Elxan Şahinoğlu Elxan Şahinoğlu

Uruqvayla hansı dildə danışaq?

Elxan Şahinoğlu



Uruqvay parlamentinin sədri Xorxe Orikonun işğal altındakı Dağlıq Qarabağa səfəri və separatçıların lideri Saakyanla görüşü sıradan bir hadisə deyil. Əlbəttə, Xankəndiyə xarici ölkə vətəndaşlarının və müxtəlif ölkələrin deputatlarının səfərləri əvvəllər də olub. Ancaq parlamentin sədri səviyyəsində işğal altındakı torpaqlarımıza səfərə ilk dəfədir rast gəlirik.

Bu olay cavabsız qalmamalı, buna dərhal reaksiya verilməlidir. Uruqvay parlamentinin spikeri hələ işğal altındakı ərazilərimizdə beynəlxalq hüquqa zidd görüşlərini davam etdirərkən bu ölkəyə nota verilməlidir.

Ötən ay Uruqvay parlamentinin nümayəndələr palatasının xarici əlaqələr komitəsinin sədri Mario Trobo və xeyli uruqvaylı deputat Bakıya gəlmişdilər. Uruqvay nümayəndə heyəti prezident İlham Əliyevlə görüşdə ağız dolusu ikitərəfli əməkdaşlığın inkişafı yollarından danışmışdılar. Uruqvaylılar Bakıda digər yüksək səviyyəli görüşlər də keçirərək əməkdaşlığın inkişafı yollarını müzakirə etməkdən yorulmamışdılar. Ancaq artıq nə bu səfərin, nə də Bakıda deyilən sözlərin əhəmiyyəti qalıb. Komitə sədrini Bakıya göndərirlər, parlamentin sədri isə Xankəndinə yollanır. Spiker komitə sədrindən yüksək vəzifə olduğundan biz birincinin əməlinə görə bu ölkənin siyasətinə qiymət verməliyik.

Görünür, Uruqvay erməni dostluğuna sadiqdir. 1960-cı illərdə "erməni soyqrımını" tanıyan ilk ölkə parlamenti məhz Uruqvay parlamenti olub. Bu siyasətlərini bu gün də davam etdirirlər. Buna baxmayaraq, son zamanlar Cənubi Amerikada fəallaşan Azərbaycan diplomatiyası Uruqvayı da unutmamışdı. Maraqlıdır ki, təxminən bir həftə öncə, bu gün işğal altındakı torpaqlarımıza səfər edən həmin Xorxe Oriko Uruqvayda akkreditə olunmuş səfirimiz Məmməd Əhmədzadəni qəbul etmişdi. Görüşdə Uruqvayla Azərbaycan arasında əlaqələrin inkişafından danışılmış, qarşılıqlı iqtisadi, ticarət və sərmayə imkanları barədə fikir mübadiləsi aparılmışdı.
Xorxe Oriko Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Uruqvaya səfəri zamanı onunla keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, bu səfərin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd etmişdi.

Demək Xorxe Oriko həm nazirimizi, həm də səfirimizi aldadıb. Oriko Məmmədyarovla və səfirmizlə görüşərkən, heç şübhəsiz beynində Qarabağa səfərin planlarını çızırmış. O, hara səfər edəcəyini və bunun Bakıda necə rezonans doğuracağını əvvəlcədən bilməliydi. Belə çıxır ki, Oriko bilərəkdən Azərbaycanla münasibətlərin gərginləşdirilməsi yolunu seçib.

Ən maraqlısı odur ki, Uruqvay parlamentinin sədri səfirimizlə görüşdə Dağlıq Qarabağ münaqişəsindən danışarkən, ölkəsinin münaqişələrin sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həllinin tərəfdar olduğunu bildirib. Bunun qarşlığında da səfir Məmməd Əhmədzadə Uruqvay parlamentinin sədrini Azərbaycana səfərə dəvət etmişdi. Məncə, Orikonun Qarabağa səfərindən sonra onun Bakıya yolu qapanmalıdır.

Biz bu kimi səfərlərə ciddi reaksiya verməsək, bu ölkələrin necə yanlış yolda olduqlarını onlara anlatmasaq, Uruqvay parlamentinin sədrinin Dağlıq Qarabağa səfəri son səfər olmayacaq, başqaları da onun yolunu təkrarlamağa həvəs göstərəcəklər. Bizim vəfizəmiz Qarabağa səfər "həvəsinin" nə ilə nəticələnəcəyini belələrinə anlatmaq və bu işdən onları çəkindirməkdir.