ACP sədri Rəsul Quliyevə qoyulan qadağalardan danışdı

“Türkiyəyə daxil olmaq 2 nəfərə qadağandır: Rəsul Quliyevə və Özbəkistan müxalifətinin lideri Məhəmməd Salehə”


"Türkiyəyə səfərim şəxsi xarakterli idi. Səhhətimlə bağlı problem var idi, əməliyyat olundum". AzNews.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib. Səfər çərçivəsində bir sıra görüşlər keçirdiyini deyən partiya sədri qeyd edib ki, bir neçə siyasətçi, QHT rəhbəri ilə müəyyən müzakirələr aparıblar: "Bu, qeyri-rəsmi səfər idi. Yəqin ki, yaxın zamanda Türkiyəyə rəsmi səfərimiz olacaq. Bu dəfəki səfərim siyasi xarakterli deyildi".

S.Əkbər bir neçə gün öncə Rəsul Quliyevin Türkiyədə görüşlər keçirməsi ilə bağlı yayılan xəbərləri əsasız adlandırıb: "Rəsul Quliyev Türkiyəyə səfər etməyib. Yayılan xəbərlər həqiqətə uyğun deyil. Rəsul bəylə, demək olar, hər gün əlaqə saxlayırıq. Buna görə də xüsusi görüşməyə ehtiyac yoxdur. Rəsul bəyin Avropaya səfəri planda var. Həmçinin, bu səfər Türkiyəyə də, Rusiyaya da olar. Bilirsiz ki, Türkiyəyə daxil olmağa 2 şəxsə qadağa var: eks-spiker Rəsul Quliyevə və Özbəkistan müxalifətinin lideri Məhəmməd Salehə. Amma Məhəmməd Saleh barəsində bu qərar aradan qaldırılıb. Rəsul Quliyevin Türkiyəyə səfərində isə problem qalır. Yəni, qeyri-rəsmi qadağa var. Bu məsələnin üzərinə gediləcək".

ACP sədri vurğulayıb ki, Rəsul bəy haqqında çıxarılan qərar Azərbaycan hakimiyyəti ilə bağlıdır: "Azərbaycanda isə 2 siyasətçinin sərbəst hərəkətlə bağlı problemi var. Biri Rəsul Quliyev, bir də AXCP sədri Əli Kərimlidir. Buradan görünür ki, hakimiyyət daha çox hansı siyasətçidən çəkinir. Mətbuatda yanlış olaraq yazılır ki, guya 2005-ci ildə Rəsul bəy Azərbaycana özü gəlmək istəməyib. Rəsul Quliyevin Azərbaycana gəlişini hakimiyyət əngəlləyib".

ACP sədri mətbuatda yayılan Rəsul Quliyevlə "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova arasında ortaq yaxınlıq əlaqəsindən də xəbərsiz olduğunu söyləyib: "Məlumatım yoxdu. Rəsul bəyin Kəbirə xanımla tanış olub-olmamasından xəbərsizəm. Düşünmürəm, belə olsun".

İlkin
AzNews.az