- Köhnə - Siyasət
- 8 İyun 2016 13:48
- 10 449
Əliyevin Berlin səfərində ən mühüm məqamlar - Təhlil + Fotolar
“Azərbaycan prezidentinin Almaniya səfəri ilk növbədə Qarabağ məsələsinin həlli üçün çox əhəmiyyətli idi”.
Bunu AzNews.az-a açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, bu səfər ərəfəsində verilən məlumatlar onu göstərir ki, görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından əhəmiyyətli olub: "Lakin hazırki dövrdə bizim üçün bir neçə istiqamətdə əhəmiyyətli hədəflər mövcuddur ki, dövlət rəhbəri atdığı addımlarda onları həyata keçirmək niyyətindədir. İlk növbədə Almaniya ATƏT-in hazırki sədridir və bölgə problemləri ilə bağlı xüsusi həssas niyyəti mövcuddur. Aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan arasında 4 günlük müharibə zamanı Almaniya xarici işlər nazirinin dilindən bir neçə xüsusi bəyanatlar səsləndirilmişdi. Belə görünürdü ki, Qərb dairələri, xüsusilə Avropa Birliyi Almaniya vasitəsilə bölgənin gələcək həyatında iştirak etməkdə çox maraqlıdır. Bu, əlbəttə ki, bizim mənafelərimizə qətiyyən zidd deyil. Ölkəmiz elə bir xarici siyasət kursu yürüdür ki, burada Avropa ilə təmaslar həmişə öməmli olub. Baxmayaraq ki, Almaniyanın siyasi media dairələri müxtəlif illərdə Azərbaycanı hədəf seçiblər və bizim üzərimizə qarayaxma kampaniyaları aparırlar. Amma reallıq ondan ibarətdir ki, bu dövlət Avropa Birliyinin əsas lokomotividir.

Həm iqtisadi, həm siyasi, həm maliyyə qərarları ölkə vasitəsi ilə verilməkdədir. Bunların Fransa, Britaniya və digər dövlətlər aralarında gedən böyük geosiyasət rəqabətinə baxmayaraq, hazırki dövrdə sovet məkanında əsas dövlətlərdən biri sayılır. Angela Merkel fəal bir şəkildə proseslərə təsir göstərən liderlərdən biridir. Ancaq Almaniya vasitəsi ilə Emənistan özünün müxtəlif məkrli maraqlarına nail olmaq istəyir. Bir tərəfdən ATƏT-in sədrlik missiyasından bölgəyə xüsusi monitorinq cihazlarının gətirilməsi, prosesin bu vasitə ilə beynəlmiləlləşməsi Azərbaycanın hərbi cəhətdən əl- qolunun bağlanması üçün tədbirlərin həyata keçirilməsi məhz bu dövlət üzərindən planlaşdırılır. Bu mənada Azərbaycan prezidentinin Berlinə səfəri həmin məsələlərə daha geniş səviyyədə aydınlıq gətirməyə imkan verdi".

Z.Oruc dövlət başçısının Almaniya səfərinin əhəmiyyətli olduğunu deyib: "Ermənistan Avropaya, Qərbə, NATO-ya yönəlik hansısa müxtəlif addımlar atır ki, guya Rusiyadan qopmaq istəyirlər. Qərb vasitəsilə Azərbaycana təzyiq göstərmək fikrindədirlər. Prezidentin səfəri bütün bu məqamları nəzərə alan bir planlara malikdir".

Millət vəkili qeyd edib ki, Azərbaycanın Avropa Birliyi ilə münasibətlərində bir sıra məsələlərə aydınlıq gətirilməlidir: "Yaxın Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində bizdən tələb olunan məsələlərin reallaşması üçün Qərbin də səyləri var. Hamıya bəllidir ki, yaxın qonşuluq siyasətinin mənası 6 ölkənin - Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycanı Rusiyadan qoparmaq, Rusiya ətrafında Avropanın siyasi kardonunu formalaşdırmaq və nəticədə NATO-nun gəlişini təmin eləməkdir. Bunu peşəkar ekspert olmadan da görmək mümkündür. Lakin riskləri üzərinə götürmək üzərindən Avropa bu yöndə addım atmaq istəmir. Ona görə də Azərbaycanın xarici siyasəti ilə bağlı məsələlərdə Qərb qibtəedici mövqe tutmamalıdır".

Z.Oruc hesab edir ki, Azərbaycan prezidentinin səfər öncəsi saxta erməni soyqrımını tanıyan Almaniya Bundestaqına verdiyi mesajlar dövlətlərarası məsələlərdə çox önəmlidir: "Hər bir ölkənin siyası elitası müxtəlif səbəblərdən öncə ya dostluq, ya da fərqli mesajlar vermiş olur. Azərbaycan Almaniyanın Türkiyə əleyhinə mövqeyini heç zaman qəbul edə bilməz. Çünki bunun içərisində qardaş ölkəni aşağılamaq, onun xarici siyasətini cilovlamaq, Ərdoğanın əl-qolunu bağlamaq, Türkiyə içərisində PKK terror qrupları ilə davanı üzərindən görməzdən gəlmək, Suriyanın 3 milyon yarım əhalisinə sığınacaq verən bir ölkəni əlavə vasitələrlə cəzalandırmaq niyyəti heç vaxt bəraət qazana bilməz və prezident haqlı olaraq burada söylədi ki, müxtəlif siyasi korrupsiya və başqa səbəblərə bağlı olan parlamentarilər icra orqanlarının əlində alət olaraq Bundestaq vasitəsi ilə belə bir qərar verdilər. Əslində isə bu sifariş daha başqa siyasi paytaxtlardan gəlmişdi. Hesab edirəm ki, prezidentin səfərində ən mühüm məqam Türkiyə-Azərbaycan birliyini göstərmək idi".
Bahar RÜSTƏMLİ
AzNews.az