böyük ölkədir. Bizim ölkəmizdə bir çox məşhur fransız markaları fəaliyyət göstərir.

-Erməni soyqırımı haqqında qanun qəbul edilmədi və əsas olaraq da Konstitusiyaya uyğun olmaması göstərildi....

-Ümumiyyətlə, erməni soyqırımı haqında qanunun qəbul edilməsini və Cinayət Məcəlləsinə salınmasını Ermənistan hökuməti tələb etməmişdi. Fransa özü cəmiyyət və hökumət olaraq erməni soyqırımını tanıyıb. Soyqırımın inkar olunması cinayətin davam etməsi deməkdir. Biz hesab edirik ki, soyqırımı müzakirə etmək və sual altına almaq cinayətə görə məsuliyyəti bölüşmək kimi qiymətləndirilməlidir. Mən prezident Ollandın soyqırımla bağlı seçkidən əvvəlki və sonrakı mövqeyindən razıyam. Qabaqcadan qanunla bağlı nə olacağını isə deyə bilmərəm.

- Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Paris görüşü sizin gözləntilərinizə cavab verdimi?

- Bu görüş indiki danışıqlar formatında – münaqişə sülh yolu ilə həll olunmalıdır- prinsipi ilə başladı və bitdi. Eyni zamanda bu görüş münaqişənin həlli ilə bağlı heç bir yeni ümid yaratmadı. Rəsmi Bakı beynəlxalq vasitəçilərin təkliflərini qəbul etmir və hesab edir ki, sülh danışıqları fundamental prinsiplər razılaşdırılmadan başlaya bilər. Sülh danışıqları aydın və hər iki tərəf üçün qəbul edilən prinsiplər üzərində qurulmazsa, davamlı ola bilməz.

- Siz Fransa və Türkiyə arasında münasibətlərə yenidən baxılmasından narahatsınızmı?

- Əlbəttə ki, yox. Bizim siyasətimiz Türkiyəyə zərər vurmaq üçün qurulmayıb, əksinə aydın prinsiplərə əsaslanır. Biz istərdik ki, Türkiyə ilə Fransa və digər Avropa ölkələri arasında əlaqə inkişaf etsin və nəticədə Türkiyə Avropa dəyərlərini qəbul edəcək səviyyəyə çatsın. Onu da deyim ki, Fransa prezidenti onları tarixləri ilə üzləşməyə vadar edə bildi.

Sadiq Musa
AzNews.az