Nalbandyan parlamentdə gizli görüş keçirdi - Qarabağla bağlı

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan prezidentlərin Sankt-Peterburq görüşünün nəticələrini izah etmək üçün erməni parlamentinin beynəlxalq münasibətlər komitəsində qapalı görüş keçirib.


Ermənistanın "Joxovurd" qəzeti iki saatdan artıq sürən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi planın müzakirə edildiyini bildirir. Erməni KİV-lərinin yazdığına görə, Qarabağın Azərbaycanın tərkibinə qaytarılması yox, ona sabit aralıq status verilməsi nəzərdə tutulur. Beləliklə, Putinin planının son mərhələdə Qarabağı Azərbaycandan ayırmaq, yəni Azərbaycanın ərazi bütövlüyünü pozmaq məqsədi daşıdığı iddia edilir.

Düzdür, Edvard Nalbandyan erməni deputatları əmin etməyə çalışıb ki, məsələ ilə bağlı Sankt-Peterburqda heç bir anlaşma əldə edilməyib. Çünki erməni ictimaiyyəti, o cümlədən siyasətçilər işğal edilmiş əraziləri Azərbaycana qaytarmağı qeyri-mümkün sayırlar, onları azad edilmiş ərazilər kimi təqdim edirlər.

Edvard Nalbandyanın bu gün Almaniya xarici işlər naziri Frank Valter Ştanmayer ilə görüşü zamanı keçirilmiş mətbuat konfransınd a təxminən buna oxşar ifadələr işlədib.

Jurnalistlərin suallarını cavablandıran erməni nazir Dağlıq Qarabağ üçün Azərbaycanın tərkibində hər hansı bir statusun müzakirəsini qeyri-mümkün oldğunu bildirib. Nalbandyan hətta ATƏT-in həmsədrlərindən birindən istiqbas gətirərək Azərbaycanı tənqid edib: "Bu gün Azərbaycan, həmsədrlərin birinin dediyi kimi, kəndiri öz tərəfinə çəkməyə cəhd edir, bununla da ictimaiyyətdə rəy yartmaq istəyir ki, bu anlaşmalar onun maraqlarına uyğun gəlir".

Frank Valter Ştanmayerin onun bu sözlərinə heç bir etiraz bildirməməsi ATƏT-in Minsk qrupuna rəhbərlik edən ölkələrin də eyni fikirdə olmasını, yəni Dağlıq Qarabağın gələcəyini Azərbaycandan kənarda görmək istədiyini ehtimal etmək olar. Erməni siyasətçilər isə hətta işğal edilmiş bütün rayonların Azərbaycandan qoparılacağını iddia edirlər.

Millət vəkili, politoloq Rasim Musabəyov müsahibəsində bütün bu cür şərhlərin mənasız olduğunu vurğulayır:

"Danışıqlar münaqişənin mərhələli həlli istiqamətində gedir. İlkin olaraq 5 rayonun azad edilməsindən gedir. Əgər bu məsələ həll olunacaqsa, daha sonra Dağlıq Qarabağın statusu üzrə danışıqlar başlayacaq".

Rasim Musabəyovun fikrincə, Dağlıq Qarabağ üçün hər hansı sabit aralıq statusdan söhbət gedə bilməz: "Status müəyyən edilənə kimi Qarabağda vəziyyət əvvəlki qalacaq. Status müəyyən edilən kimi aralıq status ləğv ediləcək. Yəni hər hansı aralıq statusun sabitləşməsindən söhbət gedə bilməz".

Yəni bütün bunlar Ermənistanın məsələyə məntiqlə yanaşaraq Qaraağ ətrafındakı rayonları boşaltmasından sonra baş verə bilər. Ermənistan isə hələlik bu cür yanaşmadan çox uzaqdır. Buna görə Azərbaycan məsələni qismən hərbi yolla həll etməli və ilkin mərhələdə Ermənistan ordusunu Dağlıq Qarabağ ətrafı rayonlardan çıxarmalıdır. Daha sonra Ermənistanla Dağlıq Qarabaın status barədə danışıqlara başlamaq olar. ATƏT-in həmsədrlərinin bu varianta etirazı ola bilməz. Hər halda, mərhələli həll planına uyğundur. Əks halda, Ermənistanın arzuladığı status- kvo on illər boyunca dəyişməyəcək.


Anspress.com